– “Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə – nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”;
– “Bilmirəm bu nə psixologiyadır ki, düşünürlər, əgər mən bu məhsulu istehsal edirəmsə, başqası gərək istehsal etməsin. Başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun. Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz”;
– “Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur”;
– “Sahibkarlar tez-tez yerli icra orqanlarının səbəbsiz yoxlamaları ilə rastlaşırlar. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Yoxlamaların böyük əksəriyyətinin arxasında maddi təmənna dayanır…”
***
Hörmətli oxucular, yuxarıda oxuduğunuz sətirlər Ilham Əliyevin Nazirlər Kabinetinin doqquz ayının yekunlarına həsr olunan srağagünkü iclasında çıxışındandır. Maraqlıdır ki, qəzetlər, xəbər portalları onun dediklərini elə təqdim edirlər, sanki sadalanan həmin problemlər barədə ilk dəfə eşidirlər. Guya ölkədə korrupsiya və monopoliyanın olması sirr imiş, hər kəs bunu Əliyevin çıxışından öyrənir.
Şübhəsiz, Azərbaycanın bugünkü dərdləri, qayğıları, problemləri məlum çıxışdakı tənqidi notlarla müqayisədə daha ağır, daha dözülməzdir. Ancaq hər halda hakimiyyətin birinci şəxsinin çizdiyi tablo da ölkədə nə qədər yanlış idarəetmənin hökm sürdüyünü düşünməyə kifayət edir – bu öz yerində.
Amma burada vurğulanması gərəkən daha bir önəmli not var. Cəmi 7-8 ay öncəyədək, – hansı ki, hələ neftin qiyməti bu qədər yerlərdə sürünmürdü, manatın devavasiyası-zad çoxlarının ağlının ucundan belə keçmirdi! – rejim mənsublarının nitq tonu tamamilə fərqli idi. Ölkənin ümumi mənzərəsi ancaq ağ rəng fonunda təqdim olunur, ən yaxşı halda hansısa məmur oğlunun qudurğanlığı ilə bağlı tənqidlər səsləndirilir, bununla da elə bir fikir formalaşdırılmağa çalışırdı ki, Azərbaycanın bütün problemləri həll edilib, hər şey güllük-gülüstanlıqdır, bircə bu məmur balaları da avtoşluq eləməsələr, heç bir dərdimiz qalmazdı.
Üstəlik, Azərbaycanın siyasi və iqtisadi baxımdan yanlış yolla getdiyi, bu gedişatın yaxın perspektiv üçün xalqa yaxşı heç nə vəd etmədiyi, inhisarçılığın və korrupsiyanın ağacı qurd içindən yeyərmişcəsinə ölkəni hər gün bir az da çətin suallar qarşısında qoyduğu barədə yazılanlar, deyilənlər inadla inkar olunur, bu cür düşünən hər kəs Azərbaycanı sevməyən qüvvələrə işləməkdə, düşmən dəyirmanına su tökməkdə, hər şeyi ancaq qara rəngdə görməkdə ittiham edilir, “ünsür”, “element” adlandırılır, vətən xaini kimi damğalanır, həbsə atılır, döyülür, ölkədən didərgin salınırdı.
Indi isə özləri də etiraf edirlər ki, ölkədə ədalətsizlik, talan sərhəd tanımır, inhisarçılıq at oynadır. Bu etiraflarla həm də rejim mənsublarının öz opponentlərinə, tənqidçilərinə qarşı 37-ci il leksikonundakı suçlamaları, sifarişli həbslər üçün uydurulan ittihamları da elə özləri ifşa edir, sabun köpüyü kimi dağılır.
***
Bəli, aydın məsələdir: neftin qiymətinin düşməsi ilə yaptokratiyanın ancaq “qara qızıl”dan gələn pullar üzərində qurulan təntənəsi də laxlamağa başlayır, hakimiyyətdəkilər də bunu görürlər, belə bir vəziyyətin öz iqtidarlarına necə böyük təhlükələr yaratdığının fərqinə varırlar və nitqlərinin məzmununu da, danışıqlarının tonunu da ciddi şəkildə redaktə edirlər.
Bu isə məndə gələcəklə bağlı ümidverici heç bir hiss yaratmır. Ən xırda müsbət dəyişiklik ümidi doğurmur. Niyəsini soruşursunuzsa, səbəbim sadədir: mən bu Sistemin hüquqsuzluq, inhisarçılıq, korrupsiya olmadan varlığını davam etdirə biləcəyinə inanmayanlardan, bunu yaptokratların özlərinin də yaxşı bildiyinə əmin olanlardan, elə ona görə də sadaladıqlarımın heç birini real şəkildə aradan qaldırmayacaqlarını düşünənlərdənəm.