Fərhad Məmmədovun xatirəsinə
Bu yazı şərəfli və dolğun bir ömür yaşayan, hələ diriykən Volqa sahillərində özünə yüzlərlə, minlərlə abidə ucaldan insanın ölümdən sonrakı acısından yazılan bir hekayətdir. Bilirəm, bu acı, atanın vəsiyyətinin yerinə yetirilməməsi, onun daşıdığı dinin adətləri ilə dəfn edilməməsi kiməsə çox kiçik görünə bilər.
“Əməliyyatdan bir müddət əvvəl Bakıya getmişdik. Ata-anasının qəbrini ziyarət etdi. Göz yaşlarını boğa bilmədi. Tezliklə yanınıza gələcəyəm,- dedi. Kuybışevdən əvvəllər gəldiyim kimi, bir günlük, bir aylıq yox, həmişəlik. Bunları vətəndaş nikahı ilə yaşayadığı Sveta adlı qadın söyləyir. ”Elə bil ürəyinə dammışdı, Valideynləri ilə xeyli söhbət etdi… Canlı adam kimi… Elə bil onu eşidirdilər, sual verirdilər, halını soruşurdular. Sonda sifətini isladan göz yaşlarını silmədən, “Nə bilim ay ana, Allah qismət eləsə”…
Eləmədi… Ata-anası ilə bir torpaqda yatmaq qismətinə yazılmadı.
Yediyi çörəyin halallığı üçün…
O, çoxuşaqlı ailədə doğulmuşdu. Özünü tanıyandan yediyi çörək halal olsun deyə anasının, atasının köməkçisi olmuşdu. Orta məktəbdə oxumuşdu. Politexnik institutun inşaat bölməsini qurtarmışdı. 1978-ci ilin avqustunda təyinat yerinə, Kuybışev şəhərinə gəlmişdi. Burda nə tanışı, nə də qohumu vardı. Sonradan müsahibələrinin birində deyəcəkdi: “Çoxuşaqlı ailədə böyümüş gənc hansı pulla Rusiya şəhərlərinə səyahət çıxa bilərdi? Bizi əlimizdən gələndən daha çox iş görürdük, hər kəsin təzə ayyaqqabısı, paltarı olsun. Əslində çətinliklərdən keçməyin, onun ağrılarını, sevincini yaşamağın özü də bir məktəbdir”.
Bu gün onun haqqında keçmiş zamanda danışmağa, yazmağa məcburam. Ofislərinin birində keçirilən vida mərasimində iştirak edənlərin baxışlarında bir heyfslənmə işartısı gördüm. Həqiqətən, 1978-ci ildən üzü bəri bu şəhərdə külüng çalmışdı. Sözün əsl mənasında hər inşaatçıya bir şəhərdə bu qədər avtoqrafını yazmaq qismət olmur. Bir də ona kimin necə münasibət bəsləməsinin də artıq əhəmiyyəti yoxdur… Belə etsəydi, başqa çür olardı deyənlər isə bilmirdilər ki, bununla kimə başsağlığı verirlər, özlərinə, yoxsa dünyasını dəyişən Fərhad Məmmədova? Ilk əvvəl hamını bir sual düşündürürdü: harada dəfn edəcəklər: Samarada, yoxsa Azərbaycana aparacaqlar? Vida mərasimindən bir qədər əvvəl hər şey məlum idi. Oğlanları atalarını uzaq Azərbaycanda dəfn etməyin qəti əleyhinəydilər. Əmiləri, bibiləri sakitcə bu qərarı qəbul etdilər. Amma atası əməliyyatdan əvvəl Azərbaycanda dəfn olunmaq istəyini gizlətməmişdi? “Başıma bir iş gəlsə, məni doğma yurdda dəfn edin”! Onun bu istəyini oğlanları gözündə qoydular. Üstəlik bəyan etdilər ki, atamızı harada dəfn etmək ailəmizin işidir! Bəs özünün istəyi, bunu kimsə yada salıb oğlanlarından cavab istədimi?
