İlham Əliyev məcburi köçürmələrə daha münasibət bildirmir…
Azərbaycanda 2014-cü ilin ən yaddaqalan hadisələrindən biri də Bakının məşhur “Sovetski” ərazisindən sakinlərin məcburi köçürülməsinə start verilməsi və buna etiraz olaraq keçirilən aksiyalar oldu.
Faktiki köhnə Bakının tarixdən silinməsi, əhalisinin isə deportasiyası olan bu hadisəyə dövlət başçısının indiyədək münasibət bildirməməsi bir sıra suallar doğurur… Ya prezident Ilham Əliyev özünəxas “əyilməzlik” xarakterini nümayiş etdirir, ya da sakinlərin mülkiyyət və yaşamaq hüququnun aşkar pozulduğunu görüb susmağı üstün bilir.
Görünür, prezident bu ağrılı məsələyə rəsmən toxunmaqla problemin daha da aktuallaşacağından çəkinir. Hər halda, Nazirlər Kabinetinin istər ötənilki iclaslarında, istərsə də bu il 2014-cü ilin yekunları ilə bağlı toplantısında Ilham Əliyevin nəinki “Sovetski”, ümumiyyətlə, məcburi köçürmələrə münasibət bildirməməsi belə düşünməyə əsas verir.
Indiyədək prezidentin “Sovetski” məsələsilə bağlı mövqeyini sakinlərə yalnız rəsmilər çatdırıb. Ilk etiraz aksiyasından iki gün sonra sakinlərlə görüşən məmurlar bildirmişdilər ki, dövlət başçısı məsələ ilə əlaqədar məlumatlandırılıb və onlara kimsənin zorla köçürülməməsini tapşırıb.
Bununla belə, əhali prezidentin problemlə şəxsən maraqlanacağına ümid etsə də, sonda dövlət başçısının etinasız rəftarından sarsılıb, aldadıldığına əmin oldu… “Sovetski”də bütün evlərin məcburən hasara alınması verilən vədlərin aranı sakitləşdirməkdən başqa bir şey olmadığını göstərdi. Ərazidə başlanan söküntü işlərinin təhlükəli hal alması, plansız və qaba tərzdə aparılması könüllü-könülsüz hamını köçməyə vadar etdi.
Xatırladaq ki, prezident Ilham Əliyev məcburi köçürmələrlə bağlı münasibətini sonuncu dəfə Nazirlər Kabinetinin 18 iyul 2013-cü il tarixli iclasında bildirib. Bundan öncə isə həmin məsələ ilə əlaqədar hökumətin 16 aprel 2012-ci il tarixli iclasında danışıb.
Maraqlıdır ki, 2012-ci ilin birinci rübünün yekunlarına dair iclasda Bakıda məcburi köçürülən insanların evlərinin hər kvadratmetrinə görə 1500 manat vəsait ödənildiyini və kompensasiya alanların mütləq əksəriyyətinin bu məbləğdən razı qaldığını söyləyən dövlət başçısı, 2013-cü ilin birinci yarısının yekunları ilə bağlı iclasda isə konkret məbləğ söyləmədən verilən kompensasiyaların bazar qiymətindən təxminən iki dəfə çox olduğunu iddia edib.
Beləliklə, Nazirlər Kabinetinin növbəti 6 iclasında (hər təqvim rübündən sonra) prezidentin məcburi köçürmələrə bir daha münasibət bildirməməsi, əslində hakimiyyətin problemin üstündən keçməsindən xəbər verir. Axı, vətəndaşların mütləq əksəriyyəti 1500 manat kompensasiyadan razıdırsa, o zaman “Sovetski”də həmin məbləğə görə 3 dəfə etiraz aksiyası niyə keçirildi? Halbuki ilk etiraz aksiyasından sonra kompensasiyanın məbləği ilə bağlı vətəndaşların təkliflərinə hökumətin (oxu: prezidentin) baxacağı bildirilsə də, sonda həmin təkliflər rədd edildi. Bir sözlə, hakimiyyət bütün işlərdə olduğu kimi, bu məsələdə də xalqın qarşısında geri çəkilməyi özünə sığışdırmadı.
Əhalinin kompensasiyadan razı qaldığını və ya onun məbləğinin bazar qiymətindən artıq olduğunu iddia etmək gülüncdür. Bunu müəyyən etmək üçün konkret “Sovetski”dəki ev elanlarına nəzər salmaq yetərlidir. Burada insanlara bir qayda olaraq Bakının kəndlərində ev və ya torpaq sahəsi təlkif olunur. Çünki, hökumətin verdiyi kompensasiya ilə sakinlərin mütləq əksəriyyəti nəinki yaşadıqları ərazidə, heç mikrorayonlarda da mənzil ala bilməzlər. Bazar qiymətinə qalsa, 2Sovetski” ərazisindəki yeni yaşayış binalarında mənzillərin hər kvadratmetri kompensasiyanın məbləğindən azı 2 dəfə çoxdur.
Bu arada onu da xatırladaq ki, 2015-ci ilin ilk ayında da hakimiyyət məcburi köçürmələrlə bağlı qərar verib. Bu dəfə Avropa Olimpiya Oyunları ilə əlaqədar Bakının Ziya Bünyadov prospektindəki üç yaşayış binası söküləcək. Həmin evlərin hər kvadratmetri üçün isə 1020 manat kompensasiya nəzərdə tutulub.
Şövkət Məmməd