Suriya ilə sərhəd cəhənnəmə döndü; bölgəyə hərbi qüvvə yeridildi; terrorçular müəyyən olundu
Türkiyənin Suriya ilə sərhəddəki Reyhanlı mahalında törədilən terrorla əlaqədar 5 nəfər həbs edilib. Türkiyənin daxili işlər naziri Müəmmər Gülər bildirib ki, terror aktını törədənlərin kimliyi müəyyən edilib.
«RİA Novosti»nin məlumatına görə, terroru törədənlər Suriyadakı rejimin xüsui təyinatlı xidmətinə bağlıdır. Mənbənin məlumatına əsasən, Türkiyənin xüsusi xidmət orqanları partlayışla əlaqədar 5 nəfəri saxlayıb. Onların 3 Suriya vətəndaşıdır (Lent.az).
Baş nazirin müavini Bəşir Atalay isə deyib ki, partlayışı törədənlərin Türkiyə daxilindən olduğunu müəyyənləşdiriblər: “Bu yöndə araşdırmaların böyük bir qismini başa vurmuşuq. Hücumun təşkilatçılarının Suriyadakı rejim tərəfdarı «əl-Mühaberat» qruplaşmasına bağlı olduğu müəyyən edilib. Bu qanlı olayı törədən adamlar da, qrup da bəllidir. Avtomobilin nömrə nişanları da təsbit edilib. Bu mənfur olayın suriyalı qaçqınlar, suriyalı müxalifətlə əlaqəsinin olmaması qətidir».
Bu arada Türkiyə mətbuatı terror nəticəsində dünyasını dəyişənlərin sayının 45-ə çatdığını, 100-dən artıq yaralının olduğunu bildirir.
“Milliyet” qəzeti isə Hataydan olan MHP-çi millət vəkili Şefik Çirkinə istinadla xəbər verir ki, bölgəyə hərbi qüvvə yeridilib. Millət vəkili öyrənən bilib ki, hərbi qüvvə bölgədəki suriyalı qaçqınlara məxsus düşərgəni qorumaq məqsədilə hərəkətə gətirilib.
Baş verən terror olayına ABŞ və NATO-dan reaksiya gəlib.
ABŞ dövlət katibi Con Kerri yaydığı yazılı açıqlamada üzüntülərini və baş verən olayı qınadıqlarını ifadə edərək, Türkiyənin yanında olduqlarını bildirib: “Bu qorxunc xəbər hamımızı dərindən təsirləndirdi. Müttəfiqimiz Türkiyənin yanındayıq”.
ABŞ-ın Türkiyədəki səfirliyi də terror nəticəsində dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına başsağlığı verib, bu ağır günlərdə Türk xalqının və hökumətinin yanında olduqlarını bildirib.
NATO-nun baş katibi Anders Foq Rasmussen də yaydığı yazılı açıqlamada törədilən terroru qınayıb, Türkiyə xalqı və hökuməti ilə həmrəylik nümayiş etdirəcəklərini bildirib və terror qurbanlarının yaxınlarına başsağlığı verib.
***
11.05.2013
Türkiyənin Hatay vilayətinin Reyhanlı mahalındakı bələdiyyə binası yaxınlığında baş vermiş partlayışda ölənlərin sayı 40-a çatıb. 29-u ağır olmaqla 100 nəfər şəxsin yaralı olduğu bildirilir. Partlayışın təsirindən bələdiyyə binasına ciddi ziyan dəyib, bir evin çökməsi nəticəsində çox sayda insan yaralanıb. Küçənin ortasında böyük bir çuxur əmələ gəlib. Bu arada bələdiyyə binasının yanında partlayan avtomobilin qarşısına məftillə bağlandığı ehtimal olunan yanmış bir cəsəd tapılıb. Hadisə yerinə 15 təcili yardım maşını, 2 təyyarə göndərilib.
Bu arada bəlli olub ki, terror 2 avtomobilə yerləşdirilən partlayıcı qurğuların işə salınması ilə baş verib.
Türkiyənin Suriya ilə sərhəd bölgəsində, Hatay vilayətinin Reyhanlı mahalında terror aktı olub. Bələdiyyə binası yaxınlığında baş verən 4 partlayışda 20 nəfərin öldüyü, 46 nəfərin yaralandığı haqda ilkin məlumatlar var.
Partlayış nəticəsində bələdiyyə binası böyük zərər görüb. Ətrafda xeyli sayda ev dağılıb. Partlayışın təsirindən avtomobil yolunda nəhəng çuxur yaranıb. Dağntılar altında qalanların ola biləcəyi ehtimal edilir və axtarışlar aparılır.
Əraziyə təcili tibbi yardım və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanalara aparılıb.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hadisəyə münasibət bildirərkən deyib ki, bu, PKK ilə bağlı başlanan “çözüm sürəcini” həzm edə bilməyənlərin işi ola bilər. Baş nazir Reyhanlının Suriya ilə sərhəddə yerləşdiyini xatırladaraq hadisənin burada gərginliyi artırmaq üçün törədilə biləcəyini də deyib.
Ərdoğan deyib ki, hazırda həm yerli bələdiyyə, həm də təhlükəsizlik və hüquq-mühafizə orqanları partlayışı kimlərin və nə məqsədlə törətdiyini araşdırmaqla məşğuldur.
Türkiyə prezidenti Abdulla Gül də hadisəyə münasibət bildirərək, təxribatlara qarşı ayıq və diqqətli olmağa çağırıb.
Almaniyada rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da terrorla bağlı açıqlama verib. Hadisənin kimlər tərəfindən törədildiyinin tezliklə üzə çıxarılacağı və cinayətkarların cəzalandırılacağına inamını ifadə edən Davudoğlu fikrini belə yekunlaşdırıb: “Heç kim Türkiyənin gücünü sınamasın…”