Tanınmış vəkil Aslan İsmayilov həbsdə olan hüquqşünas İntiqam Əliyevə 10 il azadlıqdan məhrum etmə cəzasının istənilməsinə münasibət bildirib. Bununla bağlı yazdığı statusu təqdim edirik:
“Xətai rayonu, Nobel prospekti, Məhəmməd Hadi küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğın hadisəsi, çoxsaylı hələ yanmamış binalardakı həmin qaplamaların nəticəsi olaraq insanlara qarşı törədilən, sözün əsl mənasında, soyqırımla bağlı prokurorluğu baş vermiş ağır cinayətlərdə susduğuna görə suçlamışdım ki, prokurorluq səsini çıxartdı ki, BİZ VARIQ! Kaş susaydı, çünki bu səsi ilə özünü daha pis duruma saldı. Yanğınlarla, insanların evlərini ölüm yuvalarına döndərən qaplamalarla bağlı görməmişik, bilməmişik deyə məsuliyyətdən qaçmağa cəhd edə bilərdilər. Hüquqşünas İntiqam Əliyevə isə nə üçün 10 il azadlıqdan məhrum etmə cəzası istədiklərinə heç bir bəhanə tapa bilməyəcəklər. Bilirəm, bu yazını oxuyanların əksəriyyəti dərhal sual verəcəklər: "Əşşi kim onlardan nə soruşacaq?" Onu da bilirəm ki, çoxları, o cümlədən ən yaxınlarımdan da bəziləri məni həddindən artıq sadəlöhv, real həyatı başa düşməyən, bəziləri hərəkətini, danışığını anlamayan, ostap benderlər isə “çoxbilmiş” kimi qiymətləndirirlər. Bu cür düşünənlərə bir daha deyirəm ki, sadəcə mən sizdən fərqli olaraq ədalətin gec-tez bərqərar olacağına özüm kimi əminəm. Bu fikrə heç vaxt şübhəm olmayıb. 1950-ci ildə 23 yaşında Bakının Caparidze (indiki Nərimanov) rayonuna şəxsən Mircəfər Bağırov tərəfindən prokuror təyin olunmuş, Respublika Prokurorluğunda işlədiyim vaxtlardan tanıdığım, ensiklopedik biliyə malik, ağsaqqal hüquqşünas İdris Əsgərovun elə dünən mənə bağışladığı “Ömür salnaməmin acılı-şirinli səhifələri” kitabını həmin gün də oxuduqdan sonra haqsızlığın heç vaxt cəzasız qalmayacağına olan inamımın həyatım boyu qəbul etdiyim ən düzgün fikir olduğunu bir daha gördüm.
Tarix təkrarlanır fikri zənnimcə, heç kimdə şübhə doğurmur. Məktəbdə oxuyanda fizika dərsi keçən, rəhmətlik İbrahim müəllim hər dəfə bizə təkrar edərdi: “Həyat spiralvaridir, hər şey təkrarlanır“. Bir də ona əminəm ki, mən İdris müəllim qədər uzun zaman gözləməyəcəm. Çünki, İdris müəllimin dövründə rayonlardan Bakıya oxumağa gələnlərə deyirdilər ki, “A kişi filankəsin oğlu düz Bakıya kimi gedib çıxıb”. Moskvada oxuyanlara olan təəccüb indi kosmosa uçanlardan çox idi. Bu gün isə ABŞ-da oxumaqla belə heç kimi təəccübləndirmək olmaz. O vaxtlar Moskvada olan xəbərin Bakıya çatmasına günlər lazım idi. İndi isə xəbərin Vaşinqtona çatmasına sadəcə barmağın kompyuter düyməsini tıklamaq qədər vaxt lazımdır. Deyəsən hər dəfə işimi çox ehtiyatlı tutsam da bu yazıda səhvə yol verdim. Vaşinqton sözünü yazdığıma görə məni də Vətənə xəyanətdə ittiham edə bilərlər. Nə isə…
Məni bu yazımda hüquqşünas kimi deyil, filosofluq etdiyimə görə qınayanlara isə sözüm odur ki, #İntiqamƏliyev prosesində hüquqşünaslıq iş yoxdur. Əgər o insan haqları ilə bağlı beynəlxalq təşkilatlarla deyil, Azay Quliyevin təşkilatı ilə əməkdaşlıq etsə, bu cür edib “şanlı” məhkəmələrimizi, prokurorluğumuzu tərifləyə-tərifləyə milyonlarla vergidən yayınanlar kimi bu gün də fəaliyyətini davam etdirərdi. Bu başdan ayağa siyasətdir. Belə olmasa idi yüz minlərlə insanların hər gün “AZAL”da baş verən milyonlarla mənimsəmələrdən, vergidən yayınmalardan yazmalarına elə həmin prokurorluq heç olmasa fikir bildirərdi. Hələ yollarda mənimsənilən yüz milyonlardan, başqa sahələri sadalamaq istəmirəm, ümumilikdə büdcədən talanan milyardlardan demirəm. Hakimiyyət vurğunları “sübutlarını sənədlərlə təqdim et deyə bilərlər”. Bildiyimə görə İntiqam Əliyevin bir illik istintaqı dövrü müstəntiqlərin tozsoranla topladıqları haradasa yüz min manatdır. Tutaq ki, bu ittihamlar tam sübut olunub, bəs onda elə bu prokurorluğun sübut etdiyi bir milyon manat ittihama görə nə üçün Gülər Əhmədovaya prokurorluq 3 il, İntiqam Əliyevə isə yüz min manata görə 10 il azadlıqdan məhrum etmə cəzası istəyir?! Axı hər hərəkətdə, qanunsuzluqda belə bir məntiq olmalıdır. Nə isə… Mən yenə Absurdistanda məntiq axtarmaq istəyirəm”.