Rafiq Daşdəmirli həbsdəki oğlunun taleyindən narahatdır
AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin həbs edilmiş oğlu Sənan Daşdəmirlinin səhhətində ciddi problem yaranıb. Sənan Daşdəmirli göz ağrılarından və düz bağırsağındakı problemdən əziyyət çəkir. Onun ürək ağrıları da baş qaldırıb.
Rafiq Daşdəmirli azadliq.info-ya bildirib ki, Kürdəxanı təcridxanasında oğluna həkim yalnız ağrıkəsici iynələr vurmaqla kifayətlənə bilir. Onun isə ciddi tibbi müdaxiləyə, hətta cərrahi əməliyyata ehtiyacı var. Təcridxanada Sənana edilən tibbi yardım onun səhhətinin pisləşməsinin qarşısını almaq imkanında deyil.
Rafiq Daşdəmirli bildirib ki, ötən gün oğlu düz bağırsaqdakı yarası üzündən qanaxma keçirib. Buna görə vəziyyəti daha da pisləşib. Təcridxana həkimləri qanaxmanın qarşısını almaq üçün müəyyən tədbirlər görüblər. Amma Sənanı müalicə müəssisəsinə köçürməyə ehtiyac var.
Rafiq Daşdəmirli oğlunun taleyindən narahatdır və müvafiq dövlət qurumlarından onun sağlıq durumuna diqqətlə yanaşmalarını istəyir.