Özünün harada dəfn olunmağı barədə vəsiyyəti olub-olmadığını vida mərasimində heç kim dilinə gətirmədi. Yaxınları, qohumları ilə bu mövzuda söhbəti olub-olmadığından da xəbərsizəm. Çünki vida mərasiminə gəlmiş həmyerlilərimizdən bir çoxu yanıqlı dillə “bizlərlə, qohum əqrabaları ilə həmişə masafə saxladı, düşüncələrindən, istəklərindən də xəbərsiz olduq”- deyirdilər.
Amma özü 30 il əvvəl atası Ağamusa kişi Kuybışevdə, klinik xəstəxanada dünyasını dəyişəndə fikirləşmədən Azərbaycana aparmışdı. Indi oğulları qonaq kimi gedib-gəldikləri ölkədə atalarını dəfn etmək istəmirdilər…
Vaxtsız ölümün pəncərəsi…
Vaxtsız ölümün pəncərəsindən nə göründüyünü dilə gətirməyə ehtiyac duymuram… Çünki bu pəncərədən daha çox yaşasaydı, daha böyük işlər görərdi deyənləri də qınamıram. Vaxtsız ölümün pəncərəsindən qəmli bir dünya, qohum, dost yanğısının göz yaşlı yanğısı ürəklərə dağ çəkmədi. Biz, vida mərasiminə yığılanların hamısı, sözünü mikrofondan deyənlər və deməyənlər, göz yaşlarını ürəyinə axıdanlar və axıtmayanların da onun itkisinə inanmaqdan başqa yolu qalmadı.
Onun vaxtsız ölümü özündən sonra saysız suallar qoyub getdi. Bəlkə də qəm pəncərəsinin şüşələri göz yaşalarından daha çox bu suallardan tərlədi. Fərhad Məmmədovun, dünyasını dəyişən adamın ömürlüyünü hansı tərəfdən, hansı məqamdan təftiş etsələr də, onun kimi fikirləşməyə çalışsalar da, əcəl adlı varlıq qara pərdəsini çəkmişdi. Suallara cavabların aşkarlığı və qeyri-aşkarlığı o qədər də əhəmiyyət kəsb etmirdi. Bir sual aydın idi; heç kim özünü o tabutda görə bilmirdi, onlardan sonra nəyin müzakirə mövzusu olduğundan xəbərsizdi.
Bir Azərbaycanlının salamı məni düşüncələrdən ayırır. Yaxşı ki, çox danışmır, yaxınlaşdığı kimi də məndən tez uzaqlaşır. Son anda “bizi eşitmədi, ətrafına bizimkiləri yerləşdirmədi”- sözlərini deyir.
Fərhad Məmmədovun vaxtsız ölümünün cavabsız sualları yəqin ki, bundan sonra da çox veriləcək. Baxışlarını, insanlara münasibətini və ən nəhayət, o dünyaya apardığı ağrılarını çox az adamla bölüşdü, bəlkə də heç bölüşmədi. Əlbəttə, qardaşdan yaxşı qardaşların, bacıdan yaxşı bacıların qardaşıydı, onların övladlarının əmisiydi, dayısıydı. Tanrı ona sevinclərini bölüşməyə bolluca qohum-əqraba vermişdi. Amma məlum olmayan səbəblərdən elə sağkən onlarla yadlaşdı.
Dərd azar kimidir, gələndə batmanla gəlir, qram-qram çıxır, çıxmayanda səni, məni Əzrayıla təhvil verir… Onda da sözünün demək artıq gec olur.
Fərhad Məmmədov dərdlərini kiminlə bölüşürdü? Həyat yoldaşı, övladları, qohumları, dostları ilə deyə bilmərəm. Vida mərasimində və sonradan görüşdüyüm insanlardan qəti nəticə çıxaranlar da vardı: Müəssisə rəhbəri, daha sonralar sahibkar kimi o heç kimə, elə yaxınlarına da güzəştə getmədi. Elə bu güzətsizlik bəlkə də onu irəli apardı, tanınan, hörmət edilən adama çevirdi. Samara vilayətinin və Rusiyanın “Əməkdar inşaatçısı” adını aldı. Amma qohumları, dostları onun arxası, dərd sirdaşı ola bilmədilər. Çünki onun özü istəmədi…
Ölümdən əvvəlki və sonrakı suallar…
Bu sual bəlkə də bundan sonra illərlə müzakirə ediləcək. Bacıları rus qəbiristanlığında ürəkdən ağlaya bilməycəklər. Qardaşları bu qəbiristanlığa ürəyi sınmış gedəcəklər.
