«Teleməkanda olanların nəticələri ilə yox, səbəbləri ilə mübarizə aparmaq lazımdır»
Elçin Şıxlı: «Azərbaycandakı seçki sistemi sovet quruluşuna çox yaxınlaşıb»
Son günlər Azərbaycanın efir məkanında baş verənlər gündəmin əsas mövzularından birinə çevrilib. Amma baş verənlərlə bağlı bir sıra suallar da yaranmamış deyil. Bu addımlar niyə məhz indi atılır? Teleməkanda uzun müddət hökm sürən bu durumun əsl səbəbi hakimiyyətin yürütdüyü siyasət olsa da, telekanallar məhz bu siyasətə riayət etdiklərinə görə cəzalandırılır. Müsahibimiz çapı dayandırılmış “Ayna”-“Zerkalo” nəşrinin baş redaktoru Elçin Şıxlı ilə söhbətimizə bu sualdan başlasaq da, gündəmdə olan digər məsələlərə də münasibət öyrəndik.
– Bir qədər qəliz məsələdir. Onun incəliklərini bilmədən bir şey söyləmək çətindir. Mən Nuşiravan Məhərrəmlinin müsahibəsini oxudum. Televiziyaları da bu vəziyyətə salan elə dövlət strukturlarının özləridir. Mən heç kimi tərifləmək və heç kimin tərəfini tutmaq istəmirəm. Amma ANS-də olan ciddi ictimai-siyasi proqramların böyük əksəriyyəti bağlandı. Çünki digər kanallarda şoular gedirdi, bayağı mahnılar çalınırdı, aşağı səviyyəli insanlar ekranlara çıxarılırdı. Nədənsə millət deyib-gülməkdən həzz alır. ANS-in ciddi proqramları reytinqdə uduzduğuna görə bu şirkət də məcbur oldu ciddi ictimai-siyasi proqramları ləğv etsin. Bundan sonra da ANS digər kanalların yolu ilə getməyə başladı. Daha bir irad tutulur ki, televiziyalarda peşəkar kadr yoxdur. Peşəkar kadr ona görə problemdir ki, Qulu Məhərrəmli kimi televiziya mütəxəssisini heç bir televiziyaya yaxın qoymurlar. Buna səbəb şəxsi-qərəzlilik və hökumətdən gələn tapşırıqdır. Ictimai-siyasi proseslərdən xəbəri olmayan adamlar televiziyada ictimai-siyasi proseslərdən danışır. Məsələn, hansı televiziyanı açırsan orda toy müğənillərini görürsən, bayağı mahnılar çalınır. Sözün doğrusu televiziyalarda mənəviyyat problemi həqiqətən də var. Biz bunun səbəblərini araşdırmalıyıq. Bizim telekanallarda rəsmi olmasa da, qeyri-rəsmi senzor işləyir. Onlar bütün məsələlərə baxırlar, hansı məqama toxunmağı, hansına isə toxunmamağı o müəyyən edir. Konkret çərçivələr var. Həmin çərçivələrə görə filankəsi göstərmək olar, amma filankəsi göstərmək olmaz. Televiziyadakı hazırkı durum, sovet zamınından da əcaib forma alıb. Deyir, nə tökərsən aşına, o da çıxar qaşığına. Məsələ o qədər əcaibləşib ki, Prezident Administrasiyasından dövlət siyasətini həyata keçirən Milli Teleradio Şurasına göstəriş veriblər ki, bu biabırçılığı yığışdırın. Nuşirəvan Məhərrəmli ziyalılardan çox danışır. Cəmiyyətdə ziyalı qoyublar ki? Kim müstəqil fikir söyləyir, ya onu həbs edirlər, ya da ölkədən didərgin salırlar. Belə vəziyyətdə ziyalı ola bilər? Azərbaycan telekanallarına, ümumiyyətlə, heç kim baxmır. Kimin imkanı var, xarici kanallara baxır. Əksəriyyət rus kanallarına baxır. Bu isə pis tendensiyadır. Çünki rus təbliğatı bizim beynimizi doldurur. Kimisi Türkiyə kanallarına baxır. Amma türk kanallarının keyfiyyəti yüksək deyil. AKP-nin siyasəti ilə razılaşmayan normal türk kanalları hətta kabel televiziyasından da çıxarılır.
