“İrəvan centlmen razılaşması əsasında güzəştə gedilib”
Tarixçi alim, Milli Məclisin üzvü Yaqub Mahmudov rəsmi dövlət qəzeti “Azərbaycan”da İrəvan problemini qaldırıb. O yazır ki, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib. Alim Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmasını, həmin qərarın qüvvədən salınmasını, Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququnun bərpa olunmasını təklif edir.
Tarixçi alim, müxalif Milli Şuranın Cəmil Həsənli “Media forum” saytına deyib ki, Batum müqaviləsində İrəvanın güzəştə gedilməsi və ermənilərin hər hansı öhdəlik götürməsi ilə bağlı razılaşma əksini tapmayıb: “İrəvan erməni Milli Şurası ilə Azərbaycan Milli Şurası arasında centlmen razılaşması əsasında verilib. 1918-ci ildə erməni cümhuriyyəti yaratmaq üçün paytaxt olmadığına görə Azərbaycan Milli Şurası İrəvanı güzəştə gedib. Bunun müqabilində erməni Milli Şurası Yelizavetpol quberniyasının dağlıq hissəsinə, indiki Dağlıq Qarabağa olan iddialarından imtina haqda öhdəlik götürüb. Batum müqaviləsində həmin razılaşmanı özündə ehtiva edən hər hansı bir maddə yoxdur.
Bu razılaşmadan sonra çox şey dəyişib. Boş-boş işlərlə məşğul olmaq əvəzinə Azərbaycanın qanuni, beynəlxalq birliyin tanıdığı ərazilərini azad etmək lazımdır. Biz yüz faiz özümüzə məxsus olan torpaqları azad edə bilmirik, 96 il əvvəl baş vermiş hadisələrdə kriminal axtarmağa başlamışıq. 1918-ci ildəki centlmen razılaşması bu gün beynəlxalq hüquqa söykənərək addım atmağımıza imkan vermir”.