Samarada məscid tikintisinə 10 milyon rubl yardım etmiş bir azərbaycanlı oğullarının istəyi ilə xristian adətləri ilə dəfn edildi. Niyə? Bu sual onu tanıyanların qəlbini hələ çox yandıracaq… Bir cavab məlumdu: Oğlanları belə istədi…
Əlbəttə, Fərhad müəllim heç vaxt oğlanlarını seçim qarşısında qoymamışdı. Anası xristian olan bu uşaqların seçmək imkanını onlara vermişdi. Onlar da analarının dinini seçdilər. Bu tək Fərhad müəllimin başına gəlməyib… Azərbaycan Çar Rusiyası tərəfindən işğal ediləndən sonra beynəlmiləl kəbindən dünyaya gələn uşaqların hansı dini seçməsi ailə münaqişəsi olub. Bir çox halda valideynlər bu seçimi övladlarının ixtiyarına buraxıblar.
Mən Fərhad müəllimlə çox az söhbət etmişəm. Ümumi məclislərdə… Bəlkə də övladlarının bu seçiminə etiraz etmək istəyən qohumları olub. Onlar da bu sualı ürəklərində saxlayıblar. Fərhad müəllimin harada dəfn olunmasının günahı ondan sonrakıların üstünə düşür. Çünki oğlanları seçimlərini ataları sağ ikən etmişdilər, atalarının harada dəfn olunmasının məsuliyyəti onların üstünə düşür. Digər tərəfdən, atalarının dininə, adət-ənənələrinə hörmət etmək onların övladlıq borcu idi. Son anda da atalarının istəyinə əməl etmədilər. Bir ölümü ölümün özündən böyük dərdə çevirib atalaranın ömürlüyünə yazdılar.
Fərhad müəllimə gəlincə, o, seçimini çoxdan etmişdi, Tanrısının huzuruna hansı yaddaşla getdiyini bundan sonra Allahı və özü bilir. Kimisə dinsizlikdə ittiham etmək olar, amma heç kim Allahsız deyil.
Tarixdən bir məqam…
1929-cu ildə SSRI-də “Allahsızlar cəmiyyəti” yaradılmışdı. Insanları zorla bu cəmiyyətə yazırdılar… Döş nişanı və vəsiqə verirdilər. Həmişə din xadimlərini tənqid edən böyük yazıçı Cəlil Məmmədquluzadə işsiz idi. “Molla Nəssrəddin” jurnalı bağlanmışdı. Onu yada salan, nə ilə yaşadığını soruşan yoxdu. Günlərin birində Allahsızların ideoloji katibi onu yada saldı. Mərkəzi Komitəyə dəvət etdi…
“Allahsızlar” jurnalından danışdı və Mirzə Cəlilə bu jurnala redaktor olmağı təklif etdi. Mərzə Cəlil bu bolşevikin üzünə baxdı… “Mizə Cəlil dinsiz olub, ancaq heç vaxt Allahsız olmayıb” deyib kabinetdən çıxdı…
Ikinci məqam: “Qəlbimizdə allahın nuru vardır, onun da adı vicdandır”
Lev Tolstoy
Azərbaycanlı general Ibrahim Vəkilovun rus xanımının böyük yazıçıya məktubu:
Oğlanlarımız hansı dini seçməlidir?
Bir əsr əvvələ qayıdaq və bəzi məqamları diqqətə çəkək.