“Peşəkarlıq səviyyəsi aşağı olan serial ssenariləri”
Daha sonra bizim yerli seriallardan çox danışılır. Yerli serialların çəkilişi üçün xeyli pul ayrılıb. Araşdırma aparılsa ki, bu vəsaitin xərclənməsi kimə tapşırılıb, serialların ssenarisi hansı formada qəbul olunur, bu pulları idarə edən kimdir, maraqlı cavablar meydana çıxacaq. Bu məsələlərlə kimlərin məşğul olduğu Teleradio Şurasına da məlumdur, Prezident Administrasiyasına da. Bu şəxslər cəzalandırılmalıdır. Bilinməlidir ki, seriallara ayrılan 5 milyon vəsait hara və necə xərclənib. Yerli serialların ssenarilərinin peşəkarlıq səviyyəsi olduqca aşağıdır. Nuşirəvan Məhərəmmli deyir ki, biz 21-ci əsrdə yaşayırıq, ANS 90-cı illərdə qalıb. Iyirmi birinci əsrdə bu səviyyədə serial çəkilməz. Hazırda teleməkanda olanların nəticələri ilə yox, səbəbləri ilə mübarizə aparmaq lazımdır.
– Uzun müddət idi ki, telekanalların bəziləri bir şəxsin cinayəti sübuta yetirilməmiş ona cinayətkar adı verir və ya Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinə qarşı çirkin kampaniya aparır. Bunlarla bağlı niyə ölçü götürülmür?
– Bu sualı Nuşirəvan Məhərrəmliyə vermək lazımdır. O bəyan edir ki, ANS ilk pornoqrafik filmi yayımlayıb. Amma “Azadlıq”ın direktoru Azər Əhmədov və “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayıl ilə bağlı verilənlər niyə unudulur? Bu, insanların təhqir olunması, şəxsi həyatına qarışılması deməkdir. Amma hazırda bəyənmədikləri ANS məni və “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevi dəvət etdi, bu məsələni müzakirəyə çıxardı. Niyə bu qaydaları pozan kanallara heç nə deyilmir, niyə birtərəfli siyasi icmallar gedir? Teleməkanda alternativ fikir heç yerdə yoxdur. Azərbaycanda söz azadlığı yox səviyyəsindədir. Söhbət təkcə telekanallardan getmir. Mətbuatda normal qəzet qalmayıb. Küçədə sorğu keçirsən məlum olacaq ki, 5-10 nəfər qəzet oxuyur, ya yox. Nuşirəvan Məhərrəmli bəyan edir ki, televiziyanın daşı, divarı, avadanlığı hər hansı şəxsin ola bilər. Amma teleefir heç kimin mülkiyyəti deyil. Bəli, düzdür. Bəs o zaman neçə ildir bu biabırçılığı efirə kim buraxırdı?
“Parlament heç bir səlahiyyət yiyəsi deyil”
– Parlament seçkilərinə az müddət qalsa da ölkədə seçki ab-havası yoxdur. Əvvəlki seçkilərdən fərqli olaraq seçkidə MIS rəhbərləri, bağça tərbiyəçiləri də namizəd olublar. Bu, seçkidə süni görüntünün yaradılmasına xidmət edir. Bu cür mənzərə nədən yaranıb?
