“Özünə hörmət edən bir nazir məsələn, Hacı Məmmədov olayından sonra istefa verib gedərdi”
Oktyabrın 29-da Nəsimi rayon məhkəməsində Milli Şuranın üzvü, tanınmış ziyalı Eldəniz Quliyevə qarşı növbəti məhkəmə prosesi keçirilib. Prosesi izləmək üçün Milli Şuranın sədri Cəmil Həsənli, qurumun Koordinasiya Mərkəzinin üzvlərindən AXCP sədri Əli Kərimli, istiqlalçı deputat İbrahim İbrahimli, hüquqşünas Namizəd Səfərov, AXCP rəhbərliyinə daxil olan şəxslər və partiya fəalları məhkəməyə gəliblər.
Prosesdə əvvəlcə Eldəniz bəyin vəkili Elçin Sadıqov çıxış edib.
Vəkil bildirib ki, bu, dırnaqarası məhkəmədir. Çünki təhqir olunduğunu iddia edən xüsusi ittihamçı, daxili işlər naziri Ramil Usubov məhkəmə müddətində heç bir sübut təqdim etməyib və məhkəmə qarşısına çıxaraq iddiasını əsaslandırmayıb.
Vəkil deyib ki, bu iddia ifadə azadlığına cəza sanksiyasıdır. Azərbaycan Avropa konvensiyasını qoşulub və Avropa Məhkəməsi konkret belə hallara görə Azərbaycan dövlətini iki dəfə cəzalandırıb. Jurnalistlər Eynulla Fətullayevin və Yaşar Ağazadənin işləri üzrə. Bu işdə də ifadə azadlığı təqib olunur. İşdə nazirin şərəf və ləyaqətinin, polisin nüfuzunun aşağılanmasına yönəlik heç bir hal mövcud deyil. İttiham olunan şəxs ifadələrini heç bir mətbuat orqanında çap etdirməyib, sadəcə facebook səhifəsində ümumiləşdirilmiş formada paylaşıb. Orada heç kim hədəfə alınmayıb. İfadələr tənqidi olub. Ola bilsin ki, tənqid sərt üslubda ifadə edilib. Bütün hallarda bu, polisin nöqsanlarını göstərmək, islaha yönəltmək məqsədi daşıyıb. Burada təhqirdən söhbət gedə bilməz.
Daha sonra Eldəniz Quliyev çıxış edib. O bildirib ki, məhkəmə əvvəldən perspektivsiz olub. “Başa düşə bilmirəm, Ramil Usubov bütün polislərin şərəf və ləyaqətinin keşikçisi rolunda necə çıxış edə bilir? Əgər doğrudan da özünü bu rolda görürsə, cinayət başında yaxalanan, çirkab içində olan polislərin də məsuliyyətini daşıyırmı? Şərəf və ləyaqətinə sığışdırırmı bu halları? Özünə hörmət edən bir nazir məsələn, Hacı Məmmədov olayından sonra istefa verib gedərdi. Bu hal polisin nüfuzu haqqında aydın təsəvvür yaratmırmı? Mən polisin nüfuzunu aşağılamaqda ittiham olunuram. Məgər bundan da aşağı nüfuz var?”, – deyə Eldəniz Quliyev bildirib.
Proses oktyabrın 30-u, saat 11:00-a qədər təxirə salınıb. Həmin prosesdə hökm oxunacağı gözlənilir.
azadliq.info