Dövrün qanunlarına görə, müsəlmanın xristian olan şəxslə evlənməsi üçün öncə dinini dəyişməsi lazım idi. Lakin Vəkilov bunu etmirdi. Bütün yaxınlarının ondan üz döndərəcəyindən qorxurdu. Sevdiyi kiçik rus məmurunun qızı Yelena Yefimova da eyni aqibəti yaşayırdı. Aralarında qarşılıqlı münasibət olmasına baxmayaraq, ailəsi dinini dəyişdirməyəcəyi təqdirdə qızın müsəlman oğlanla evlənməsinə icazə vermirdi. Hətta Yelenaya müsəlmanla evlənəcəyi halda onu övladlıqdan uzaqlaşdıracağını bildirmişdilər. Yelena 1884-cü ildə Vəkilovla birgə Türküstana getdi, orda qeyri-qanuni də olsa evləndilər. 1891-ci ildə isə Ibrahim bəy gözlənilmədən Rusiyaya ezam edildi. Bu zaman onların böyük oğlu Borisin 7, Qlebin isə 6 yaşı var idi. Mayor rütbəsində olan Vəkilov nikahlarının rəsmi olaraq tanınması üçün çara, III Aleksandra müraciəti müsbət həll edilir, onun kəbini rəsmi tanınır.
Ibrahim bəy Vəkilov oğlanlarını çox yaxşı tərbiyə etmişdi, onları vətənləri, soykökləri haqqında ətraflı məlumatlandırmışdı. Onlar vətənə, Azərbaycana çox bağlı idilər. Odur ki, hər ikisi dinlərini dəyişib müsəlman cəmiyyətinə yaxınlaşmaq fikrinə düşdülər. Amma valideynləri bu istəyin onların gələcək perespektivlərinə sədd çəkəcəyini əsas gətirərək, mane olmağa çalışdılar. Xüsusən də Yelena çox təşvişə düşmüşdü. O, məsələyə aydınllıq gətirmək üçün 1909-cü il martın 2-də Tiflisdən Lev Tolstoya məktub yazdı:
“Bizim dərin istəkli müəllimimiz Lev Nikolayeviç! Öz məktubumla Sizi narahat etdiyimə görə, Sizin qarşınızda üzrxahlıq üçün söz tapa bilmirəm. Bilirəm ki, mənim kimi Sizdən məsləhət almaq istəyənlər çoxdur, bütün bunlara baxmayaraq mən də sizə müraciət edirəm. Çünki həyat mənim qarşımda gücüm çatmaz bir məsələ qoymuşdur. Mən çalışacam ki, istədiyimi qısaca izah edim. Mənim əlli yaşım var, üç uşaq anasıyam, ərim müsəlmandır, ancaq kəbinimiz qanunidir. Uşaqlarımız Pravoslav (xristian) dininə etiqad edirlər. Qızım on üç yaşındadır. Oğlanlarımdan birinin iyirmi üç yaşı var. O, Peterburq Texnologiya Institutunun tələbəsidir. O birinin iyirmi iki yaşı var. Moskvadakı Alekseyev Hərbi Məktəbinin yunkeridir. Bax, bu oğullarım atalarının dini etiqadına, daha doğrusu, müsəlmanlığa keçmək üçün məndən icazə istəyirlər. Mən nə etməliyəm? Mən bilirəm ki, indi bu, mümkündür və həmçinin bizdə yaşayan yadellilərə pis münasibəti də bilirəm. Onlarda bu fikrin oyanmasına səbəb xırda həyati məsələlər deyil: nə maddi təminat, nə də mənsəbpərəstlik onları bu işə təhrik edir. Ancaq qaranlıqda qalan tatar (Azərbaycan) xalqına kömək etmək məqsədini güdürlər. Xalqla qovuşmağa, xalqa yanaşmağa din onlara mane olur. Amma mən qorxuram ki, bu dar düşüncəli məsləhətimlə onları pis məqsədə təhrik edəm. Mən öz dərdlərimlə tənhayam. Ah, əgər mən əzablarımı və mübarizəmi yaza bilsəydim… Mən öz övladlarını dəlicəsinə sevən bir ananın göz yaşları ilə yazıram. Budur, əzabdan ağlını itirmiş halda sizdən məsləhət almaq qərarına gəldim. Siz, yalnız Siz öz ağlınızla həyatımızın hazırkı şəraitində bunun nə ilə nəticələnəcəyini duya bilərsiniz. Sizə mənim dərdim kiçik və xırda görünə bilər. Ancaq bu, mənə dəhşətli əzablar verir. Lev Nikolayeviç, Siz bizə, biz balaca adamlara heç vaxt ürəkdən gələn dəyərli məsləhətlərinizi əsirgəməmisiniz. Bunu bildiyim üçün cəsarət edib Sizi öz xahişimlə narahat etdim. Məni təsəlli oduna atın. Çox-çox üzr istəyirəm ki, Sizin qiymətli vaxtınızı aldım. Bu addımı atmağa məni məcbur edən dəlicəsinə analıq sevgisidir.
