Dövlət başçısı İlham Əliyevə alimdən növbəti açıq məktub!
«Qutunun şəffaf olmasının seçkinin şəffaflığına dəxli yoxdur, Akif Əlizadə!»
Fizika Institutunun əməkdaşı Elman Şahverdiyev ötən il Milli Elmlər Akademiyasında keçirilən “seçkilərdən” sonra dövlət başçısına ardıcıl məktublar yazır. Bu məktublarda o, seçkinin nəticələrinin ləğv olunmasını, təkrar seçki keçirilməsini tələb edir. Onun qənaətinə görə, AMEA-da seçki yox, təyinat olub ki, bu da elm adına xəcalətdir. Alim növbəti müraciətində yazır:
– Cənab Prezident! Bu yaxınlarda 2014-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında AMEA üzvlüyünə keçirilən seçkilərdən də danışan prezident Akif Əlizadə “istər hüquqi, istərsə də texniki baxımdan seçkilərin müasir tələblərə uyğun aparıldığını, seçki prosesinin şəffaflığının təmin edilməsi və seçki komissiyalarının işinin təkmilləşdirilməsi istiqamətində bir sıra innovativ tədbirlərin görüldüyünü qeyd edib. AMEA rəhbəri səsvermənin nəticələrinin kadr potensialının güclənməsi, xüsusilə son dövrlər müşahidə olunan elmdə qocalma tendensiyasının aradan qalxması və gələcəkdə kadrların gəncləşməsində mühüm rol oynayacağına əminliyini ifadə edib”.
Faklar isə tam əksini deyir! AMEA prezidenti yaxşı bilir ki, seçki yox, Sizin administrasiyadan gələn siyahı əsasında təyinatlar olub. Məlumdur ki, seçki binasında təyinat günü Administrasiya rəhbəri və humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə olub. Əgər seçki olubsa, AMEA prezidentindən soruşmaq istəyirəm ki, o, əlində administrasiyadan alınmış siyahı ilə niyə bölmələrdəki seçki komissiyalarını narahat edirdi: “Əsas yerlərə bunlar, əlavə yerlərə isə bunlar”. Onun həqiqəti deməyə cəsarəti çatmırsa, heç olmasa ictimaiyyəti, o sıradan elmi cəmiyyəti ələ salmasın! Axı o gözəl bilir ki, orda olanlar səhəri gün bütün akademiyada danışılır! Özü də tək narazı qalanlar yox, hətta razı qalanlar da danışır!!! Kifayətdir ki, təyinolunmalardan sonrakı günlərdə mətbuatı izləyəsiniz! Mən hələ saysız-hesabsız kuryozlar barəsində yazmaq istəmirəm.
Yaş məsələsinə gəlincə, faktlara müraciət etmək istəyirəm. Fizika üzrə 3 akademik, 7 müxbir üzv təyin olunub: Onlar aşağıdakılardır: 1)Ismət Nəcəfov (82 yaş); Bahadur Tağıyev(81 yaş); 3)Təyyar Cəfərov (76 yaş); 4)Cavad Abdinov (75 yaş); 5) Rauf Hüseynov(75 yaş); 6)Iskəndər Cəfərov (75 yaş – bu yaxınlarda dünyasını dəyişdi); 7)Övsət Abdinov (71 yaş); 8) Aydın Kazımzadə (65 yaş); 9) Nazim Məmmədov (62 yaş); 10)Ənvər Nəhmədov (57 yaş). Başqa bölmələrdə də analoji vəziyyətdir! Indi oxucular özləri nəticə çıxarsın: bu təyinolunmalar AMEA-nı gəncləşdirir, yoxsa onu VIP ahıllar evinə çevirir?
