Donetskdə Prokurorluq, Təhlükəsizlik Xidməti və milis şöbəsi ələ keçirildi FOTO/VİDEO
Özlərini yerli sakinlər kimi təqdim edən silahlıların rus hərbçiləri olduğu bildirilir
Ukraynanın şərq vilayətlərində ara qarışandan bəri ən gərgin vəziyyət Donetskdə müşahidə olunur. Əvvəlcə “Donetsk Xalq Respublikası”nı elan edən, ardınca “xalq ordusu” yaradan rusiyameylli etirazçılar dünən daha bir qanunsuzluğa yol veriblər.
Slavyanskda silahlı basqın
Separatçılar silahlanaraq vilayətin Slavyansk rayonunda milis şöbəsini ələ keçiriblər. Hücum zamanı 6 nəfər silahlı şəxs əvvəlcə havaya atəş açıb, ardından da şöbəyə basqın edib. Sonradan məlum olub ki, binada 20-yə yaxın silahlı var. Onlar özlərini “Donetsk Xalq Respublikası” Təşəbbüs Qrupunun üzvləri kimi təqdim ediblər. Və binanı orada olan silahlara görə ələ keçirdiklərini bəyan ediblər. Milis şöbəsində 20 avtomat, “Makarov” tipli 400 tapança və çoxlu sayda patron olub. Götürülən silahlar dünən Slavyanskda etiraz aksiyası keçirən separatçılara paylanıb. Mitinqçilər aksiyada “Avropa Birliyi ilə yox, Rusiya ilə birlikdə olmaq istəyirik!” şüarlarını səsləndiriblər.
Avakov: “Bu, etiraz yox, terrordur”
Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib ki, bu, artıq bütün hədləri aşmaqdır: “Bu əməlin cəzası çox sərt olacaq. Etirazçılarla terrorçular arasında mütləq fərq qoyulmalıdır”.
O da məlum olub ki, martın 12-nə keçən gecə 40-dək separatçı Donetsk Prokurorluğuna hücum edib. Prokurorluğun binası səhər saatlarına yaxın, danışıqlardan sonra azad edilib. Faktla bağlı vilayət prokurorluğunda cinayət işi başladılıb.
Milis şöbəsinin ardınca separatçılar Slavyanskda Dövlət Təhlükəsizlik Xidmətinin binasını ələ keçiriblər. Şahidlərin dediyinə görə, hadisə yerinə iki mikroavtobusla naməlum şəxslər gəlib. Onlar binanın pəncərələrinə atəş açmağa başlayıblar. Sonra da içəri daxil olublar. Bu zaman onlar gözyaşardıcı qaz və tüstü qumbaralarından istifadə ediblər. Nəticədə üç milis əməkdaşı qazdan zəhərlənib.
Ukrayna Silahlı Qüvvələrinin keçmiş əməkdaşı, admiral Iqor Kabanenko bəyan edib ki, dünən Slavyanskda sabitliyi pozanlar yerli separatçılar yox, rus hərbçiləridir: “Onlar separatçılara qeyri-sabitliyi genişləndirmək üçün kömək edirlər”.
Slavyansk meri: “Referendum keçirəcəyik”
Slavyanskın meri Nelya Ştepa isə bəyan edib ki, onun rayonunda birmənalı şəkildə referendum keçiriləcək: “Biz istənilən halda referendum keçirəcəyik. Bu gün-sabah bu qərarımızı elan edəcəyik. Insanlar özləri müəyyən etməlidirlər ki, hansı tərəfi seçirlər – Rusiyanı, yoxsa Ukraynanı. Mən başa düşə bilmirəm ki, sadə insasnların səsini niyə eşitmək istəmirlər? Slavyanskda müəssisələrin 92 faizi Rusiya ilə işləyir. Ona görə bizim üçün Rusiya ilə yaxın dostluq, tərəfdaşlıq münasibətlərinin olması vacibdir. Slavyansk Rusiyanı özünün böyük qardaşı hesab edir. Biz heç vaxt Rusiya ilə döyüşməyəcəyik”.
