«İcazə verdiyiniz 4 binanın tikintisini dayandırın!»
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakıdakı bəzi çoxmərtəbəli binaların qanunsuz tikintisinə etiraz əlaməti olaraq Bakı Şəhər Icra Hakimiyyətinə müraciət edib. Bu barədə “modern.az”a Komitədən məlumat daxil olub.
Məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı meriyasına müraciət edərək bildirib ki, tikintisinə yeni başlanılmış bir sıra obyektlərin tikinti layihələrinin tərkibi mövcud norma və standartların tələblərinə cavab vermir. Həmçinin həmin obyektlərin ərazidə yerləşdirilməsi şəhərsalma baxımından əsaslandırılmayıb. Amma bununla belə, tikinti layihələri şəhər memarlıq xidməti tərəfindən razılaşdırılıb.
Məktubda aşağıdakı tikililərdən bəhs olunur:
1. Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215 ünvanda inşa olunan 16 mərtəbəli (mansardlı) yaşayış binası;
2. Xətai rayonu, Gəncə prospekti 2942″q” məhəllədə inşa olunan 16 mərtəbəli yaşayış evi;
3. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Nazim Ismayılov küçəsi 15 ünvanda inşa olunan 10 mərtəbəli (mansardlı)ÿyaşayış binası;
4. Nəsimi rayonu, 1-ci mikrorayon, 3004-cü məhəllədə inşa olunan çoxmərtəbəli yaşayış binası.
Komitə göstərilən obyektlərin layihələrində müvafiq dəyişikliklərin aparılmasını və yaxud bu obyektlərdə tikinti işlərinin müvafiq qaydada dayandırılmasını xahiş edib.ÿ
Eyni zamanda, layihəçilərə (“Kon-Lay Procect” MMC, “AS-KO”MMC, “AYAN-A” Yaradıcılıq Istehsalat MMC, “Feniks-AA” MMC) xəbərdarlıq edilib ki, bir daha şəhərsalma reqlamentinin pozulması ilə sifarişçinin arzusuna uyğun olaraq, tikinti obyekti layihələndiriləcəyi təqdirdə onların lisenziyası müvafiq qaydada dayandırılacaq.
Komitədən bildirilib ki, bu xəbərdarlıq zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5-ci maddəsi əsas götürülüb.