Bəlkə 83 yaşlı AMEA prezidenti yeni bir sirr bilir: ahılllaşma vasitəsilə gəncləşdirmə! Bu yerdə Məşədi Ibad yada düşür: “Nə qədər, nə qədər qoca olsam da…” Qeyd etmək istəyirəm ki, təyin olunmuşlar arasında ikili vətəndaşlığı olanlar da var ki, bu da ölkə Konstitusiyasına birbaşa ziddir.
Prinsipial olaraq belə məsələlərdə yaş senzinin əleyhinəyəm. Amma təyin olunmuşlara verilən aylıq ömürlük fantastik (AMEA üçün) məbləğlər ona görə ödənilir ki, bu insanlar elmi yeni biliklərlə, yeni nailiyyətlərlə zənginləşdirsinlər. Görünən odur ki, bu qeyri-mümkün məsələdir, çünki, bu təyinolunmuşların indidən əvvəlki bioqrafiyası bunu deməyə əsas verir. Yenə də faktlara müracət edirəm: fizika üzrə təyin olunmuş üç həqiqi üzvün işlərinə cəmi sitatlar mənimkindən 2 dəfə azdır; 7 təyin edilmiş müxbir üzvün cəmi sitatları mənimkindən azdır. Yeri gələndə AMEA prezidenti beynəlxalq əməkdaşlıqdan ağız dolusu danışır. Əgər o, bu ifadələrində səmimidirsə, niyə beynəlxalq aləmdə qəbul olunmuş elmi nailiyyətlərin qiymətləndirilməsini qəbul etmir! Onsuz da biz istəsək də, istəməsək də bizi də o meyarlarla dəyərləndirirlər. Təkər icad etməyə nə ehtiyac var! Bunu biryolluq qəbul etmək lazımdır! Problemin həlli onun etirafından başlayır. Dəvəquşu sindromundan azad olmağın vaxtı deyilmi! Nə qədər acı da olsa etiraf etmək lazımdır ki, məqalələrin sayına görə (əhali nisbəti da nəzərə alınmaqla) Azərbaycan Ermənistandan 7-8 dəfə, məqalələrə olan sitatların sayına görə isə 15-16 dəfə geridə qalır. Bir məqaləyə olan orta sitatların sayına görə isə Azərbaycan 238 ölkə və ərazi qurumları arasında 234-cü yerdədir; bu nəticə keçən il daha pis idi. Bəlkə bu “irəliləməni” nəzərdə tutan AMEA prezidenti yaxınlarda elmdə “canlanmalardan” danışırdı? Təsəvvür edin, bu prezident dərin bir quyunun dibindən 1 millimetr yuxarı qalxmanı necə detektə edib. Heç düşünməzdim ki, bizdə belə həssas detektorlar var!
Cənab Prezident!
Sizin administrasiyada təyin olunmuşların bölgüsü: rəhbərlik (2 yer); humanitar şöbə müdiri (5 yer); Sizə görə söz sahibi olan bir rektor (3 yer).