Mer onu da bildirib ki, dünən məlum binaları ələ keçirənlər Kramatorsk, Donetsk və Drujkovkinin yerli sakinləri olub. Onların tələbi vilayətdə referendumun keçirilməsidir: “Mən onların bir çoxunu üzdən tanıdım. Onları başa düşürük. Bütün şəhər küçələrə çıxıb və onları dəstəkləyir”.
Qeyd edək ki, Slavyanskın deputatı Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun oğlu Aleksey Azarovdur. A.Azarovun rusiyameylli mer Nelya Ştepa ilə yaxın münasibətlərdə olduğu bildirilir.
Turçinov təcili müşavirə çağırdı
Donetskdə baş verən son olaylarla bağlı Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov dünən yerli vaxtla saat 21-də təcili müşavirə çağırıb. Müşavirədə Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinin yetkililəri iştirak edib (UNIAN).
Baş nazir Arseni Yatsenyuk isə deyib ki, Ukraynanın federallaşması korrupsiyalaşmış regional başçıların meydana gəlməsinə gətirib çıxaracaq: “Bir çoxları başa düşmürlər ki, federallaşma bir çox ”kiçik Yanukoviçlərin” peyda olması ilə nəticələnəcək. Biz bunu etməyəcəyik”. Baş nazir qeyd edib ki, hökumət artıq mərkəzi orqanların bəzi vəzifələrinin yerli orqanlara verilməsinə başlayıb. Bununla belə, Yatsenyuk vilayət icra hakimiyyətlərinin ləğv olunacağını bildirib.
Rusiya XIN rusdilli əhalinin vəziyyətindən narahatdır
Rusiya Xarici işlər nazirinin müavini Genadi Qatilov Ukraynada rusdilli əhalinin vəziyyətindən narahat olduğunu ifadə edib. Qatilov insan hüquqlarının kobud və kütləvi şəkildə pozulmasına dərhal son qoymağı, əhalinin bütün təbəqələrinin qanuni maraqlarına hörmətlə yanaşaraq demokratik standartlara əsaslanan hüquqi dövlətin yaradılmasına çağırıb: “Rusdilli əhalini gah qeyri-yerli, gah azlıq, gah işğalçı, gah da yadplanetli elan edirlər”.
ABŞ Krımın bir sıra yüksək rütbəli məmuru və “Çernomornefteqaz” şirkətinə qarşı sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə nazirliyinin məlumatında bildirilir. Məlumatda 7 nəfərin “qara siyahıya” düşməsi qeyd edilir. Bunlar Sevastopol şəhərinin meri Aleksey Çalıy, MSK-nın sədri Mixail Malışev, Sevastopol üzrə seçki komissiyasının rəhbəri Valeriy Medvedev, baş nazirin birinci müavini Rustəm Temirqaliyev, Federasiya Şurasının üzvü Sergey Tsekov, Krım Dövlət Şurası spikerinin müşaviri Yuri Jerebtsov və Təhlükəsizlik xidmətinin başçısı Pyotr Zimadır. Bu şəxslərin ABŞ-dakı hesabları dondurulacaq, Amerika vətəndaşlarına isə adıçəkilən şəxslərlə işgüzar əlaqələr qurmaq qadağan edilib.
Daha beş ölkə sanksiyalara qoşuldu
Daha beş ölkə – Islandiya, Albaniya, Norveç, Çernoqoriya və Ukrayna Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulub. Bu barədə Avropa Şurasının rəsmi məlumatında bildirilir. Xatırladaq ki, martın 21-də Avropa Birliyi 12 məmura qarşı sanksiyalar tətbiq edib. Bunlar Rusiya prezidentinin köməkçisi Vladislav Surkov, baş nazirin müavini Dmitriy Roqozin, Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Sergey Narışkin, “Rossiya segodnya” agentliyinin rəhbəri Dmitri Kiselyov, prezidentin müşaviri Sergey Qlazyev, Qara Dəniz donanması komandanının müavinləri Aleksandr Nosatov və Valeriy Kulikov, Krımda silahlı qüvvələrin komandanı Iqor Turçenyuk, Dövlət Dumasının deputatı Yelena Mizulina və Krımda referendumun keçirilməsində məhsul şəxslər Mixail Malışev və Valeri Medvedevdir.
