Guya hazırdan bizim şanlı ölkədə parlament seçkiləri keçirilir. Artıq indidən deyə bilərik ki, seçkinin heç yamsılanması da olmadı bu. Əvvəllər pis-yaxşı tamaşa qurulurdu, saxta seçkilərin bir şousunu görə bilirdi xalq, amma 2015 parlament seçkiləri ilkindən normal seçki anlayışının işartıları olmayan bələdiyyə seçkilərinin gününə düşdü.
Bəlli olur ki, heç 4 dəqiqəlik pulsuz efir çıxışları da olmayacaq bu dəfə. Pullu efirə üz tutmalısan, onun da qiyməti lap gül vurub. Bu arada Ictimai Televiziya seçkilərdə iştirak edəcək namizədlər üçün ayrılacaq pullu efir vaxtının qiymətini açıqlayıb. Namizəd 1 dəqiqəlik çıxış üçün 1200 AZN-dən 3000 AZN-ə qədər vəsait ödəməlidir. Kanalın müəyyən etdiyi tarifə görə, 1 saniyəlik efir vaxtının qiyməti 20 AZN-dən 50 AZN-ə qədərdir. Yəni ancaq ölkəni talan edənlər bu qiymətə efir vaxtı ala bilərlər…
Iqtisadçı Samir Əliyev bu qiymətlərə baxıb, heç bir normal şərh verə bilməyib və deyib: “Deputatlığa namizəd TV-də çıxışı zamanı asqırarsa və ya öskürərsə, 50 manat zərərə düşəcək. Namizədlərə tövsiyə: çalışın, özünüzü soyuğa verməyin!”
Indi yadınıza salın, bizim bu hökumət Avropa Oyunları deyilən qondarma tədbirdə hər idmançıya bir ətək pul ödəmişdi ki, sadəcə, gəlib bu ölkədə yağ-bal içində üzərək tullanıb-düşsünlər. Onların bütün xərclərini də çəkmişdi hökumətimiz…
Bunlar ölkəni elə duruma salıb, bəlkə də kimsə fikirləşir ki, deputat olmaq istəyən zəhmət çəkib özünə efir almalıdır. Indiki parlamenti düşünəndə deputatlara bu söz yaraşa bilər, baxmayaraq ki, onlar çıxış etməməyə üstünlük verənlərdir. Amma işin gerçək tərəfinə görə, xalq seçdiklərini tanımalıdır, onları dinləməlidir. Bu efir deputat seçilmək istəyəndən öncə seçmək istəyənə ayrılır. Xalqa ayrılır ki, seçmək istədiyini tanıya bilsin. Normalda belədir. Bizdə isə parlament üzvləri Ilham Əliyevin əlindən keçən siyahı ilə müəyyənləşdiyi üçün xalq hazırda bu 4 dəqiqə ilə heç nə itirmir. Zatən xalq heç seçkiyə gələn deyil. Elə biz də bundan fərqli bir şey gözləmirdik…
Sadəcə demək istəyirik ki, YAP hakimiyyəti hətta yalançı seçki tamaşasına da gərək bilmədi. Bundan isə ən böyük təlaşı elə yapçıların özü keçirməlidir. Onsuz da onlar təlaş içindədir. Neftin qiymətdən düşməsi ilə başlanan iqtisadi böhranın nə ilə bitəcəyi hamıdan çox onları narahat edir. Həm öz qazancları azalıb, oğurluq və varlanmaq imkanları tükənib, həm də hakimiyyətin gələcəyi sual altına düşüb. Əvvəllər də ölkədə azadlıqlar yox idi, amma bəlli qədər abadlıqlar var idi. Bununla xalqı aldatmaq olurdu. Amma indi abadlıqlar da yoxdur, üstəlik, hakimiyyətə beynəlxalq münasibətlər də ürəkaçan deyil…
Belə bir durumda bütün azadlıqları qapamaq, heç bir dəyişikliyə getməmək, yenidən siyahı ilə “susqun” parlament düzəltmək, hələ bir az da irəli getmək o deməkdir ki, rejim xalqın maraqlarını heç düşünmür, deməli, vəziyyət kəskinləşməkdə, ağırlaşmaqda davam edəcək! Bu da xalqın narazılığının kəskinləşməsi deməkdir elə.
Xalqın mövqeyi bəllidir: işi-gücü asılı olanlar zorla səsverməyə gətirilə bilər, amma xalq seçkidən üz döndərib. Məsələ tək seçkidə də deyil. Xalq çətinləşən durumu bütün aydınlığı ilə hiss edir, bilir, görür… YAP nə etmək istəyir bəs? Xalqın artan narazılığı ilə baş-başa qalmaqda davam etməkmi istəyir? Üzü aşağı!