Göyçay rayon məhkəməsi cümə axşamı hüquq müdafiəçisi Taleh Xasməmmədovu 3 ay müddətinə həbs edib. Bu barədə Turan-a hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.
Xasməmmədova qarşı CM-in 221.2-ci maddəsi ilə (xuliqanlıq, təkrarən törədildikdə) ittiham irəli sürülüb. Müdafiə tərəfi məhkəmənin bu həbs qətimkan qərarı seçilməsi haqqında qərarından şikayət vermək niyyətindədir.
Məhkəmə binasının ətrafına gücləndirilmiş polis mühafizəsi cəlb edilib. Bu zaman rayon polis rəisi hüquq müdafiəçisinin məhkəmə zalına daxil olmaq istəyən anasını kobud şəkildə itələyib.
Etiraz əlaməti olaraq təqsirləndirilən şəxsin qardaşı qollarını kəsib.
Məhkəmə iclasından sonra polis məhkəmə qarşısında toplaşmış onlarca yerli fəalı dağıdıb.
Bu arada, yerli fəallar iki gün əvvəl Xasməmmədova qarşı təxribat törətmiş şəxsin kimliyini müəyyən etməyə müvəffəq olublar. Bu, polislə sıx əməkdaşlıq edən Zair Əzizovdur. İndiyədək o, 10 işdə şahid olub. Bundan başqa, saxlanıldığı gün o, Xasməmmədovun getdiyi kafedə görülüb. Bu, Əzizovun səhərdən Xasməmmədovu təqib etdiyini ehtimal etmək üçün əsas verir.
Bundan başqa, hadisə yerində rayon polis rəisinin müavini və DİN-in iki çevik polis alayı var idi.