Paytaxtın mərkəzində sərnişindaşıma xidməti ilə Bakı meriyası məşğul olacaq
Bakı şəhərində yaxın vaxtlarda sərnişindaşıma xidmətləri göstərməyə başlayacaq “BakuBus” MMC-nin ilkin mərhələdə paytaxt mərkəzində 16 marşrut üzrə işləməsi gözlənilir.
Report.az-ın məlumatına görə, yaxın gələcəkdə Bakı şəhər Icra Hakimiyyətinin balansında olan “BakuBus”ın gətirdiyi yeni avtobuslar şəhər mərkəzində, ətrafda isə “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin avtobusları işləyəcək.
Görünür, nəqliyyat naziri Ziya Məmmədov şəhərin mərkəzini Bakı meri Hacıbala Abutalıbova güzəştə getməklə əlavə problemlərdən yaxa qurtarmaq istəyir. Axı mərkəzdə baş verənlər dərhal diqqət çəkir. Paytaxt nəqliyyatının isə bərbad vəziyyətdə olduğu sirr deyil. Vaxtaşırı mətbuatda paytaxtda baş verən avtobus qəzaları, sürücülərlə sərnişinlər arasında insidentlərdən və digər problemlərdən yazılır. Güman ki, Ziya Məmmədov bütün bu problemlərə görə məsuliyyət daşımaq istəmir. Diqqətdən kənarda olan şəhər ətrafı nazir üçün daha əlverişlidir. Digər tərəfdən şəhər ətrafı nəqliyyatda gəlir daha çoxdur.
Yeri gəlmişkən, bir müddət əvvəl də paytaxtdaxili yolların təmiri Bakı Şəhər Icra Hakimiyyətinə həvalə edilmişdi. O zaman da bu Ziya Məmmədovun hədəfdən yayınması üçün atılan addım kimi qiymətləndirilirdi.