Xırdalanda partlayan binanın sakinləri çadırlara köçürülüb.
Sakinlərin aznews.az-a verdiyi məlumata görə, onlar üçün Xırdalan şəhərində açıq ərazidə böyük bir çadır şəhərciyi salınıb. Dünən sözügedən binada yaşayan 30 ailə həmin çadır şəhərciyinə köçürülüb.
Sakinlər deyirlər ki, həmin ərazidə yaşamaq insan həyatı üçün çox təhlükəlidir: “Bizi bura yerləşdirdilər, çöldə qalmadıq, sağ olsunlar. Amma burada yaşamaq mümkün deyil. Toz-torpaq, isti, üstəlik qorxulu həşəratlar. Dünən axşam bir neçə çadıra ilan girmişdi, hamı həyəcandan ölürdü”.
Qeyd edək ki, sentyabrın 8-də Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən məcburi köçkünlərin binasında dəhşətli partlayış baş verib. Hadisə nəticəsində 9 nəfər yaralanıb, 3 nəfər isə həyatını itirib. Bina qəzalı vəziyyətdə olduğu üçün sakinləri köçürülüb.