– Hakimiyyətin dayaqları olur. O dayaqlardan biri də qanunverici orqandır. Amma bizim parlament icra strukturundan onlara ötürülmüş qanunları bir qədər müzakirə edib, qəbul etməkdən başqa səlahityyətə sahib deyil. Hansı deputat ağzını açıb fikrini söyləmək istəyirsə, spiker onun ağzından vurur ki, parlament danışmaq yeri deyil. Onsuz da danışmaq istəyən yoxdur. Hərdən bir nəfər də nəsə demək istəyəndə ağzından vururlar. Parlamentdə danışılmasın, bəs harada danışılsın? Parlament öz əhəmiyyətini, çox təəssüf ki, itirib. Hər bir vətəndaşın hüquqdur ki, seçsin və seçilsin. YAP namizədlərinin siyahısını təqdim edib. Mən bəzilərinin adını tanımadım və internetdə axtarış verdim. Heç yerdə onların adlarını tapa bilmədim. Cəmiyyətdə tanınmayan adamlar niyə partiya siyahısına düşməlidir? Cəmiyyətdə də sorğu keçirsəniz ki, “seçkiyə gedəcəksiniz?”. Cavab birmənalı olacaq ki, seçki nədir, onsuz da mən kimə səs verirəmsə, o keçmir. Bu uzun müddətdir davam etdiyindən seçkiyə inam itib. Hazırda yaranmış mənzərəyə gəlincə, görünür, bir çoxlarına tapşırırlar ki, get seçkidə namizədliyini irəli sür, sonra isə həmin şəxsə pul verəcəklər ki, namizədliyini geri götür və sakit otur. Azərbaycandakı seçki sistemi, sxemi sovet quruluşuna çox yaxınlaşıb. Amma sovet zamanında parlamentə baxanda heç olmasa cəmiyyətin tanıdığı şəxsləri görürdün. Təəssüf ki, həmin kişilər getdi. Onlar dünyasını dəyişib. Cəmiyyətin tanıdığı ziyalılar isə parlamentdə oturmağı özlərinə həqarət sayır.
“Azərbaycan özünü təcrid edir”
– Seçki ilə bağlı daha bir məqam odur ki, əgər əvvəlki seçkilərdə tanınmış beynəlxalq təşkilatlar ATƏT, Avropa Birliyi demokratik qüvvələrə seçkiyə qatılmağı tövsiyə edirdisə, hazırda bu təşkilatlar özləri seçkini izləməkdən imtina edib. Azərbaycan hakimiyyəti isə öz növbəsində ona qarşı tənqidi fikir söyləyən beynəlxalq təşkilatları hədəf alıb. Bu siyasət Azərbaycana nə vəd edir?
– Təəssüf ki, Azərbaycanda demokratik qüvvə deyə biləcəyimiz bir neçə təşkilat qalıb. Həmin təşkilatlar da seçkiyə getməkdən imtina ediblər. Beynəlxalq təşkilatların seçkini izləməkdən imtina etməsinə gəlincə, bu tam imtina deyil. Onlar seçkini müşahidə etməyə istədikləri sayda nümayəndə göndərməyəcəklər, amma seçkiyə rəy verəcəklər. Təəssüf ki, Azərbaycan özünü təcrid etmək yolu tutub. Düzdür, ideal cəmiyyət yoxdur. Avropada hətta rüşvətxorluq sxemi qursan belə bunun ömrü bir neçə il çəkə bilər. Çünki Avropada nazirlər, hakimiyyətlər, prezidentlər dəyişir. Avropada ictimai rəy, azad media olduğundan korrupsiya əməllərinin üstü tez açılır və cəmiyyət buna reaksiya verir. Azərbaycanda isə hətta məmurun korrupsiya əməlindən yazsan belə buna heç kim reaksiya vermir. Azərbaycan hazırda təhlükəli xarici siyasət yürüdür. Arzulayardıq ki, Azərbaycan hazırda heç bir yana yıxılmasın və özünü dünyadan təcrid etməsin. Azərbaycan hazırda Rusiyaya istiqamətlənən kurs seçib. Rusiya bizim böyük qonşumuzdur. Onun güclü təzyiq imkanları var. Azərbaycan özünü Avropadan, Amerikadan Rusiyanın xeyrinə təcrid etmək istəyir. Rusiyada nə yaxşı şey var ki, biz buna görə Qərbdən imtina edirik? Rusiyanın özü bu qədər çətin vəziyyətdədir. Neftin ucuzlaşmasına görə Rusiyanın iqtisadiyyatı tənəzzül yaşayır. Rusiyanın hazırda Suriyaya qoşun yeritməkdə ən başlıca məqsədi odur ki, müəyyən bir konflikt yaratsın ki, bəlkə bunun nəticəsində neftin qiyməti artsın. Azərbaycanın belə bir ölkə ilə qardaşlaşmasına nə ehtiyac var. Hazırda biz Türkiyəni başlıca strateji müttəfiqimiz, böyük qardaşımız adlandırırıq. Bunları anladıq. Axı indi Türkiyə Rusiya ilə konflikt səviyyəsinə gəlib çatıb. Türkiyənin hava məkanını Rusiya təyyarələri bir neçə dəfə pozub. Rusiya ilə Türkiyə arasında diplomatik münaqişə yaranmaqdadır. Biz isə Türkiyəni qoyub Rusiyanın tərəfini tuturuq. Hazırda dünyada siyasi proseslər elə sürətlə hərəkət edir ki, biz də Azərbaycan olaraq buna çox çevik şəkildə uyğunlaşmalıyıq. Amma təəssüf ki, hələ bir çeviklik hiss olunmur.
