“Nida” Vətəndaş Hərəkatının üzvü, məhkum Şahin Novruzlunun atası İbrahim Novruzlunun yas mərasiminə buraxılmaması ilə bağlı tanınmış vəkil Aslan İsmayılov facebook səhifəsində fikirlərini bölüşüb. A.İsmayılovun yazdıqlarını diqqətinizə çatdırırıq:
“Son bir ildə ətrafda elə şeylər gördüm ki, “NİDA”çı gənc Şahin Novruzlunun atası İbrahim kişinin rəhmətə getməsi xəbərini sakit qarşıladım. Qarabağ qazisinin fəryad qoparıb, haqqını rahatca həzmdən keçirən deputat Səttar Mehbalıyevin kontorunun (Həmkarlar İttifaqı) qarşısında özünü yandırmasına olan biganəlikdən, cəzasızlıqdan sonra çox hadisələri sakit qarşılamağa başladım. Vicdan borcumu yerinə yetirim deyə evlərinə yollandım. Həyətdə ancaq gənclər idi. Onlar da sakit dayanıb söhbət edirdilər. Tural Abbaslıdan İbrahim kişinin yaşını soruşdum. Məndən 4 yaş kiçik imiş. Mən isə onu özümdən yaşlı sayırdım. Onunla “NİDA”çıların məhkəməsində bir neçə dəfə qısa söhbətim olmuşdu. Zahirən çox sakit görünsə də mənə verdiyi suallardan içində hansı hissləri keçirdiyi görünürdü. “Narahat olmayın, bir neçə aya buraxarlar” deyə təsəlli vermək istəyirdim. Hüzr həyətində gənclərlə hansı mövzuda danışmaq istəsəm də alınmadı. Onların içindəki qisasçılıq hissi sanki mənə də keçməyə başladı. Sakitcə çıxıb şəhəri gəzməyə başladım. Baş verən hadisələri, onların törədəcək fəsadlarını fikirləşdikcə məni vahimə basırdı. Axı bu ölkə hamımızındır, biz sayca elə də böyük millət deyilik, demək olar ki, hamı bir-birini tanıyır. Doğrudanmı bu haqsızlıqları edənlər cavab verəcəklərini düşünmürlər?! İlk növbədə bu gənclər haqqında hökm çıxaran hakimlər gözümün önünə gəldi. Yəqin bu xəbəri eşidəcəklər, İbrahim kişi də gözlərinin önündə canlanacaq, ola bilsin yuxularına da girdi. Kim desə ki, “heç veclərinə də deyil” inanmıram! Onların əksəriyyəti şəkər xəstəsidir və bu heç də yağ, bal yeməkdən əmələ gəlməyib. Məhz bu cür haqsızlıqlarının, gecə yatmamışdan əvvəl, saf çürük etməklərinin, gələcəkdə onları hansı faciələrin yaxalayacağını düşündüklərindən xəstəliklərə tutulublar. Hamımız nələrəsə inanmasaq da hamımız Allaha inanırıq (Nobel mükafatçılarından gəncliyində çoxu ateist olub, ancaq mükafat almışlardan Allaha inanmayanı yoxdur). Axı Allah bəndə deyil yerə enib barmaq soxub göz çıxarda. Haqsızlıqlara görə kimlərin hansı bəlaları çəkdiklərini görürsünüz və yenə nəticə çıxarmırsınız. Doğrudanmı düşünürsünüz ki, bu vəzifələr, var dövlət daimidir. Axı qızının “ay ata, bu mülklər bizimdirmi” sualına, atanın “yox bala, dövran bizimdir” cavabını hamınız bilirsiniz. Niyə həm özünüzü, həm də ətrafınızı bədbəxt edirsiniz? Yaxşı, bizlər cəhənnəmə, heç olmasa özünüzü düşünün. Göstərişə yox deyə bilmirsiniz, çıxın işdən heç olmasa vəkillik edin. Bir balaca savadı olan hüquqşünas heç vaxt pis yaşamaz. Heç sizdə özünü qoruma instinktidəmi yoxdur? Axı bu instinkt heyvanlarda da var.
Penitensiar xidmət məlumat yayıb ki, Şahin Novruzlu atasının yas yerində iştirak etmək istədiyi barədə ərizə ilə müraciət yazmayıb. Əgər doğru deyirsinizsə, onda siz insan deyilsiniz, çünki bir uşağın ərizə yazmasını gözləməyib özünüz hər şeyi təşkil etməliydiniz ki, heç olmasa Allah qarşısında bir xeyirxah iş görəydiniz! Yox yalan deyirsinizsə, onda utanmırsınızmı? Heç olmasa susardınız! Axı belə bir ölkədə milyard yarımlıq Avropa olimpiadası kimə lazımdır?
P.S İbrahim KİŞİ, Uca Allahdan Sizə rəhmət, diri olan ölülərə isə ağıl diləyirəm”.