Bu gün AMEA rəhbərliyində (prezident, vitselər, bölmə akademik-katibləri, AMEA akademik katibi və sair) bir nəfər tapmazsınız ki, işlərinə sitatların sayı ən konservativ data bazası olan SCOPUS-da 200-ə yaxın gəlsin. Bax elə bu səbəblərdən SCOPUS-la, Tomson Reuters-lə aparılan danışıqlar dalana dirənib. Bu da guya reforma olunmuş AMEA rəhbərliyinin yeni təfəkkürü! Güzgünü gizlədirlər ki, elmdə əsil vəziyyəti, özlərinin əslində nəyə qadir olduqlarını heç kim görməsin!!! Əvvəlki prezidentin dövründə heç olmasa müəyyən fasilələrlə də olsa bu data bazalarına giriş mümkün idi. Əvvəlki müraciətlərimdə də qeyd etdiyim kimi, AMEA prezidenti sovet elm-təhsil sistemini ideallaşdırmağa çalışır. Şimal küləyi gücləndikcə isə o, bu barədə artıq çəkinmədən, maskasız danışır. Əgər belədirsə, niyə o sistem Qərb elm sisteminin verdiyi texnoloji üsünlüyün altında məhv oldu. Həkimə müraciət edəndə, şimala üz tutursunuz, yoxsa Qərbə? Sözümün canı odur ki, elmi qəsdən-bilərəkdən siyasiləşdirmək lazım deyil. Mənim fikrimcə, Qərb təhsil-elm sistemi elə mentalitet baxımından da şimal təhsil-elm sistemindən bizə daha yaxındır. Akif Əlizadə, sizin isə şəxsi seçiminizi ictimaiyyətə sırımağa heç lüzum da yoxdur. Bir də sovet sisteminin məzunu olub elmə nə gətirmisiniz? Yoxsa elə bilirsiniz ki, sonsuz illər administrativ vəzifələrdə olmaq sizə böyük alim statusu vermişdir. Sizin elmə gətirdiyiniz sitatların sayı Qərbdə aspiranturada oxuyan 2-ci-3-cü kurs tələbəsininkindən belə azdır! Bircə faktı qeyd etmək istəyirəm. Sovet təhsil sistemi vaxtı dünya fənn olimpiadalarında qalib olan neçə azərbaycanlının adına rast gəlmək olar! Mən bilən heç bir! Bəs indi: onlarla! Səbəbi budur ki, həmin şagirdlərin, demək olar, hamısı Qərbyönümlü təhsil sistemi verən liseylərdə oxuyublar!
AMEA prezidenti şəffaf seçkilərdən danışır; olmaya o ortada şəffaf qutunun olmasını şəffaflığın təminatı sayır! Akif Əlizadə qoy cavab versin ki, hansı ağlı başında olan adam 28 il məqalələr dərc etdirməyən Rauf Hüseynova səs verər? O, faktiki illərdir ki, ölkədə yaşamır (haqq eləmədiyi akademik mükafatı ilə ailə üzvləri ilə birlikdə geneloji səbəblərdən ABŞ-da yaşayır), elmlə məşğul olmur, amma laboratoriya rəhbəridir, ildə bir dəfə olan yekun hesabatını belə başqaları təqdim edir! Hətta seçkiöncəsi belə ölkədə olmayıb; deyirmış ki, mən nəyə lazımam burda, səsverənlər ki, burdadır! Nəzərə alsaq ki, bir nəfər təyinedilmişin hətta sənədləri belə seçki komissiyasında olmayıb, onda təyinolunmaların belə hansı saymamazlıqla həyata keçirildiyi aydın olar!
Bəs niyə təyin olunub onda! Çünki söz sahibi olan bir rektorun dostudur! Amma bu təyinat tək ona görə baş verməyib! Eləsini mükafatlandırırlar ki, toplumun əsas hissəsindən olmasın!!! SCOPUS-da cəmi 132 sitatla həqiqi üzv təyin edilmiş Bahadur Tağıyev də buna yaxın əsaslarla təyin olunub.
Özü də müəyyən natamamlıq kompleksi səbəbindən xüsusi jestlə! Bunlar Qərbdə söz sahibi olan bir toplumun ən axsaqdan axsaq bir nümayəndəsinə xidmət göztərməyi özlərinə şərəf bilirlər, düşünürlər ki, bununla qlobal oyunçu olmaq imkanına çata bilərlər!
Akif Əlizadə, bu seçkidirmi?! Bunun hamıya yaxşı bəlli olan bircə adı var (əvvəllər yazmışdım)!
Akif Əlizadə, bu təyinatları hamı görür, o sıradan guya xilaskar saydığınız gənclər də! Siz kimləri mükafatlandırırsınız! Bunun yaratdığı ədalətsizlikdən, haqsızlıqdan, ruh düşkünlüyündən xəbəriniz varmı? Siz bu yaşınızda belə vəzifəniz xatirinə həqiqəti deməyə cürətiniz çatmırsa, nədən və nə haqla danışırsınız axı! Gedin istefaya!!!
