«Azadlıq» qəzetinin mühacirətdə olan baş redaktoru Qənimət Zahidin həbsxanada yazdığı «Ölüm korpusu» adlı kitab bir neçə dildə tərcümə edilir.
Kitabın ukrayna, rus, ingilis və qırğız dilində çapı planlaşdırılır. Qənimət Zahid İnterpress.az-a bildirib ki, kitabı Azərbaycanda çap etdirə bilməyib: “ Mətbəələr ehtiyat etdilər və mən anlayışla qarşıladım. Onsuz da indi Azərbaycanda istədikləri mətbəəni qapadırlar və kitab çapı da məhv edilir. Buna görə, hansısa mətbəənin əlavə olaraq mənə görə qapanmasını istəməzdim. Amma başqa dillərə tərcümə edilərək çap olunacaq. Ukraynada kitabın tərcüməsi ilə həmyerlimiz Elxan Nuriyev məşğuldur. Əslində, bu vaxta qədər kitab çap edilməli idi. Çünki Elxan bəy bu işə hələ ötən ilin sonlarından başlamışdı. Amma orada baş verən məlum hadisələr prosesi yubatdı. Təqribən eyni vaxtda «Ölüm korpusu»nun qırğız dilinə tərcüməsi ilə bağlı da təşəbbüs oldu. İki il bundan əvvəl Türkiyədə qırğız yazıçı Mamat Bolotla tanış oldum və bu tanışlığımız dostluğa çevrildi. Mən ona bu kitab barədə danışmışdım, o da ciddi maraq göstərdi və bu ilin fevral ayında mətni məndən istədi. Bildirdi ki, bu kitabı qırğız dilinə tərcümə etdirəcək. Orada işlər başa çatmaqdadır. Rus və ingilis dillərinə tərcümə də pis getmir”.
Q.Zahidin sözlərinə görə, gələn ilin mart ayına qədər «Ölüm korpusu» ən azı 3 dildə çap ediləcək. Bu ilin sonlarında isə kitabın Türkiyədə tərcüməsi başlanacaq və gələn ilin ortalarında çapdan çıxacaq.