ABŞ-Türkiyə gərginliyindən qazanan tərəf sanksiyalar altında inləyən Rusiya və Çin olacaq
İbrahim İbrahimli
İstiqlalçı deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü
İki strateji müttəfiq – Türkiyə və ABŞ arasında yaşanan gərginlik Yaxın və Orta Şərqdəki kəskin qarşıdurmaların fonunda ən çox Qərbin rəqiblərinin xeyrinə işləyəcək. Bu münasibətlər o cümlədən postsovet məkanında həssas geosiyasi durumda neqativ nəticələr doğura bilər. Nəticədə Rusiyanın neoimperiya istəkləri və arzuları yeni nəfəs alacaq.
Təəssüf ki, NATO-nun iki mühüm üzvü, strateji tərəfdaş ölkəsi olan ABŞ-la Türkiyə arasında münasibətlər çox gərgin dövrünü yaşayır. Hadisələrin gedişi göstərir ki, Ankara-Vaşinqton münasibətləri getdikcə doğrudan da soyuyur və hətta bəzi məqamlarda kəskin zədələr alır. Artıq bunu tərəflərin özləri də gizlətmir.ÿ
Belə ki, ABŞ-ın IŞID-ə qarşı təşkil etmək istədiyi koalisiyaya Türkiyənin qoşulmaqdan imtina etməsi vəziyyəti daha kəskinləşdirib. Baş verən hətta qarşılıqlı ittihamlara rəvac verib. Ilk olaraq ABŞ-ın başlatdığı və Ağ Evə yaxın medianın qoşulduğu anti-Türkiyə kampaniyasının qarşılıqlı söz duelinə çevrildiyi aydın görünür. Ankaranın koalisiyaya qoşulmamaq haqqında verdiyi qərarından sonra toplanan ABŞ Senatının Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Türkiyənin mövqeyinə sərt və təhqiramiz şəkildə təpki göstərilib. Konqresmenlər Türkiyənin açıq-aşkar şəkildə Suriyada “Nüsrət Cəbhəsi”, “Ahrarus Şam”, Fələstində “Həmas”a, Misirdə isə “Müsəlman qardaşları”na dəstək verməkdə suçlayıblar.
Ardınca hakimiyyətə yaxınlığı ilə seçilən, “New York Times” qəzeti ingilis və alman mətbuatından sonra Türkiyənin IŞID-ə dəstək verdiyini iddia edib. Hətta daha irəli gedərək bir qədər uzaq gedən nəticələr çıxarıb. Guya Ankaranın Hacı Bayram məhəlləsində IŞID-in mənzil-qərargahı yerləşir və proseslərə koordinasiya da məhz buradan edilir. Xəbərdə prezident Ərdoğan və baş nazir Davudoğlunun Ankaradakı Hacı Bayram Vəli məscidindən çıxarkən çəkilmiş fotoları da yer alıb. Düzdü bu fotonun IŞID məsələsinə aidiyyəti olduğu açıqlanmayıb. Amma bu iki məlumatın bir mətində yer alması sanki elə təəssürat yaradır ki, guya Türkiyə rəsmilərinin bu məsələdə birbaşa olmasa da dolayısı ilə əlaqələri var.
Türkiyədən əks zərbə, ABŞ-ın yeni tərəfdaşı Misir
Öz növbəsində Ərdoğan məsələyə sərt reaksiya bildirib. O, Türkiyənin uzun illər boyu terrora məruz qaldığını və bəzi Qərb dövlətlərinin terrorçulara dəstək verdiyini bəyan edib. Əslində Ərdoğan dolayısı ilə ABŞ və Qərb dövlətlərinin PKK-nı müdafiə etməkdə ittiham edib.ÿ
Göründüyü kimi, gərginliyin səbəbi təkcə IŞID məsələsi deyil. Əslində problemin kökü daha dərinə – demokratiya məsələsindən tutmuş, son ərəb-Fələstin qarşıdurmasında Ərdoğanın sərgilədiyi sərt mövqeyə qədər gedir. Bütövlükdə isə son illərdə Ankaranın daha müstəqil xarici siyasət yeritməsinə bəzi rəsmi dairələrin, xüsusilə yəhudi lobbiçilərinə yaxınlığı ilə seçilən çevrələrin verdiyi allergik reaksiya gərginliyi yaradan faktorlar sırasındadır.
