Məhbus ilahiyyətçının hüquqlarını müdafiə komitəsi toplandı
Vicdan məhbusu, ilahiyyatçı Tale Bağırzadənin Hüquqlarını Müdafiə Komitəsi iyunun 24-də mətbuat konfransı keçirdi. Komitənin ötən müddətdə gördüyü işlər, planlaşdırılan müdafiə tədbirləri haqda Müdafiə Komitəsinin koordinatoru, tanınmış hüquqşünas Namizəd Səfərov məlumat verdi. Vəkil bildirdi ki, işlərin çoxluğuna baxmayaraq, Komitə xeyli aktiv fəaliyyət göstərir, T.Bağırzadənin qanunsuz həbsi məsələsini gündəmdə saxlamağa çalışır.
N.Səfərov bildirdi ki, hüquq-mühafizə orqanları narkotik və ya silah ittihamı ilə siyasi fəalları, hökumət tənqidçilərini həbs edir, daha sonra onlara qarşı daha ağır maddələrlə ittihamlar irəli sürülür. Hüquqşünasın sözlərinə görə, belə bir təhlükə T.Bağırzadəyə münasibətdə də istisna olunmur: “Əvvəlcə narkotik, silah və ya xuliqanlıq ittihamı ilə tutur, daha sonra ağır ittihamlar irəli sürürlər. Tale Bağırzadəyə qarşı da belə bir vəziyyət var. Istintaq heç bir əsas göstərilmədən, saxta yolla uzadılır. Halbuki, hazırda heç bir istintaq hərəkəti aparılmır. Bu isə şübhələrə səbəb olub. Bu cür təcrübələr mövcuddur. Hər bir şəxsin dünya praktikasında öz məhkəməsinin daha tez keçirilməsini tələb etmək hüququ var. Yalnız Azərbaycanda belə bir durum var. Qurban Məmmədovu istintaqı başa çatan cinayət işilə bağlı tutublar, ancaq məhkəmə keçirmirlər, əvəzinə istintaqı uzadırlar. Məhkəmələr isə sifarişlə prosesi uzadırlar”.
Keçmiş vicdan məhbusu, “Siyasi məhbuslarsız Azərbaycan” Ictimai Alyansının koordinatoruÿ Elşən Həsənov qanunsuz həbslərin, sifarişli məhkəmə qərarlarının sayının son dövrlərdə yenidən sürətlə artdığını bildirdi. E.Həsənov Tale Bağırzadənin çıxışlarını araşdırdığını, bu çıxışlarda dövlət əleyhinə heç bir çağırış olmadığını bildirdi: “Mən o çıxışlara yenidən qulaq asdım. Orada dövlət əleyhinə heç bir fikir yoxdur. Insanları hakimiyyəti tənqid etdikləri üçün müxtəlif bəhanələrlə həbs edirlər. Rusiyanın əhalisi Azərbaycandan qat-qat çoxdur, amma orada siyasi məhbus bizdəkindən azdır. Bütün dünyada narkotik istifadəçiləri həbs olunmur, müalicəyə göndərilir. Bizdə isə narkotik cəza alətinə çevrilib. Hətta hansısa narkomanın belə, həbs olunub təcrid edilməsinə ehtiyac yoxdur, çünki narkoman cani deyil, onun müalicəyə ehtiyacı var. Bizdə isə əksinə, saxta narkotik ittihamı ilə insanları cəzalandırırlar”.
E.Həsənov ölkədə aparılan qanunsuz həbslər, o cümlədən Hacı Tale Bağırzadənin işilə bağlı beynəlxalq təşkilatlara müraciətlər göndərildiyini bildirdi. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Bakıda fəaliyyət göstərən Qərb ölkələri səfirliklərinə müraciət olunub, yaxın zamanlarda səfirliklərdə görüşlər keçiriləcək.
Komitənin koordinatoru Mirqasim Əliyev “Tale Bağırzadə həftəsi”, eyni zamanda, vicdan məhbusunun bioqrafiyası haqda məlumat verdi. M.Əliyev bildirdi ki, həftə ərzində sosial şəbəkələrdən və ictimaiyyətdən böyük dəstək görüblər. Koordinator onu da qeyd etdi ki, yaxın günlərdə T.Bağırzadənin azadlığa buraxılması və həbsinə beynəlxalq diqqəti cəlb etmək məqsədilə imzatoplama kampaniyası keçiriləcək.
Komitənin üzvü, “Azadlıq” qəzetinin yazarı Natiq Ədilov bildirib ki, komitənin əsas hədəfi ölkədə həyata keçirilən qanunsuz həbslərə diqqət çəkməkdir. Komitənin fəallığı sayəsində bu məqsədə müəyyən mənada nail ola biliblər. Hakimiyyətin həyata keçirdiyi qanunsuz həbslərin xalqı daha da radikallaşdırdığını qeyd edən yazar bu prosesin sonda hakimiyyətin özünə baha başa gələcəyini bildirdi.
Tale Bağırzadə məktəblərdə hicaba qadağaya etiraza görə ilk dəfə məhkum olunarkən onunla məhbəs yoldaşı olmuş Elşən Həsənov və jurnalist Abuzər Cəfərli ilahiyyatçının həbsxana həyatını müsbət xarakterizə etdilər. E.Həsənov T.Bağırzadənin dustaqlar arasında hörmət qazandığını, çətinliklər qarşısında sınmadığını bildirdi. A.Cəfərli isə T.Bağırzadəni həbsxanada tanıdığını və dustaqların narkotik və digər cinayətlərdən uzaqlaşması üçün onun əlindən gələni etdiyini bildirdi.
Ilham Hüseyn