«Martın 2-nə prezidentin qəbuluna yazılmışıq, görək nə olur…»
Prezident Administrasiyası önündə dəfələrlə etiraz aksiyası keçirən, üzləşdikləri problemlərin həlli üçün bütün aidiyyəti dövlət strukturlarına müraciət edən dəmiryolçuların dərdinə əlac edən hələ də yoxdur. Şikayətçilər deyir ki, hər yerdən əlləri üzüləndən sonra məhkəməyə müraciət ediblər. Amma məhkəmə də “Azərbaycan Dəmir Yolları” QSC-nin, qurumun “Sərnişindaşıma” Istehsalat Birliyinin rəisi Elyar Muradovun əleyhinə olan iddianı təmin etməyib.
Dəmiryolçular “Azadlıq”a açıqlamalarında bildiriblər ki, Nəsimi rayon məhkəməsinin əhəmiyyət verib araşdırmadığı faktları Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Cəfərov dəqiqliyilə yoxlayıb: “Bu hakim bütün sənədlərlə tanış oldu və bu işə qanunvericilk səviyyəsində, yerli-yerində baxılmasını vacib saydı. Lakin Dəmiryol Idarəsi Ali Məhkəməyə kassasiya şikayəti verdi və məhkəmə də bütün adamların taleyinə, problemlərinə etinasız, soyuq yanaşdı. Fevralın 16-da olan məhkəmədə bizə qarşı çox haqsızlıq etdilər. Lakin biz dayanmamışıq. Martın 2-nə prezident Ilham Əliyevin qəbuluna yazılmışıq. Görək nə olur…”
Sosial şöbə