Onlar su probleminin həllini istəyir
Zaqatala rayonunun Mamrux kənd sakinləri «Azadlıq»a müraciət edərək üzləşdikləri problemdən çıxış yolu istəyib. Bir qrup kənd sakininin imzası olan müraciətdə deyilir:
«İqlimin dəyişilməsi və 2014-cü ilin həddən artıq quraqlı keçməsi nəticəsində Zaqatala rayonunun Mamrux kəndi ərazisində su problemi yaranıb. Prezident İlham Əliyevin tapşırığıyla regionlarda su probleminin aradan qaldırılması üçün artezian quyuları bölgüsü aparılıb. Bu bölgüdə də Zaqatala rayonunda 160 artezian quyusunun qazılması nəzərdə tutulub. Rayon icra hakimiyyəti də bu bölgüdən dördünün Mamrux kənd bələdiyyəsi ərazisində qazılmasına sərəncam verib. Bələdiyyə sədri Məhərrəm Həsənov isə heç kimlə məsləhət etmədən quyunun qızı Lətifə İsmayılovanın evinin yanında qazılmasını müəyyənləşdirib. Biz onun nəzərinə çatdırdıq ki, artezian quyusunun qazılması üçün göstərilən yer həmin ərazidə yaşayanlar üçün münasib deyil. Lakin bələdiyyə sədri bizi eşitmədi və öz bildiyini elədi.
Bu barədə rayon icra rəhbərliyinə müraciət etsək də nəticəsi olmayıb. Məcburiyyət qarşısında qalaraq dövlət başçısına müraciət etmişik. Xahiş edirik ki, bizim qanuni tələblərimizi araşdıraraq lazımi köməklik göstərəsiniz».
Sosial şöbə