Xanlar Fətiyev neçə müddətdir işçilərin maaşını vermir
1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodu Sovetlər Birliyinin dağılması nəticəsində tikintisi yarımçıq qalsa da yalnız 2004-cü ilin dekabrında işə düşdü. Bu günə kimi adıçəkilən zavodda direktor, deputat olduqdan sonra isə Istehsalat Birliyinin baş direktoru vəzifəsində çalışan Xanlar Fətiyev ixtisasca inşaatçı olsa da nəsə inşa etmək iqtidarından çox uzaq adam təsiri bağışlayır.
Bunun nəticəsidir ki, Sovetlər dönəmindən bu zavoda miras qalmış maddi-texniki baza demək olar ki, tamamilə dağıdılıb. Alqı-satqı məsələsində peşəkar olan deputatın demək olar ki, əsas qabiliyyəti Gəncə Avtomobil Zavodunun 35 ha ərazisinin ucdantutma məhlə yeri kimi satılması zamanı üzə çıxıb.
Deputatın daha bir keyfiyyəti Kür çayından Gəncə Avtomobil Zavoduna, eləcə də Avtomobilçilər qəsəbəsinə gələn 10 km-lə iri diametrli dəmir boruların satılaraq mənimsənilməsi zamanı bəlli olub.
Onu da unutmaq olmaz ki, adı Gəncə Avtomobil Zavodu olsa da bu zavod yalnız “OKA”, “UAZ”, “MAZ”, eyni zamanda Belarus istehsalı olan traktorları yığıb satmaqla məşğuldur, bu günə kimi ayrılan külli miqdarda investisiyaya baxmayaraq müəssisə müstəqil olaraq heç bir maşın növü istehsal edə bilməyib. Bu zavodda iri pullar qaranlıq məqsədlər üçün istifadə edildiyi də bizə çatan məlumatlar arasındadır. Məlumata görə bu gün Gəncə Avtomobil Zavodunda bir il ərzində 1000-ci traktor konveyrdən çıxsa da Aqrolizinq dövlət şirkəti ilə aralarında bağlanmış 35 mln. manatlıq dəyərində 500 ədəd traktorun qiymətlərini süni olaraq şişirtməklə 10 mln-dan çox vəsaitin mənimsənildiyi iddia olunur. Qısa müddət ərzində Gəncədə traktor istehsalının artırılması Belarusdan gətirilmiş texniki hissələrin gömrük rüsumundan azad olması ilə izah edilir. Ancaq ehtiyyat hissələrinin ucuz başa gəlməsinə baxmayaraq yığılan traktorun qiyməti nə az nə çox, 26 min AZN-ə satılır. Demək olar ki, bu sahədə şəffaflığın olmamasından, eləcə də statusundan istifadə etməklə Xanlar Fətiyev külli miqdarda qazanc əldə edir. X. Fətiyevin xalası oğlu Vidadi Sarıyev də Avtomobilçilər qəsəbəsində sakinlərin sosial problemlərini həll etmək əvəzinə səsini çıxarmaq istəyənləri döyməklə məşğuldur. Bundan başqa X.Fətiyev Gəncə Futbol Federasiyasının prezidenti olarkən həmin sahədə də çoxlu maliyə maxinasiyaları etdyi bildirilirdi. Belə ki, federasiyada futbolçulara yaxşı şəraitin yaradılmaması ilə yanaşı əmək haqlarının gecikdirilməsi narazılığa səbəb olurmuş. Deyilənə görə deputat bu cür hallara görə federasiyadan kənarlaşdırılıb Sonda qeyd edək ki, deputatının kurasiyasında olan Avtomobil Zavodunda vəziyyət hər an nəzarətdən çıxa bilər. Müəssisədə çalışan 567 nəfər iki aydır maaşsız qalıb. Bundan təngə gəlmiş insanlar kimə müraciət edəcəklərini bilmədiklərindən aksiyalara start verəcəklərinə qərar veriblər.
Ərşad