Nemət Əliyev: «Azərbaycan strateji seçimini edərək, Avropaya inteqrasiya xəttini tutmalıdır»
Qərb Rusiyaya qarşı sanksiyalarını daha da gücləndirməkdədir. Rusiyaya qarşı tətbiq olunan bu dəfəki sanksiyalar həm əhatə dairəsinə, həm də təsirinə görə əvvəlkilərdən fərqlənir. Rusiyanın məhz bu sanksiyaların nəticəsində ciddi itkilərə məruz qalacağı şübhəsizdir. Amma Rusiyanın sıx iqtisadi əlaqədə olduğu dövlətlər də bu sanksiyalardan sarsıla bilər. Rusiyada xeyli sayda soydaşımızın yaşadığını və onların ailələrinin hər ay Azərbaycana göndərdiyi vəsaitlər hesabına dolandığı nəzərə alınarsa Qərbin son addımı Azəbaycana da təsirsiz ötüşməyəcək.
Hələ İran dünyaya inteqrasiyadan kənarda qalsa da, ona qarşı tətbiq olunan beynəlxalq sanksiyalardan böyük əziyyət çəkirdi. Belə olan halda sanksiyaların Rusiyaya hansı təsir göstərəcəyini söyləmək çətin deyil.
Bəs Rusiyanın üzləşdiyi durum nəzərə alınarsa Azərbaycanı baş verənlərdən çıxış edərək nə gözləyir?
İqtisadçı Nemət Əliyev bildirdi ki, Rusiya ilə Ukrayna arasında baş verənlər Azərbaycana təsir ötüşmür. Ona görə Azərbaycanın dünyanın aparıcı ölkələri kimi özünün strateji seçimini etməli olduğunu düşünən N.Əliyev vurğuladı ki, hazırda iki milyondan artıq azərbaycanlı Rusiyada yaşayır və onların Azərbaycandakı bir çox ailələrin büdcəsinin formalaşmasında rolu var: «Rusiyaya təsir göstərəcək sanksiya bu baxımdan Azərbaycandan yan keçməyəcək. Ona görə Azərbaycan dünyanın bütün ölkələri kimi strateji seçimini etməlidir. Baş verənlərinin fonunda Rusiyadakı hadisələrin Azərbaycana təsir edəcəyini proqnozlaşdırmaq mümkündür. Hazırda bu proses gedir. Bu ilin 5 aylıq yekunlarına görə MDB ölkələri ilə Azərbaycan arasındakı ticarət əlaqələrində 50.6 faizlik azalma vardır. İxracın səviyyəsində də azalma var. Ona görə orada baş verənlərin Azərbaycana təsiri yoxdur demək yanlışdır».
Azərbaycanın özünün istehsal etdiklərini əsasən Avropa ölkələrinə ixrac etdiyini deyən N.Əliyev vurğuladı ki, Rusiya ilə ticarət əlaqələri bir o qədər geniş deyil: «Dünyada istehsal olunan məhsulun 40 faizi ABŞ ilə Avropa ölkələrinin payına düşür. Rusiyanın bu göstərici də payı 3 faiz təşkil edir. Rusiya dünyanın iqtisadi gücləri qarşısında acizdir. Hərbi faktora görə də Rusiya Qərbdən geri qalır. Dünya üzrə hərbiyə ayrılan ümumi vəsaitin 44 faizi ABŞ-ın payına düşür. On yeddi faiz isə Fransa, Almaniya və Avropanın iri dövlətlərinin payına düşür. Rusiyanın payı isə bu göstəricidə 13 faizdir. Siyasi baxımdan da Rusiya Ukraynada yürütdüyü siyasətə görə dünyada təcrid olunmuş vəziyyətdədir. Normal ölkələrdən heç biri Rusiyanı müdafiə etmir. Belə olan halda inkişaf Avropanın, ABŞ-ın xeyrinədirsə Azərbaycan nə deyib Rusiyanın yanında yer almalıdır».
Avropa Yenidənqurma və İnkişaf Bankının son hesabatını xatırladan N.Əliyev vurğuladı ki, bank Rusiyada bu il iqtisadi artımın 4 faiz olacağını proqnozlaşdırıb. Bu isə sanksiyaların öz təsirini göstərməsinə bir işarədir: «Azərbaycana mənfi təsirlər özünü göstərəcəkdir. Belə bir zamanda bir var Rusiyanın yanında yer alaraq, dünyanın 70 faizinin inteqrasiya olunduğu ölkələrdən zərbələr alasan. Biri də var strateji seçimini edirsən və Azərbaycan iqtisadiyyatının kökləndiyi ölkələrlə əlaqələrini daha da inkişaf etdirirsən».
Xəyal