Eyni münasibət ölkə rəhbərliyinə göstərilsə…
Karikatura janrı rəssamlığın ən maraqlı növlərindəndir. Ümumiyyətlə, karikatura sətiraltı məna ifadə edən, reallıqları çılpaq göstərən incəsəntdir. Azərbaycanda da bu janrda yazıb-yaradanlar var. Karikaturanı daha çox “dostluq şarjı” adlandırırlar. Hətta, AXC hakimiyyəti dövründə eks-prezident Əbülfəz Elçibəyin də karikaturaları çəkilirdi və həmin dövrün mətbuat səhifələrində də bunu görmək olar.
Təbii ki, karikatura vasitəsilə reallıqları tənqid etmək yolu da seçilir və qərəzsiz tənqidin bu formada ifadəsi də müsbət qarşılanır. Bütün bunları yazmaqda məqsədimiz, Azərbaycan hakimiyyətinin bu sahədə də cılızlığa imza atdığını göstərmək cəhdirir. Belə ki, hakimiyyətin sözçüsü rolunu oynayan “Səs”, “Yeni Azərbaycan” və bu qəbildən olan digər qəzetlərin səhifələrində müxalif düşərgədə təmsil olunanların karikaturası verilir. Təbii ki, bu karikaturalarda nə dosluq şarjından, nə də tənqiddən söhbət gedə bilər. Bəli, hakimiyyət iyrənc mübarizə metodları sırasına rəqiblərini təhqir etməyi də salıb. Guya, müxalifət liderlərinin fotolarını eybəcər formalarda təqdim etməklə, onları arqumentsiz, haqsız duruma düşürürlər. Hansıki, belə addımlar hakimiyyətin hansı mənəvi dəyərlərlə yükləndiyini təsdiqləyir. Təsəvvür edək ki, eyni münasibəti müxalifət mətbuatı hakim ailə və nazirlər səviyyəsində sərgiləyir. O zaman nə baş verəcəkdi?
Mətbuat Şurası müxalifət mətbuatına qarşı müharibə elan edəcəkdi, “peşə etikası”, “jurnalist əxlaqı” kimi ifadələr meydan sulayacaqdı.
Bəzi rejimoloqlar isə tribuna taparaq bu qəzetlərin fəaliyyətinin dayandırılmasını, cərimələnməsini tələb edəcəkdi. Hətta, çəkilmiş karikaturaların mentalitetə zidd olduğu, bu qəzetlərin səviyyəsizliyi haqqında palaz-palaz məqalələr yazılacaqdı. Indiki halda isə hamı susur və tamaşaçı qismində çıxış edir. Çünki, təhqir olunan hakimiyyət yox, müxalifətdir.
Bu həm də onun sübutudur ki, bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də təhqir, söyüş və səviyyəsizlik halları hakimiyyətin imzası ilə baş verir.
Təbii ki, hakimiyyət düşərgəsinə eyni “silah”larla atəş açmaq mümkündür. Həm də daha dəqiq və ağrıdıcı.
Görəsən, “Azadlıq” qəzeti hakimiyyətin başında oturanları eyni formada təqdim etsə, qarşı tərəfin münasibəti necə olacaq? Cavabınızdan çox şey asılıdır cənablar.
Akif