1909-cu il martın on beşində Yasnaya Polyanadan göndərdiyi cavab məktubunda Lev Tolstoy yazırdı:
“Yelena Yefimovna (Vəkilova) Sizin oğullarınızın tatar xalqının maariflənməsinə kömək etmək arzusunu təqdir etməyə bilmərəm. Belə olduğu halda Məhəmmədin dinini qəbul etməyin nə dərəcədə lazım olduğunu da deyə bilmərəm. Ümumiyyətlə, Sizə deməliyəm ki, hökuməti etiraf etmədən, adamın hansı dinə mənsub olması barədə kimə olursa-olsun, məlumat verməsini artıq hesab edirəm. Elə buna görə də Sizin oğullarınızın dinini pravoslavdan üstün tutaraq qəbul etmələri, yəni bir dindən başqa dinə keçmələri barədə kiməsə məlumat vermələri gərək deyildir. Bəlkə bu, zəruridir, lakin mən bu haqda bir şey deyə bilmərəm, ona görə də Sizin övladlarınız bu haqda lazımi hökumət orqanlarına xəbər verib-verməmələri barədə özləri qərar qəbul etməlidirlər. Müsəlmançılığın pravoslavlıq qarşısındakı üstünlüyünə və xüsusilə Sizin övladlarınızın xidmət etdikləri məqsədin alicənablığına gəlincə, bu hərəkətə bütün qəlbimlə rəğbət bəsləyirəm. Xristian idealı və təlimini onun həqiqi mənasında hər şeydən üstün tutan bir adam üçün bunu demək nə qədər qəribə olsa da deməliyəm ki, müsəlmançılığın öz xarici formasına görə kilsə pravoslavlığından müqayisəolunmaz dərəcədə yüksəkdə durması məndə heç bir şübhə doğurmur…
Odur ki, müsəlmanlıq bu baxımdan ən əlverişli şəraitdədir. Islam dini onda xarici, qeyri-təbii nə varsa, hamısını atsa və öz bünövrəsinə – Məhəmmədin dini-mənəvi təliminin əsaslarını qoysa, təbiidir ki, bütün böyük dinlərin əsasları, ələlxüsus, həqiqəti etiraf edən xristian təliminin əsasları ilə birləşir.
Əgər mənim məsləhətlərim heç olmasa bir şeyə yarasa, Siz və yaxud da Sizin oğullarınız özlərinin sonrakı fəaliyyətləri haqqında qərarlarını mənə bildirsələr, çox şad olaram. Lev Tolstoy".
Amma nə Fərhad Məmmədov, nə də onun həyat yoldaşı bu məsələyə ciddi baxmadılar. Ata oğullarını onun dinini qəbul etməyə inandıra bilmədi. Ana isə onlara mane olmadı.
Ömürlüyündən vərəqlər:
O, qürbətdə doğulmadı… Kürdəmirdə müəllim ailəsində dünyaya gəldi. Institutda oxudu… Tale onun yolunu Samaraya (o vaxt bu şəhər Kuybışev adlarıdı) saldı.
Bir iz tapdı, bir işin qulpundan yapışdı. Bu iş ona yaşamaq imkanı verdi. Öz yolunu axtarmağa, qərib bir eldə özünü tapmaq üçün qol çirmədi.
Heç rus dilini də yaxşı bilmirdi. Son mənzilə yola salma mərasimində bununla da bağlı danışdılar. Amma o dilə güvənc gətirən sözləri öyrənmədi… Işi, məni ona üzağlığı gətirdi.
O, qürbətdə doğulmadı. Qürbət ona Vətən oldu. Yas törəni qürbətdə quruldu.