“Azərbaycan Avrasiya Ittifaqına girsə, bu ən böyük faciə olacaq”
– Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib ki, Azərbaycan Avrasiya Ittifaqının üzvü ola bilər. O, hətta belə bir ifadə də işlədib: “heç zaman heç zaman deməyin”. Yəni bununla Qərbə bəyan olunur ki, Azərbaycan Rusiyanın proyektinin iştirakçısı ola bilər. Azərbaycanın dünyadan təcrid siyasəti aparan dövlətlə bir sırada dayanmaq istəyini tam rəsmiləşdirməsi nə vəd edir?
– Azərbaycan Avrasiya Ittifaqına girsə, bu, Azərbaycanın ən böyük faciəsi olacaq. Gənclər eşidiblər, amma biz istiqlaliyyat uğrunda mübarizənin iştirakçısı olmuşuq. Biz torpaqlarımızı SSRI-dən ayrılmaq istəyimizə görə itirdik. Bütün bunlardan sonra biz Avrasiya Ittifaqına qoşulsaq, hesab edin ki, Azərbaycan öz müstəqilliyini ən azı de-yure olmasa da, de-fakto itirəcək. Hazırda dünyada ciddi geosiyasi qarşıdurma gedir. Biz çalışmalıyıq ki, bu proseslərdə ciddi itkiyə məruz qalmayaq.
– Rəsmilər bəyan edir ki, qarşıdakı illər Azərbaycan üçün ağır olacaq. Gələn ilin büdcəsi 11 milyard dollar azaldılıb. Ölkəyə gələn 120 milyard neft pulu, demək olar, tam xərclənib. Azərbaycanın bu cür qəliz iqtisadi duruma düşməsinin səbəbi nədir? Buna görə kim məsuliyyət daşıyır?
– Əslində bizim dövlət büdcəmiz şişirdilmişdi. Bu qənaət tədbirləri bir tərəfdən normal şeydir. Diqqət yetirin, Azərbaycan məmurlarının dövlət büdcəsi hesabına alınmış modellərinə baxın. Hər bir nazirin BMV 7-ci seriyadan aşağı maşını yoxdur. Hətta mənim bəyənmədiyim Rusiyada belə populist yanaşma olsa belə qərar verilib ki, rəsmilər yerli istehsal olunan avtomobillərdən istifadə etməlidirlər. Azərbaycan avtomobil istehsal etmir. Amma dövlət məmurlarının avtomobillərini tez-tez dəyişməyə nə ehtiyac var? Pula qənaət olunmalıdır, dövlət strukturlarının ştatları şişirdilib. Bu sistem sovet dövrünə yaxındır. Bu sistemdə 3 nəfər işləyir, yerdə qalan iyirmi nəfər isə işsiz-gücsüz gəzərək, özlərini işə vermirlər. Bundan başqa, Azərbaycanın liberal iqtisadiyyat “qurmaq” cəhdlərimiz alınmadı. Azərbaycanda ədalətli rəqabət mühiti yoxdur. Azərbaycan yalnız neftin satışından gələn pullara ümidli olub. Iqtisadiyyatın digər sahələrinə diqqət yetirilməyib. Əsas liberal bazar iqtisadiyyatı olmalıdır. Bu zaman iqtisadiyyatın bütün sahələri inkişaf edər. Ölkədə inhisarçılıq baş alıb gedir, rəqabət yoxdur. Ona görə qiymətlər bahadır.
Xəyal