Məzahir Məhərrəmov: «Bütün sənədlərimiz qaydasındadır, ancaq deyirlər ki, qeydiyyatdan keçirə bilmərik»
“Ilahiyyat” məscidi Azərbaycanda camaatın sayına görə, ən böyük məsciddir. Cümə günü burada 10 min adam namaz qılır. Bizdə məzhəb ayrı-seçkiliyi yoxdur. Bütün məzhəbin nümayəndələrinə biz qucaq açırıq. Hamı bir nəfər kimi gəlib öz ibadətini eləyə bilər”, – bunu “Ilahiyyat” məscidinin imamının köməkçisi Məzahir Məhərrəmov Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının fikirlərinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, Mübariz Qurbanlı “Ilahiyyat” məscidinin qanunsuz fəaliyyət göstərdiyinə dair fikirlər səsləndirib. O bildirib ki, Qafqaz Müsəlmanları Idarəsilə Dini Komitə arasında əldə olunmuş razılığa əsasən, bu məsciddə icma yaratmaq nəzərdə tutulub: “Həmin icma vasitəsi ilə məsciddə nizam-intizam yaratmaq istəyirik”.
Məzahir Məhərrəmov “Azadlıq”a açıqlamasında onu da bildirib ki, uzun müddətdir ki, “Ilahiyyat” məscidinin qeydiyyatına imkan vermirlər: “Ilahiyyat” məscidi qeydiyyatdan keçməyib, Daha doğrusu, keçirə bilməmişik. Elə bir qurum yoxdur ki, ora müraciət etməyək. Fövqəladə Hallar Nazirliyindən tutmuş, Mübariz müəllimin rəhbərlik etdiyi komitəyə qədər hər yerə müraciət etmişik. Bütün sənədlərimiz də qaydasındadır, bir dənə də əskikliyimiz yoxdur. Ancaq deyirlər ki, qeydiyyatdan keçirə bilmərik. Niyə? Bu suala isə cavab vermirlər. Mübariz müəllim də bundan çıxış edərək deyir ki, “Ilahiyyat” məscidi qanunsuz fəaliyyət göstərir. Başqa bir səbəb bilmirəm”.
Ramin