Akif Əlizadə, görəsən 75 yaşlı Cavad Abdinov hansı haqla həqiqi üzv təyin olunub? Axı onun işlərinə olan sitatların sayı konservativ data bazasında sıfır səviyyəsindədir! Cavabını özünüz də çox gözəl bilirsiniz: axı o, dominant dəstənin üzvüdür və bu status-kvonu hökmən saxlamaq lazımdır! Mən hələ onun onilliklərdir ki, rəhbər vəzifələrə təyin olunmasını demirəm!
Layiq olmadığı halda təyin olunmuşlardan biri də Övsət Abdinovdur. O, CERN-dəki çoxminlik müəlliflər kollektivinin bir üzvü kimi fəaliyyətindən əvvəl öz nəticələrinə görə orta statistik namizəddən heç nə ilə fərqlənmirdi, əksinə, çoxlarından geri qalırdı. CERN-dəki Proyektdən sonra bir dəfə EIF, iki dəfə isə AMEA Rəyasət Heyəti onun rəhbərlik etdiyi layihələrə yüz minlərlə qrant ayırıb. Görəsən GRID seqmenti adlandırılan sistemdən indiyə qədər bir kimsə real şəkildə yararlanıbmı? Bir insanın əməyini qiymətlərində də onun keçmişdəki və indiki uğurları, potensialı nəzərə alınmalıdır. Görəsən yaşı 70-i keçmış Övsət Abdinov əvvəllər neçə beynəlxalq qrant alıb? Işdir, birdən Kollaborasiya proyekti olmasaydı, onun sitatları hansı səviyyədə olardı (və ya yuxarıda qeyd olunduğu kimi Kollaborasiya proyektindən əvvəl hansı səviyyədə idi!). Bir insanın ona bir individum kimi qətiyyən aidiyyəti olmayan nəticələri özünə çıxması nə dərəcədə etik çərçivələrə sığır?! Bunun əsasında onu müxbir üzv təyin etmək nə dərəcədə ədalətli, obyektiv və insaflıdır! Axı nədən Fizika Institutunun və AMEA-nın rəhbərliyi Azərbaycan elminə aid olmayan nəticələri özününküləşdirmək istəyir. Səbəb aydındır, guya bununla hesabat verirlər ki, AMEA-da yaxşı nəticələr alınır! Özünüzü niyə aldadırsınız, Akif Əlizadə! Övsət Abdinovun təyin olunmasında onu Rusiyada Dubnadakı Nüvə mərkəzindəki səlahiyyətli nümayəndə postunu Oktay Əlkbərovun himayə elədiyi, amma nüvə sahəsindən xəbəri olmayan Nazim Məmmədova “uğurla” təhvil verməsi də rol oynayıb. Məlumdur ki, Azərbaycan hər il istər Dubnadakı, istərsə də CERN-dəki proyektlərə yüz minlərlə, bəlkə də milyonlarla vəsait ayırır ki, ölkə fizikləri o mərkəzlərdəki üstünlüklərdən faydalana bilsin. Belə zənn etmək olar ki, yaxın aylarda Nazim Məmmədov həm də CERN-dəki proyektin Azərbaycan koordinatorluğuna da yiyələnəcək.
