Neft sektorunda vergilərlə bağlı azalma 502 milyon manat təşkil edəcək. Azalma Dövlət Neft Şirkəti üzrə 325 milyon manat, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti üzrə isə 177 milyon manat olacaq.
Neft sektorundan vergi gəlirləri azalsa da, büdcədə neft sektorunun payı artacaq. Gələn il dövlət büdcəsinin gəlirləri üzrə 5,7 faiz və ya 1,054 milyard manat artım proqnozlaşdırılır.
Gəlirlər Neft Fondunun transfertlərinin 1 milyard manatdan çox artımı hesabına baş verəcək. Nəticədə Fondun transfertlərinin büdcədə payı 50 faizdən 53,5 faizə yüksələcək, Vergilər Nazirliyinin payı 38,6 faizdən 36,5 faizə enəcək.
Neftin qiymətinin getdikcə aşağı düşməsi fonunda bunun gəlirlərə nə dərəcədə təsir göstərəcəyi cəmiyyəti maraqlandıran məsələlərdəndir. Neft ölkəsi olaraq, təbii ki, bu məsələ hər bir vətəndaşın maraqlarına toxunur.
Iqtisadçı-ekspert Qubad Ibadoğlu deyir ki, son iki ayda neftin qiyməti təxminən 25 faiz ucuzlaşıb. Səviyyə bu cür qalarsa, gündə 10 milyon, ayda 300 milyon dollar vəsait itiriləcək: “Proqnozlar özünü doğruldarsa, yəni neftin qiyməti 60 dollara kimi düşərsə, onda Azərbaycanın itkiləri proqnozlaşdırılan 110 dollarla müqayisədə 6,6 milyard dollar olacaq”.
Ekspert qeyd edir ki, ümumiyyətlə, hər barel qiymətin 1 dollar ucuzlaşması il ərzində təxminən 140-150 milyon dollar vəsaitin itirilməsi deməkdir. Rusiyada isə bu rəqəm 2 milyard civarındadır.
Nigar