Bu ölkənin Sərhəd Xidmətinin baş direktorunun Azərbaycana gəlişinin pərdəarxası
Bir neçə gün öncə dövlət başçısı Səudiyyə Ərəbistanının Sərhəd Xidmətinin baş direktoru Zümeyyim bin Cuveybir Əs-Səvvatın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu görüşün mətbuata verilən rəsmi açıqlaması bir sıra suallar doğurur. Belə ki, prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə siyasi, humanitar və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib. Səudiyyə Ərəbistanının Sərhəd Xidmətinin baş direktoru ilə müzakirəyə çıxarılan mövzular bir qədər qəribə görünür. Digər bir tərəfdən bu səfərin məqsədi bir qədər qaranlıqdır. Çünki bu dövlətlə Azərbaycanın quru sərhədinin olmaması iki ölkə arasında bu sahədəki əməkdaşlığın dərinləşdirilməsini bir o qədər də vacib etmir.
Amma digər bir tərəfdən bir sıra nüanslar səfərin pərdəarxası məqamları barədə düşünməyi zəruri edir. Çünki artıq bir xeyli müddətdir ki, Azərbaycanın gündəmini məhz Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən bir təriqətlə bağlı mövzular zəbt edib. Azərbaycan rəsmiləri vəhabilik təriqəti ilə mübarizə istiqamətində bir sıra addımlar atır, bəyanatlar səsləndirirlər. Digər bir tərəfdən hazırda regionda yaranmış situasiyada Rusiyaya qarşı sanksiyalarda fəal şəkildə iştirak edən dövlətlərdən biri də məhz Səudiyyə Ərəbistanıdır. Bundan başqa Obamanın xarici səfərlərində bu ölkənin önəmini xüsusi qeyd etməsi də diqqətdən qaçmamalıdır.
Səudiyyə Ərəbistanın təmsilçisi ilə görüşün pərdəarxası məqamlarına təhlükəsizlik eksperti İlham İsmayıl ilə aydınlıq gətirməyə çalışdıq. İ.İsmayıl hesab edir ki, bu səfərdə diqqət çəkən məqam səfərin Səudiyyə Ərəbistanın kəşfiyyatının rəisinin işdən çıxarılması dövrünə təsadüf etməsidir. Hələlik həmin posta təyinat baş verməyib. Bu baxımdan ekspert düşünür ki, hazırda sərhəd xidməti xüsusi xidmət orqanının bir sıra funksiyalarını həyata keçirə bilər: «İstisna deyil ki, sərhəd xidmətinin direktoru regionumuzda baş verən proseslərlə bağlı bir sıra görüşlərin keçirilməsinə səlahiyyətləndirilsin. İstər Azərbaycanın reallaşdırdığı səfərlər, istərsə də Azərbaycana edilən səfərlər onu deməyə əsas verir ki, regionda ciddi proseslər cərəyan edir. Hər halda Səudiyyə Ərəbistanı sıradan bir dövlət deyil. ABŞ prezidenti öz Avropa turnesini məhz bu dövlətdə bitirmişdi. Daha sonra Türkiyə baş nazirinin müavini məhz Səudiyyə Ərəbistanından Azərbaycana səfər etmişdi. Bütün bu olaylar eyni kontekstdə qiymətləndirilməlidir. Bəlkə də bu proseslər eyni mərkəzdən idarə olunur və Azərbaycanla Səudiyyə Ərəbistanı burada fiqurlardan biridir».
Görüşdə Azərbaycanda vəhabiliklə bağlı məsələlərin müzakirəyə çıxarılmasına gəlincə isə İ.İsmayıl bildirdi ki, bu mövzuda Səudiyyə Ərəbistanı təmsilçiləri ilə danışılması qeyri-real görünür. Çünki vəhabilik onların rəsmi dilidir və bütün dünyada bu cərəyanı məhz Səudiyyə Ərəbistanı müdafiə edir.
Xəyal