Rusiya və Azərbaycan hakimiyyətinə yaxın media Nemtsovun ölümündə niyə «çeçen izi» axtarır?
Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsovun qətli ilə bağlı bu ölkənin mətbuatında yeni bir iddia ortaya atılıb. İddiaya görə, Nemtsovun qətlində “çeçen izi” var. Guya, bu qətli Ukrayna tərəfdən separatçılara qarşı döyüşən, İsa Manuyevin rəhbərlik etdiyi “Çeçen batalyonu” həyata keçirib. Məqsəd isə Rusiyanın daxilində çaxnaşma yaratmaqdır. Azərbaycanda bəzi medai orqanlarının tirajladığı bu iddiada azərbaycanlı mühacir polkovnik İsa Sadıqovun da adı hallanıb. Bununla bağlı İsa Sadıqovun rəhbərlik etdiyi NATO-Qafqaz Alyansı bəyanatla çıxış edib. Redaksiyamıza göndərilən bəyanatda deyilir:
“Rusiya siyasi elitasının ən parlaq adamlarından biri olan Boris Nemtsov dövlət terroru olmadığı sübut edilməyən və görünür, heç zaman sübut edilə bilməyəcək bir əməliyyat nəticəsində aradan götürüb. Bütün dünyanın gözü bu qanlı terrorun baş verdiyi andan dərhal sonra Rusiyanın diktator prezidenti Vladimir Putinə dikildi. Yeni dünya düzənində əski KGB üsulu ilə dövlət idarəetməsini həyata keçirən, ölkəsində, bölgədə və dünyada təhlükəli siyasi oyunlar quran Vladimir Putin isə dərhal bu hadisəni öz üzərindən atmaq üçün ağlagəlməz variantlar uydurmağa başladı. Bu terrorda «İslam terroru»nun, «Amerika kəşfiyyatı»nın izlərini axtarmaq o deməkdir ki, istintaqı Vladimir Putinin şəxsi nəzarəti altında elan edilən bu cinayət hadisəsinin üstü heç zaman açılmayacaq.
Bundan başqa, Vladimir Putinin şəxsi nəzrətində olan Rusiya mətbuatı bu terrorda «çeçen izi» və Ukraynanın xüsusi xidmət orqanlarının dəst-xəttini axtarmağa başlayıb.
Rusiya mətbuatı belə bir uydurma versiyanı ortaya atıb ki, bu hadisəni mərhum İsa Munayevin rəhbərliyi ilə Ukraynadakı döyüşlərə qatılan «Cövhər Dudayev adına Çeçen batalyonu»nun döyüşçüləri törədib.
Azərbaycanda İlham Əliyevin nəzarəti altında dərc edilən mətbuat isə daha irəli gedərək Boris Nemtsovun qətlində «Azərbaycan izi»nin olduğunu əlavə edib və müdafiə nazirinin sabiq müavini, NATO-Qafqaz Alyansının prezidenti İsa Sadıqovun adını hallandırıb.
Bu təxribatla əlaqədar olaraq NATO-Qafqaz Alyansı rəsmən bəyan edir.
– Boris Nemtsovun öldürülməsi Rusiyanı mafiya qaydası ilə idarə edənlərin törətdiyi terror aktıdır və şübhəsiz, oradakı siyasi idarəçilik dəyiməyənə qədər bu qətl hadisəsinin üstü açıplmayacaq.
– Mərhum İsa Munayevin rəhbərliyi altında Ukraynada Rusiya işğalçılarına qarşı döyüşən çeçen mücahidləri döyüşçülərdir, onların Rusiyanın paytaxtında rus müxalifətinin önəmli simalarından biri olan Boris Nemtsova güllə atacaqları ən ağlagəlməz və uydurma variantlardan biridir.
– Bütün əlamətlər onu göstərir ki, Ukrayna slahlı qüvvələri, eləcə də Ukrayna xüsusi xidmət orqanları müdafiə xarakterli döyüş əməliyyatları aparırlar və onlar nəinki Rusiyanın paytaxtında, hətta döyüşlrin getdiyi ərazilərdə belə irimiqyaslı döyüş əməliyyatları aparmırlar. Elan edildiyinə görə, bu taktika ona görə seçilib ki, onlar Rusiyanın bölgəyə yaxın ərazilərində çoxlu sayda Rusiya qoşunlarının çəmləşdirildiyini bildiklərindən Rusiyaya geniş miqyaslı hərbi əməliyyatlar üçün bəhanə vermək istəmirlər.
– Boris Nemtsov Ukrayna və dünya demokratiyasının ən qiymətli insanlarından biri idi və məhz, buna görə də onu yalnız dünya demokratiyasının düşməni olan tərəf məhv etməkdə israrlı ola bilərdi. Onun qətlində «çeçen izi» ola bilər. Amma bu iz yalnız Şimali Qafqazda Vladimir Putinin nəzarəti altında mövcud olan «çeçn izi» ola bilər.
– Azərbaycandakı irticanın maliyyələşdirdiyi mətbuat bilməlidir ki, polkovnik İsa Sadıqov heç zaman İsa Munayevin təşkil və rəhbərlik etdiyi batalyonun qərargah rəisi olmamışdır, o, sadəcə olaraq, belə bir təklif almışdır, lakin bir çox səbəblərə görə həmin batalyonun nə təşkil edilməsində, nə də sonrakı fəaliyyətlərində iştirak etməmişdir.
– İsa Sadıqov Ukraynada müharibənin alovlandığı ilk mərhələdə orada olmuş, Ukraynanın rəsmi şəxsləri ilə aşkar görüşlər keçirmiş, hərbi birləşmələrin və aqressiyaya qarşı müqavimətin təşkil edilməsi ilə bağlı fikir mübadiləsi aparmışdır. Amma bu, çoxdan olmuşdur və ən azı son 6 ay ərzində polkovnik İsa Sadıqov Ukraynada olmamışdır.
– Polkovnik İsa Sadıqov hal-hazırda Norveç vətəndaşıdır, Azərbaycanda ona qarşı qaldırılan cinayət işi saxtadır, gülünc ittihamlardan ibarətdir və onun haqqında heç bir axtarış elan edilə bilməzdi: buna görə də Azərbaycan hökuməti onun haqqında axtarışı yalnız özünün virtual dünyasında elan edə bilər.
– NATO-Qafqaz Alyansı polkovnik İsa Sadıqovun adının Boris Nemtsova qarşı terror aktında hallanmasını Azərbaycanın avtoritar hakimiyyətinin qulluğunda dayanan media-təbliğat cəbbəxanasının gülünc uydurması sayır.
– NATO- Qafqaz Alyansı belə hesab edir ki, Azərbaycanın avtoritar hakimiyyətinin və onun qulluğunda dayanan mediya vasitələrinin Putinin reputasiyasını təmizləməklə məşğul olması təsadüfi deyil, çünki onlar demokratiyaya qarşı inzibati terrorun eyni üsullarından sitifadə etməklə eyni cəbhədə dayanırlar”.
azadliq.info