Bu ölkədə insanlar dərd-sərin içində elə itib-batıblar ki, bir problemdən on dəfə yazırsan, yenə ortalığa nəsə çıxarmaq olmur. Bəzən o problemin həllinə məsul olan dövlət qurumları, cavabdeh idarələr və rəsmi şəxslər də o dərəcədə dirəniş göstərirlər ki, əlini yelləyib kənara çəkilmək istəyirsən. Amma ümidini bir yazıya, bir qəzetin harayına bağlamış çarəsiz insanları xatırlayıb geri dönürsən yenə. Dözüm göstərməyə, inadkarlıq etməyə, hay-küy salmağa borclu sayırsan özünü. Məmləkətdə kimsə kimsənin kitabını oxumur, amma bu, bizim də insafsız, kitabsız adamlardan nümunə götürüb onlar kimi olmağımıza əsas verməlidir anlamına gəlməz…
Keçən dəfə qəzetimiz “serebral iflic” xəstəliyindən əziyyət çəkən 35 yaşlı Sabirə Daşdəmirovanın müraciətini yaymışdı. Bu xəstəliyə uşaq yaşlarından düçar olan Sabirə 12 yaşında kompleks müalicə nəticəsində yeriməyə başlayıb. Amma sonralar ailənin maddi durumu imkan vermədiyindən, müalicə də yarımçıq qalıb. Hazırda gününü yataqda keçirən gənc qızın kompleks müalicə alaraq, yenidən addımlamaq şansı var. Amma necə? Hökumətin verdiyi qəpik-quruşla, yoxsa yaşlı valideynlərinin təqaüdü ilə?
İki gün əvvəl Sabirənin anası Nəzakət xanımın xahişi ilə onların yaşadıqları evə baş çəkdik. Rəsulzadə qəsəbəsində dəmiryol qatarlarının keçdiyi yolun altında gecəqondu kimi tikilmiş soyuq evdə qarşıladılar bizi. “Serebral iflic”dən əziyyət çəkən bir xəstə üçün belə yerdə yaşamağın nə demək olduğunu təsəvvürünüzə gətirin. İki bapbalaca otağa sığınmış üç nəfərlik ailənin burada necə yaylayıb-qışladığını demək çətindir. Evdə istilik sistemi olmadığından, elə kurtkalı-plaşlı oturub Nəzakət xanımla söhbətləşdik. On illərdir övladının bu xəstəliyi ilə çarpışan ana özünü vurmadığı od-alov qalmayıb. Sabirə müxtəlif vaxtlarda dəfələrlə kompleks müalicə alıb və bunun müsbət nəticəsi özünü göstərib. Sonuncu dəfə o, sponsor yardımı ilə iki il əvvəl Türkiyədə müalicə alıb və addımlamağa başlayıb. Lakin sonrakı kurslar üçün maddi imkan olmadığından, yenə müalicə yarımçıq qalıb. Nəzakət xanımın sözlərinə görə, Türkiyədə bir kompleks müalicə təxminən 12 min dollara başa gəlir və ailə öz gücü ilə bu vəsaiti heç yerdən tapmaq imkanına malik deyil. Üstəlik, davamlı ehtiyaclar üzündən üç ayrı banka ümumilikdə 5 min manat kredit borcu var.
Nəzakət xanım ixtisasca ingilis dili müəllimidir. Amma övladının xəstəliyi üzündən cəmi bir neçə il çalışa bilib. Həyat yoldaşı Sabir müəllim professorudur, uzun illər Xarici Dillər Universitetində işləyib. Bu günə qədər hökumət səviyyəsində Sabirəyə nə yardım göstərildiyi barədə soruşuram. İki il bundan əvvələ qədər o, birinci qrup əlil kimi 67 manat təqaüd alırmış. Son illər həmin məbləğ artımla 127 manata çatıb. Bundan başqa, bir dəfə də Səhiyyə Nazirliyi xəstənin xaricdə müalicəsi üçün 800 manat yardım göstərib. Yalnız bu qədər…
Bizim bu ailəyə, Sabirənin bundan sonrakı həyat şəraitinin yaxşılaşmasına, müalicəsinə yardım edə biləcək bir yolumuz var-onun səsini məlum ünvanlara çatdırmaq. Sabirə əlillik durumu ən ağır dərəcədə olan insanlarımızdandır. Amma onun da bu ölkənin hər bir vətəndaşı kimi, dövlət tərəfindən himayə olunmaq hüququ var. Səlahiyyətli qurumlar heç olmasa, bircə dəfə onun həyat şəraiti ilə maraqlansınlar. Axı onun yerində hər birimizin, elə o məmurlardan birinin övladı da ola bilərdi. Biz evdən ayrılınca, Sabirə də, anası da onun müalicəsi üçün ümidlərini kəsmədiklərini deyirlər. Nəzakət xanım Türkiyədə daha bir müalicə kursu keçmək üçün imkanlı insanlardan dəstək istəyir. Biz onların haraylarını buradan hər kəsə çatdırırıq. Artıq mərhəmət göstərmək və yardımçı olmaq istəyi hər kəsin öz insafına!
P.S. Yaşadığımız bu zəngin ölkədə fiziki cəhətdən qüsurlu və çarəsiz insanların belə taleyin ümidinə buraxılması heç bir ədalət kitabına sığmır. Cənablar, bilirəm, başınız pul-paraya bərk qarışıb. Amma bu ölkə tək sizdən ibarət deyil axı, bəlkə arada bir bu insanlarımızı da düşünməyə vaxt tapasınız! Məmləkətdə nə qədər Sabirələr var, bilirsiniz?
(Biz dəstək olmaq istəyənlər üçün Sabirə Daşdəmirovanın əlaqə telefonlarını da bura əlavə edirik: 412 09 87(ev), mob. 051 470 55 98.
Onunla FB səhifəsi vasitəsilə də əlaqə saxlayıb, dəstəyinizi ifadə edə bilərsiniz.)
Səadət Cahangir
Türkel Azərtürk