IŞID-in siyasi arenaya daxil olması, deyəsən, Yaxın və orta Şərqdə dəngələri dəyişir. Yeni geosiyasi durum yaranır. Mən elə bilirdim ki, “The Wall Street Cournal” dezinformasiya yayır ki, guya Tükiyə artıq Amerikanın müttəfiqi deyil. Amma Con Kerriinin bundan sonra bu məsələdə “ABŞ-ın əsas tərəfdaşı Misirdir” bəyanatı regionda gerçəkdən əvvəlkindən fərqli yeni geosiyasi situasiya yaradır. Türkiyənin IŞID-ə qarşı mübarizədə ABŞ və onun təşəbbüsü ilə yaradılan koalisiyanı dəstəkləməkdən imtina etməsi və üstəlik “Incirlik” hərbi- hava bazasından istifadəyə icazə veməyəcəyini bildirməsi doğrudan yeni bir geosiyasi mənzərə oluşdurur.
Təbii ki, IŞID-çilərin 49 türk diplomatını girov saxlaması da Ankaranın qərarına təsir edir.(Bu yazı diplomatların azad edilməsindən öncə hazırlanıb-red). Bu xüsusda Türkiyə iqtidarının ölkənin milli çıxarlardan qaynaqlanan və xeyli məntinqli görünən 6 sualdan ibarət əhatəli açıqlaması olub. Amma inandırıçı və məntiqli görünən Türkiyənin özünə qarşı bir qaralama kampaniyası aparılması və regionun ən güçlü ölkəsini dışlamaq istəyiridir. Daha doğrusu mərdi qova-qova namərdə çevirmək istəyirlər.
Bu da hər şeydən öncə Amerika və Avropanın regional maraqlarına zərbə vuracaq. Çünki bir müsəlman ölkəsi kimi NATO-nun üzvü olan Türkiyə bu regionda IŞID-dən sonra da Qərbə çox lazım olacaq. Nəzərə alsaq ki, IŞID kimi fenomenlər və Ərdoğan kimi adiyoz fiqurlar gəldi gədərdi. Xatırladaq ki, hazırda Yaxın Şərqdə IŞID-lə savaşan PKK və digər kürd qruplaşmalarına Almaniya başda olmaqla, bir çox Qərb dövlətləri dəstək verdiklərini rəsmən etiraf ediblər. Ərdoğan Qərb dövlətlərinin terrora dəstək verdiyini iddia edərkən məhz bu amili nəzərdə tutub.
Ortada razılaşma ola bilərmi?
Ərdoğanın bu açıqlamasının ardından isə Kerri Ankaranı hədəfə götürən sensasion iddialarla çıxış edib. Kerri Türkiyənin IŞID-in neftÿsatışına vasitəçilik etdiyini deyib: “IŞID neft biznesini Suriya ilə həmsərhəd ölkələrlə qurub. Bu ölkələr isə Türkiyə və Livandır”.
Bütün bunlardan sonra adamın ağlına yüz fikir gəlir. Bəlkə, doğurdan da, ortada bir anlaşma var. Türkiyə bunu girovlara və digər səbəblərə görə açıq deyə bilmir. Üstəlik Türkiyə IŞID-ə qarşı döyüşən Bərzani, PKK, Iraq hakimiyyəti ilə bir yerdə- koalisiyada olmaq istəmir. Çünki Qərbin verdiyi bu silahların sonradan Türkiyə qarşı çevriləcəyindən ehtiyatlanır.
Təbii ki, Türkiyə ilə münasibətlərin gərginləşməsi sövq-təbii Azərbaycan-Qərb münasibətlərinə də təsir edəcək və Qərbin geosiyasi maraqlarına zərbə vuracaq. Eyni zamanda iqtisadi itkilərini isə daha da artıracaq. Ankaranın üzünü azacıq Rusiyaya, Çinə tərəf döndərməsi, Şanxay Əməkdaşlıq Təşkilatına meyllənməsi Qərbə ucuz başa gəlməz. Belə olan halda itirən kim olacaq? Qərb və Türkiyə… Bəs qazanan kim olacaq?ÿŞübhəsiz ki, Qərb, ABŞ-ın, Avropa Birliyinin, NATO-nun əzəli və əbədi rəqibləri olan hazırda sanksiyalar altında inləyən Rusiya və Çin. Odur ki, indi-belə həssas geosiyasi məqamda müttəfiq itirib, rəqib qazanmaq nə strateji, nə də taktiki baxımdan doğru deyil.