Jurnalistin barəsindəki həbs-qətimkan tədbirinin müddəti bu gün başa çatıb
“Azadlıq” qəzetinin şöbə müdiri və “Azərbaycan saatı” teleproqramının aparıcısı Seymur Həzinin işi üzrə ibtidai istintaq başa çatıb və cinayət işinin materialları məhkəməyə göndərilib. İş Abşeron Rayon Məhkəməsinə daxil olsa da, hələlik hansı hakimin icraatına verildiyi bəlli deyil. Amma bu iş üzrə məhkəmənin hazırlıq iclasının yaxın günlərdə keçirilməsi gözlənilir. Məsələ burasındadır ki, Seymur Həzi barəsində ilkin istintaq dövrü üçün seçilmiş həbs-qətimkan tədbirinin müddəti oktyabrın 29-da başa çatıb.
Seymur Həzinin vəkili Adil İsmayılov da “Azadlıq”a açıqlamasında xəbəri təsdiqləyib. İbtidai istintaq yekunlaşandan sonra cinayət işinin materialları ilə tanış olan vəkil orada oxuduqlarına əsaslanaraq deyir ki, Seymur Həzinin məhkəməsi maraqlı olacaq.
Xatırladaq ki, avqustun 29-da Seymur Həzi Ceyranbatan qəsəbəsində evdən çıxıb işə gələrkən dayanacaqda Məhərrəm Həsənov adlı bir nəfər ona yaxınlaşıb və “facebook”da yazdığı mesaja niyə cavab vermədiyini soruşub. Jurnalist də öz növbəsində cavab verib ki, ola bilsin, mesajı görməyib, imkan olan kimi mütləq cavablandıracaq. Lakin qarşı tərəf bu cavabdan sonra onu döyməyə başlayıb, Seymurun köynəyini cırıb. Bu zaman Seymur də özünü qorumaq məqsədi ilə əlindəki butulka ilə həmin şəxsi vurub. Həmin vaxt ətrafda olan polislər də dərhal jurnalisti saxlayaraq, Abşeron Rayon Polis Şöbəsinə aparıblar. Seymur Həziyə qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Avqustun 30-da Abşeron Rayon məhkəməsi Seymur Həzinin barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.
İnformasiya şöbəsi