“Gömrükçülər üçün nəhs il 2014-dən başlayıb”…
Yanvarın 30-da Dövlət Gömrük Komitəsində gömrük əməkdaşlarının peşə bayramı keçirilib. Lakin gömrükçülər bu dəfə bayram ovqatında görünməyiblər. Səbəb isə geçikdirilən qeyri-rəsmi əmək haqlarının hətta peşə bayramı günündə də verilməməsidir.
Adının açıqlanmasını istəməyən yerli gömrük idarəsinin əməkdaşının qəzetimizə bildirdiyinə görə, artıq üç həftədir ki, gömrük işçilərinə qeyri-rəsmi əmək haqları verilmir. Adətən “konvert”lərdə təqdim edilən bu maaşların ləğv edildiyi söylənilir. Bundan ən çox əziyyət çəkən isə sıravi işçilərdir. Çünki gömrük strukturlarında elə işçilər var ki, onların rəsmi əmək haqları hətta “yaşayış minimumu” məbləğindədir.
“Gömrükçülər üçün nəhs il əslində 2014-cü ildən başlayıb” – deyən mənbə, ötən ilin yayında baş verən “heroin qalmaqalı”na işarə edib. Onun sözlərinə görə, bu hadisə gömrük sistemində bir müddət əsəbilik və gərginlik yaradıb, hətta gömrükçülər “fövqəladə iş rejimi”ndə çalışmalı olublar.
Xatırladaq ki, bəzi büdcə təşkilatlarında qeyri-rəsmi əmək haqlarının ləğv edilməsi haqda xəbərlər artıq qəzetimizdə və digər mətbu orqanlarda verilib. Bu məsələ ilə bağlı müraciət etdiyimiz ekspertlərin sözlərinə görə, indiki neft böhranı şəraitində bəzi büdcə təşkilatlarında verilən “konvert”lərin ləğvi təbiidir. Belə bir hal 2008-ci ilin dünya maliyyə böhranı zamanında da yaşanmışdı. Həmin vaxtlar da Gömrük Komitəsi, Vergilər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi kimi təşkilatlarda “konvert”lər bir müddət ya ləğv edilmiş, ya da onların məbləğləri yarıyadak azaldılmışdı.
Ekspertlər təsdiqləyir ki, həqiqətən də sözügedən orqanlarda 150-200 manat arasında əmək haqqı alan işçilər var. Vergi yükündən azad olmaq üçün minimum məbləğdə saxlanılan bu rəsmi maaşlar uzun illərdir ki, “konvert”lərlə kompensasiya edilib. Lakin bu praktika işçilərin sosial hüquqlarının pozulması ilə müşayiət olunur ki, onun fəsadlarını həmin işçilər təqaüdə çıxan zaman hiss edəcəklər…
Müraciət etdiyimiz ekspertlərdən biri məlum “heroin qalmaqalı”na da münasibət bildirib. Nə qədər qeyri-ciddi səslənsə də, onun məlumatına görə, 2014-cü ilin iyulunda Azərbaycandan keçməklə Gürcüstana daxil olan və bu ölkənin Daxili İşlər Nazirliyinin əməliyyatı nəticəsində saxlanılan heroin partiyası Azərbaycan tərəfinin diqqətindən gömrükçülərin qeyri-peşəkarlığı nəticəsində yayınıbmış. Belə ki, “əfqan” mənşəli, 2 ton 790 kiloqram maye halında olan heroini ən müasir texniki avadanlıqlara malik Azərbaycan gömrükçüləri müəyyən edə bilməyiblərmiş.
“Bu hadisə həqiqətən də Azərbaycan hökumətinin, xüsusilə də Gömrük Komitəsinin imicinə böyük zərbə olub”, – deyən ekspertin sözlərinə görə, hətta gömrük sistemini faktiki öz nəzarətində saxlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərov da bundan bərk qəzəblənib. Çünki istər hakimiyyət, istərsə də Dövlət Gömrük Komitəsi aidiyyəti beynəlxalq təşkilatların qarşısında hər zaman narkotik qaçaqmalçılığına qarşı yüksək səviyyədə mübarizə aparması ilə öyünüb. Hətta qaçaqmalçılıqla mübarizə sahəsində Azərbaycan təcrübəsinin bəzi ölkələr tərəfindən öyrənildiyi də qürurla bildirilib.
Lakin bu rüsvayçı olaya baxmayaraq, hökumət hələ də Azərbaycanın region və MDB ölkələri arasında dövlət sərhəd buraxılış məntəqələrində “yüksək keyfiyyətli gömrük nəzarətinin həyata keçirilməsi üçün müasir avadanlıqları tətbiq edən ilk və yeganə ölkə” olduğunu nümayişkaranə şəkildə bildirir.
Qeyd edək ki, “heroin qalmaqalı” ilə əlaqədar Azərbaycan hökumətinin hələ də rəsmi açıqlaması yoxdur. Bu hadisənin qeyri-peşəkarlıq nəticəsində baş verib-vermədiyi mübahisə doğura bilər. Ancaq maraqlıdır ki, hadisədən üç ay sonra BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsinə kimyəvi maddələrin müəyyən edilməsində istifadə olunan iki ədəd avadanlıq təqdim edilib. Bu avadanlıqlardan biri Bakı Baş Gömrük İdarəsində, biri isə İranla sərhəddə yerləşən Astara Gömrük İdarəsində istismara verilib. “Hazmat” adlı bu avadanlıqlar naməlum kimyəvi maddələrin tərkibini yerindəcə müəyyənləşdirməyə imkan yaradır.
Məlumatlara görə, üç ton heroin Azərbaycana məhz Astara Gömrük İdarəsinin “Astara” gömrük sərhəd-keçid məntəqəsindən daxil olub. Ümumiyyətlə isə həmin yük Türkiyə, İran və Azərbaycan sərhədlərini keçdikdən sonra Gürcüstanda saxlanılıb.
İqtisadiyyat şöbəsi