Hadisədə günahkar bilinən 9 nəfər saxlanıldı
Hatayın Reyhanlı bölgəsində baş vermiş partlayışlarla bağlı Türkiyəli nazirlər açıqlama verdilər. Baş nazirin köməkçisi Bəşir Atalay, daxili işlər naziri Muammər Gülər, ədalət naziri Sədullah Ərgin, səhiyyə naziri Məhmət Müəzzinoğlu, xarici işlər naziri Əhməd Davudoğlu və baş nazir Rəcəb Tayyib Ərdoğan Reyhanlıda baş vermiş partlayışlara münasibət bildirdilər.
Bəşir Atalay çıxışında bildirib ki, “Həyatını itirənlərin 38-nin kimliyi məlum olub. Bunlardan 35-i Türkiyə, 3-üÿ Suriya vətəndaşıdır. Suriya Təhlükəsizlik orqanlarının, terror örgütüylə əlaqəsinin olduğunu bildirmişdik. Bu ana qədər bu adamlardan 9-u saxlanılıb. Öz ifadələri və etiraflarıyla bunu təsdiqlədilər. Saxlanılanlar hamısı Türkiyə Cümhuriyətnin vətəndaşlarıdı. Olayla bağlı bütün bilgiləri əldə etmişik. Bir neçə nəfər var ki, hələ tutulmayıb, ancaq tezliklə ələ keçəcəklər”.
Daxili işlər naziri Muammər Gülər bildirib ki, “əldə etdiyimiz ilk məlumatlarda, hadisənin Suriya rejiminə yaxın örgütlə, özəlliklə də ”Əl-Muhaberat”la yaxın təmasda olan örgüt tərəfindən həyata keçirildiyi məlum olur. Bu hadisə ilə bağlı 9 nəfər saxlanılıb və içlərindən biri partlayışı planlayan şəxsdir. Hadisənin Suriya müxalifəti ilə heç bir əlaqəsi yoxdur. Patlayış nəticəsində 46 nəfər dünyasını dəyişib, 735 iş yeri və 62 avtomobilə ziyan dəyib. Bunu həyata keçirən adamlarla bağlı əlimizdə dəqiq məlumatlar var, amma bunu indi paylaşmaq istəmirəm”.
Ədalət naziri Sədullah Ərgin bildirib ki, “bu alçaq terroru hazırlayanların bir məqsədi var. O məqsəd də Hataydakı sabitliyi pozmaq və qonaqlarımızla xalqımız arasında gərginlik yaradaraq, sabitliyi pozmaqdı. Partlayışı törədənlərin planlarına xidmət etməmək üçün, lazımsız təbliğatlardan çəkinməliyik”.
Xarici işlər naziri Əhməd Davudoğlu Reyhanlıda baş vermiş hadisəyə münasibət bildirərkən qeyd edib ki, Reyhanlıda baş vermiş olayın arxasında Banyasda qətliam təşkil edənlərin izləri var. “Hadisənin şokundan çıxmamış bəzi çevrələr iki məsələyə köklənib. Birincisi, günahkarlar mültəcilərdir. Bu hadisəni mediadan yaymağa başladılar. Ikincisi isə, müxalif çevrələr olayın failləri üzərində durmaq yerinə, məni və baş naziri hədəf aldılar. Hökumətin Suriya siyasətini müzakirə etməyə başladılar. Türkiyəyə sığınan məsum insanları hədəf göstərmək olmaz. Hadisəni törədənlərlə, Türkiyəyə sığınanları hədəf göstərənlər eyni zehniyyətdir. Təcavüzdən qaçan bir qadına qapınızı bağlaya bilərsinizmi”. Türkiyəyə sığınanlar arasında 30 mindən çox tələbə var. 3 min uşaq yeni doğuldu. Bu adamların hamısı günahkarmış kimi xəbər yayanlar insanlıq günahı işləyir”.
Baş nazir Ərdoğan hadisəylə bağlı açıqlamasında bildirib ki, “biz Türkiyədə yeni bir dönəm başlatdıq. Ancaq bu yeni dönəmi həzm edə bilməyənlər, ölkəmizdəki azadlıq havasının tənəffüs edilməsinə olumlu baxmayanlar, bu cür partlayışlara rəvac verirlər. Indi hüquq mühafizə orqanları bu hadisəninin günahkarlarını üzə çıxarmağa başlayıblar”.
Suriya Türkiyə hökumətinin günahkar olduğunu bildirdi
Suriyanın informasiya naziri Umran Əl Zubi baş vermiş partlayışla bağlı Suriya hökumətinin günahkar olmasını rədd edib. Nazir mətbuat konfransında bildirib: “Suriya belə bir şey etməmişdir ve əsla da edə bilməz. Çünki dəyərlərmiz buna icazə verməz. Belə əsası olmayan ittihamları ortaya atmağa heç kimin haqqı yoxdur. Bu hadisəsdə bir günahkar varsa, o da Türkiyə hökuməti və onun yalnış siyasətidir”.
Türkiyədə baş vermiş partlayışa Iran və ABŞ-da münasibət bildirdi. ABŞ Xarici Işlər Naziri Con Kerri bildirib ki, “Amerika Birləşmiş Ştatları adına, Reyhanlıda meydana gələn qanlı hadisədə hayatını itirən onlarla insanın ailəsinə və yaxınlarına başsağlığı veririk. ABŞ bu xainliklə törədilmiş olayı qınayır və bu hadisənin günahkarlarını üzə çıxarmaq üçün Türkiyə hökumətinin və türk xalqının yanındadır”.
Iran səfirliyi də Reyhanlda baş verən partlayışların “vəhşi bir terror cinayəti” olduğunu bildirib. “Sivil insanları hədəf alan belə bir cinayət dünyanın harasında olursa olsun qınamağa məhkumdur. Terrorizm ilə mücadilə, bütün ölkələrin ortaq vəzifəsidir”.
Ilham Hüseyn