“Krımdan sonra Rusiyanın ATƏT-ə tövsiyə vermək haqqı yoxdur”
ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Daniel Baer bildirib ki, Krımı işğal edəndən sonra Rusiyanın ATƏT-ə hansısa tövsiyələr verməyə haqqı yoxdur: “Krımı özünə birləşdirməklə Rusiya ATƏT-in əsas prinsiplərini pozmuş oldu. Bundan sonra onun təşkilata hansısa tövsiyyələr vermək haqqı yoxdur. Helsinki prinsiplərinə hörmət edən ölkə buna yol verməməli idi. Bu prinsiplər 40 il əvvəl olduğu kimi indi də aktualdır”.
Baer onu da bildirib ki, beynəlxalq sanksiyaların Rusiyaya təsir etmədiyi ilə bağlı ortaya atılan iddialar həqiqəti əks etdirmir. Onun fikrincə, sanksiyaların nə dərəcə təsirli olduğunu Rusiyanın bəzi yüksək vəzifəli şəxslərinin aqressiv bəyanatlarından asanlıqla anlamaq olur: “Rusiyanın aqressiyası daha çox onun gücündən yox, zəifliyindən xəbər verir”.
Bildt: “Avropa Birliyi Ukraynaya böyük həcmdə yardım ayırmalıdır”
Avropa Birliyi Ukraynadakı böhranın aradan qalxması üçün geniş həcmdə yardım ayırmalıdır. Bu təkliflə Isveçin Xarici işlər naziri Karl Bildt çıxış edib: “Dəstək vermişik, bundan sonra da verəcəyik. Bu bizim vəzifəmizdir. Ukrayna iqtisadiyyatı böhran keçirir. Bu ölkəyə böyük yardım lazımdır”.
Namizədlərin reytinqi necədir?
Ukraynada prezident seçkilərinə bir aydan bir qədər çox vaxt qaldığı üçün ölkədə tez-tez namizədlərin reytinqini müəyyən edən sorğular keçirilir. Növbəti belə sorğunun nəticələri dünən açıqlanıb. Ukraynanın “Siyasət Institutu”nun keçirdiyi sorğu zamanı məlum olub ki, hazırda öndə olan namizəd tanınmış tanınmış iş adamı Pyotr Poroşenkodur. Respondentlərin 29,9 faizi məhz onu dəstəkləyib. Sorğuda iştirak edənlərin 10,3 faizi keçmiş baş nazir Yuliya Timoşenkonu, 8,3 faizi namizədliyini Poroşenkonun xeyrinə geri götürən “UDAR” lideri Vitali Kliçkonu, 6,6 faizi Sergey Tigipkonu, 4,4 faizi Oleq Lyaşkonu, 3,9 faizi Mixail Dobkini, 3,7 faizi Pyotr Simonenkonu, 3,1 faizi Olqa Boqomoletsi, 1,9 faizi Oleq Tyaqniboku, 1,3 faizi Svyatoslav Vakarçuku, 1,2 faizi Anatoli Qritsenkonu, 1 faizi Dmitri Yaroşu, 0,6 faizi Inna Boqoslovskayanı, 0,1 faizi Renat Kuzmini, 0,1 faizi də Vasili Kuybidu dəstəkləyir. Respondentlərin 9,8 faizi isə seçkilərdə iştirak etmək fikrində olmadığını bəyan edib(UNIAN).
Gültəkin