1978-ci il. Kuybışevə təyinatla gələn Fərhad Məmmədovu gül-çiçəklə qarşılamadılar… Heç “çıx get” də demədilər. O öz yolunu seçdi…
Həzrət Əlinin bir kəlamı var… haramla halal arasında sədlər itəndə övladlar valideynlərindən daha çox yaşadıqları zəmanəyə oxşayırlar. Qəribliyin, əcnəbiliyin öz məngənələri var… Istəməsən də səni sıxır. Istəməsən də düşüncə tərzinə, dünyaya baxışına yeni çalarlar verir. Bəzən bütün bunlar sən bilmədən baş verir. Ataların və oğulların dəyərlərə münasibəti əsrlərdi insanları silkəyir, mənəvi zəlzələlər yaradır, suallar ortaya atır və dəyərləri başqa qəlibə salır. Yəni hər kəs övladını öz dəyərləri, gendən və nəsildən gəlmə adətləri ilə formalaşdıra bilmir. Bu elə dünən də, o biri gün də, ötən əsrdə də belə olub, bundan sonra da olacaq.
Amma qürbət onu öz qəlibində sıxdı… Bu sıxıntının sözlə ifadəsi yoxdu, bu sıxıntı insanın içini yandıran, özünü özünün içinin divarlarına sıxan bir ağrıdır… harda başlayıb, harada qurtardığı da bilinmir…
Kənardan baxanlara elə gəlir ki, o, xoşbəxtlik gəmisində üzürdü… Əslində dərdin də, ağrının da rəngi yoxdur… hər kəs onu özünə bənzər bir rəngdə görür…
Bəlkə də son illər içini dağıdan bu qəlibin ağrılarını duyanlardan biri Fərhad Məmmədovla vidalaşma mərasimində mənə deyəcəkdi: “Atası Ağamusa kişi də qələbənin 40 illiyi günü Samarada kliniki xəstəxanada dünyasını dəyişmişdi.
Ağır əməliyyatdan sonra çox sevinirdi… deyirdi ki, bədxassəli bir şey çıxmadı… Qorxurdum ki, anam kimi xərçəng tapılsın… Anasının necə ağrılara dözdüyünü yaxşı bilirdi …Amma ana ağrılarını gizlətməyə çalışırdı. Fərhad bilməsin, pis olar" – deyirdi.
Uzun illərdir ki, Samarada yaşayan şair, jurnalist Xeyrulla Xəyalın Fərhad Məmmədov haqqında 2007-ci ildə yazdığı bir yazını xatırlayıram… Amma bu yazının üstündən adını çəkməklə keçməyəcəm. Çünki mən Fərhad müəllimi həmin illər tanımamışam… Ona görə də həmin yazıdan bəzi sitatlar gətirməyə məcburam. Bəri başdan deyim ki, mən, yaxud başqaları bundan sonra Fərhad müəllim haqqında nə yazsaq da onun ruhu üşüyə bilər. Insan Allahının yanına qəlbindəkilərlə gedib, bir də bu dünyada qoyduğu yadigarlarla, adla, xeyirxah əməllərlə. Fərhad müəllimin ata kimi övladlarını onun adını necə yaşadacaq, əməllərini, xeyirxahlığını necə davam etdirəcəklər, deyə bilmərəm. Amma tikdiyi göydələnlər, institut, məktəb, bağça binaları onu unudulmağa qoymayacaq, əl tutduğu insanlar Tanrıya dua edib ona rəhmət oxuyacaqlar. Başdaşı bu dünyada qiymətli və yaxud daha qiymətli ola bilər. O yaddaşsız daş da sahibinə görə qiymətləndirilir. O baş daşının sahibi nə qədər dərdə ortaq olan, insana əl uzadan və ən nəhayət, çörək verən olubsa, onu ziyarətə gələnlər daha çox dua edəcəklər. Allah bütün bəndələrinin duasını eşidir.
Xeyrulla Xəyal bir neçə abzas əvvəl xatırladığımız yazısında Fərhad Məmmdovdan soruşur: “Siz şirkətinizdə intizamı necə yaradırsınız?”
– Rəislik qışqırığı ilə bir şeyə nail olmaq olmaz!- deyir Fərhad müəllim. Sonra əlavə edir: – hamının anladığı və əməl etdiyi inam adlı bir forma daha təsirlidir. “Inanmaq və inandırmaq” Fərhad müəllim bu ifadələri çox işlədərdi.
