AXCP-yə qarşı “Razi əməliyyatı” növbəti mərhələsinə qədəm qoyub. Əldə etdiyimiz məlumata görə, artıq şəhər və rayonlarda guya Razi Nurullayevin tərəfinə keçən cəbhəçilərdən ibarət qurultaya hazırlıq konfranslarına başlanıb. İlk brlə tədbir avqustun 29-da Sumqayıtda keçirilməlidir.
Məlumatda deyilir ki, Razi Nurullayevə saxta konfransların təşkilində kömək üçün Prezident Administrasiyasından şəhər və rayon icra hakimiyyətlərinə tapşırıq da verilib. Tapşırığa əsasən, icra hakimiyyətlərinin siyasi partiyalarla iş üzrə şöbələri Razi Nurullayevin konfransları üçün yer ayırmalı və adam toplamalıdır. Məlumata görə, yerlərdə tapşırığa uyğun işlərə artıq başlanıb. “İstefa vermiş AXCP üzvləri” adı altında YAP və başqa təşkilatlardan adamların siyahısı hazırlanır.
Yeri gəlmişkən, Sumqayıtda guya AXCP-dən istefa verib Razi Nurullayevin tərəfinə keçən adamların bu partiyaya aidiyyatının olmadığı hələ bu barədə məlumat yayılanda ifşa edilmişdi. Bəlli olmuşdu ki, onlardan biri – Şakir Məmmədov KXCP-nin şəhər şöbəsinin sədri kimi tanınır, qalanlarının siyasi kimliyi isə ümumiyyətlə, naməlumdur. İndi daxil olan məlumatda deyilir ki, Sumqayıtda Razi Nurullayev üçün təşkil olunan konfransın iştirakçıları da əsasən Şakir Məmmədov və onun KXCP-dən bir neçə tanışı olacaq.
AXCP mətbuat xidmətindən azadliq.info-ya bildirilib ki, Razi Nurullayev üçün AXCP adı altında keçirilən və keçiriləcək konfransların, hər hansı başqa tədbirin bu partiyaya heç bir aidiyyatı yoxdur. AXCP növbəti qurultayına hazırlıq məqsədilə yerli şöbəlrdə konfranslarını keçirir və bu barədə sosial şəbəkələrdə, “Azadlıq” qəzetində mütəmadi məlumatlar dərc olunur, bunu təsdiqləyən fotolar paylaşılır. Partiya bəyan edir ki, Razi Nurullayev üçün AXCP şöbələrinin konfransları adı altında təşkil olunacaq tədbirlərin heç bir hüquqi əsası yoxdur. Onlar legitim deyil və AXCP-yə qarşı təxribat olmaqla yalnız cəmiyyətdə çaşqınlıq yaratmağa xidmət edə bilər.