Akif Əlizadə, bu necə seçkidir ki, 4 səs toplayan Nazim Məmmədov 28 səslə (31 səsdən) müxbir üzv təyin olunur. Bu yaxınlarda bu faktı ona direktor kabinetində bildirəndə saymazyana dedi ki, nə olsun ki, heç o 4 səs də olmayanda nə olacaqdı ki?! Dəqiqdir ki, o, direktorun kabinetində gizli çəkiliş aparır. Aylar öncə öz büsbütün mənfi imicinə guya bir müsbət çalar vurmaq üçün Nazim Məmmədov kabinetində kiminsə doktorluq dissertasiyasının elmi şuradan buraxılması müqabilində ona rüşvət təklif edildiyini, amma onun bundan qəti imtina etdiyini Institut səviyyəsində ictimailəşdirdi. Qoy cürəti çatırsa, indi də hansı etirafda bulunduğunu da açıqlasın! Nazim Məmmədov çox gözəl bilir ki, “seçki” günü təyinatlar kimin neçə səs yığmasından asılı olmayaraq siyahı üzrə həyata keçirilir. Hələ 2001-ci ildə həqiqi üzv təyin olunmuş bir alimə Oktay Ələkbərov (Fatma Abdullazadənin həyat yoldaşı) 2003-cü ildə bağıra-bağıra deyirdi ki, sən sıfır səs yığmışdın, amma səni akademik təyin elədilər! Yeri gəlmişkən, Institutda müşahidə kameralarının monitorinq mərkəzi O.Ələkbərovun otağında yerləşir.
Nazim Məmmədovun Fizika Institutunun rəhbərliyinə gətirilməsindən sonra xaricdə dərc olunan məqalələrin sayı 30 faiz azalıb. Qoy əlaqədar qurumlar aydınlaşdırsın ki, şəxsən Nazim Məmmədovun adının keçdiyi proyektlərə ayrılan 10 milyon manata yaxın pul necə xərcləndi ki, Fizika Institutu bu kökə düşdü! Yuxarıda qeyd olunan təyin olunmuşların bir-ikisi istisna olunmaqla qalanı ilbəil ölkənin elm fondları tərəfindən böyük məğləblərlə maliyyələşdirilib. Bəs hanı görülən işlər, alınan nəticələr! Bu konteksdə belə yüksək korelyasiya haqlı olaraq böyük şübhələrə əsas verir.
Direktor Nazim Məmmədov peşəsini buraxıb işləyənlərə mane olmaq, camaatı təhqir etmək xəttini seçib. O, elmi şurada və başqa yerlərdə şit-şit, yersiz zarafatları ilə insanların heysiyyatı ilə oynayır, hədələməklə məşğul olur, insanları daima təxribata çəkir, yanında hərlədiyi 3 müavini və həmkarlar ittifaqını isə “şahidlərim” adlandırır. O ittifaq ki, insanların maaşlarından ora 1,5 faiz köçürülür ki, onların hüquqlarını müdafiə etsin. Əvəzində isə bu ittifaq rəhbərliyin əlavəsinə çevrilib. Görəsən yığılan pullar (il ərzində ən azı 60-70 min manat) hara xərclənir?! Nazim Məmmədovun yazıla biləcək yersiz zarafatlarından birini fakt kimi gətirim ki, oxucular mənə ümumi sözlərlə kifayətlənməyi irad tutmasınlar. Bir dəfə elmi Şurada N.Məmmədov bir gənc işçini hesabat üçün kürsüyə çağırdı, ardınca isə bir elmlər doktoruna dedi ki, “bu sənin uşağındır”. Zalda həmişə züy tutanlardan bir uğunma başladı ki, gəl görəsən. Kimsə bu danışıq tərzinə narazılıq etdi. Direktor yenə saymazyana (yəqin ki, etiraz edənin acığına) iki dəfə öz “zarafatını” təkrarladı. Yazıq gənc lap çaş-baş qalmışdı. Bilmirdi neyləsin. Oxucuları şoka salmamaq üçün Nazim Məmmədovun müraciət etdiyi elmlər doktorunun hansı əsilli olduğunu yazmaq istəmirəm. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, Fizika Institutunda on illiklərdir belə belə davranış rəhbərlikdə geniş yayılıb. Bunun bir izahı o ola bilər ki, vaxtında bu rəhbərlərin özləri ilə belə davranıblar, indi də onlar başqalarını aşağılamağa cəhd edirlər. Belə ciddi problemləri olan bir adam rəhbər işdə nə gəzir axı?! Bu praktikaya son qoyulmalıdır!
ardı var