Fərhad Məmmədov təyinatını Kuybışevə aldı. Özü belə deyərdi:
“Usta kimi işə başladım. 11 nömrəli tikinti trestində.
Yeri gəlmişkən, 11-ci trestin rəislərindən biri vida mərasimində çıxış etdi. Çox faktlar söylədi:
“Fərhad yerini və sözünü bilən adam idi. Özündən yaşlılara həmişə hörmətlə yanaşardı. Rəhbər kimi işbilən, işçilərinin dərdinə şərik olan adam idi. Insanları birləşdirmək qabilliyyəti vardı”.
– Ağ evin tikintisində iştirak etmişəm. Sonra məni iş icraçısı qoydular. Sonra sahə rəisi keçdim. Kalinin adına kliniki xəstəxananı biz tikmişik.
Sonradan həyatımın, ömrümün ən ağır anlarından biri bu xəstəxana ilə bağlıdır. Atam Ağamusa Ismayıl oğlu bu klinik xəstəxanada dünyasını dəyişdi. Şəkərdən əziyyət çəkirdi… Ölkə qələbənin 40 illiyini qeyd edirdi. Ölkə bu qələbədə əməyi olan bir insanı, mən isə atamı itirirdim. Müharibədə düşmən gülləsi ondan yan keçmişdi. Kuybışevə müalicəyə gətirmişdim, onu Azərbaycana tabutda apardım.
Qələbənin 70 illiyinə bir aydan az qalmış Fərhad müəllim dünyasını dəyişdi.
Bir daha inam və inanmağın üstünə qayıdaq. Bu sözləri daha çox işlədən Fərhad müəllimə oğlanları barədə sual verilmişdi. 2007-ci ildə. “Siz böyük ailədə doğulmuşdunuz. Bugünkü ölçülərlə desək, çox böyük. Ehtiyacın nə olduğunu yaşamısınız. Siz indi təmin olunmuş adamsınız. Belə ailələrdə böyüyən uşaqların dünyagörüşü, həyata münasibəti tamam başqadır, bu sizi qorxutmur ki?
Fərhad Məmmədov çətinlikdən keçməyin tərəfdarı idi… Çətinlik həyat məktəbidir, müəllimdir,- deyirdi.
– Amma mən övladlarıma süni çətinlik yarada bilmərəm. Mən onlara inandırmaqla təsir göstərməyə çalışıram. Yox, mənim övladlarım papasının gül balası deyil… söyləmişdi..
Ali məktəbdə oxuyarkən gündüz oxuyur, dərsdən sonra işləyirdi. Üstəlik, hər gün Bakıdan 30-35 kilometr avtobusla iş yerinə getməli olurdu. Gözətçi işləyirdi, ayda 76 manat qazanıb özünü saxlayırdı.
Üstəlik, yay aylarında tələbə inşaat dəstələrində iş icraçısı işləyirdi… Özü danışırdı ki, Zərdab rayonunun girəcəyində çox böyük heyvandarlıq kompleksi tikilirdi. 1976-cı ilin yayında orada çalışmışdılar. Yaxşı işinə görə Zərdab rayonunun birinci katibi olmuş Fikrət Əfəndiyev ona bir dəri çanta da bağışlamışdı.
Vətəni seçmirsən…
Valideynlərini seçmirsən… Heç adını da…
Onları sənə əmanət verirlər ki, Vətənə ucalıq gətirəsən, valideynlərini sevəsən…
Adının qarşısına şərəf sözü yazasan, əməllərinlə…
Azərbaycanlı adına şərəf gətirdi Fərhad Məmmədov.
Yeni Rusiyanın ən yaxşı emiqrantlarından biri oldu. Bunu da vida mərasimdə Şirvan Kərimov dedi…
Fərhad Məmmədov bəlkə də heç kimə avtoqraf verməyib… Amma minlərlə avtoqraf ucaldıb Samarada.
“Samaranı tikən azərbaycanlı”
Amma Samarda da torpağa taşırıldı… Övladları belə istədi… Bəlkə ucaltdığı binalar darıxmasın deyə? Bunun özü də bir təskinlikdir. Ilğım kimi…
Surxay Hüseynli, Samara