20-30 faizlik inflyasiya proqnozu bankda pul saxlayanları narahat edir
Məhəmməd Talıblı: «Əmanətlərin faiz dərəcələrinin yüksəldilməsində məqsəd itmiş inamın bərpa olunmasıdır»
2015-ci il fevral ayının 24-dən etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 9 faizdən 12 faizə qaldırılıb. Dəyişiklikdən sonra üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunmayan əmanət hesab ediləcək.
Yəni göstərilən tarixə qədər 10, 11 və 12 faizlə cəlb edilən əmanətlər qorunan hesab edilmirdisə, 24 fevral 2015-ci il tarixindən göstərilən faiz dərəcələri ilə qəbul edilmiş əmanətlər qorunan sayılır. Əmanətlərin Sığortalanması Fondu tərəfindən belə bir qərar ilk dəfədir qəbul olunur. Əslində manatın devalvasiyasından sonra baş verən bu dəyişiklik təsadüfi xarakter daşımır.
Qeyd edək ki, əmanətlərin faiz dərəcələrinin vergiyə cəlb edilməsi barədə qəbul olunan qanundan sonra depozitlərin bahalaşması prosesi hiss olunurdu.
Devalvasiya banklarda olan əmanətlərin geri çəkilməsi prosesini başladıb. Belə düşünülür ki, müştəri itirməmək üçün faiz dərəcəsi 9-dan 12-yə qaldırıldı. Əslində əmanətlərin faiz dərəcələrindən verginin tutulması bankları əmanətçiləri verilən faizləri artırmağa məcbur etmişdi. Bu zaman isə sığortalanmayan əmanətlərin həcmi kəskin şəkildə artırmışdı. Ona görə bankların tam çökməməsi üçün belə bir qərar qəbul olundu.
Əksər ekspertlərin fikrincə, artıq bundan sonra bahalı əmanət qəbul edən banklar xərclərini ödəmək üçün kredit faizlərini artıracaqlar (“Bizim Yol”). Ekspertə görə, digər bir məqam sığortalanmayan əmanətlərin həcminin artmasıdır. Ekspertlər hesab edir ki, banklar müştəri cəlb etmək üçün əmanət faizlərini çox artırdı. Hətta bəzi depozitlər üzrə 14,5 faiz də təklif edən banklar var. Bu o deməkdir ki, qısa müddət ərzində sığortalanmayan əmanətlərin həcmi bir qədər də artacaq. Ötən ilə qədər bunun bir problemi yox idi. Amma indiki situasiyada böyük bankların belə müflis olmaq təhlükəsi yaranıb. Nəticədə ən böyük zərər sığortalanmayan əmanətlərə dəyəcək.
Digər tərəfdən, 20-30 faizlik inflyasiya proqnozu bankda pul saxlayanları narahat edir. Çünki bank əmanətçilərinə təqdim olunan 12 faizlik paket onları yaxşı halda 8, ən pis halda isə 18 faizlik ziyana salır. Ona görə vətəndaşlar əmanətlərini geri çəkərək ondan daha səmərəli vasitələrlə istifadə etməyi düşünürlər.
Iqtisadçı Məhəmməd Talıblı da hesab edir ki, əmanətlərin faiz dərəcələrinin yüksəldilməsində məqsəd banka marağın artması və itmiş inamın bərpa olunmasıdır. Çünki həm manatın devalvasiyası, həm də əmanətlərin faiz dərəcəsindən tutulan mövqe bu inamı ciddi sarsıdıb. Bu inamın qaytarılması məqsədi ilə bu cür addımlardan istifadə olunur.
Ekspertə görə, faizin artırılmasında ikinci səbəb, əmanətlərin faiz dərəcələrinin yüksəlməsi hesabına banklarda kapitallaşma səviyyəsinin yüksəldilməsinə xidmət etməkdir.
Xəyal