“AMAY” Ticarət Mərkəzinin rəhbəri, keçən ilin aprelindən həbsdə olan Abdulla Abdullayevin məhkəməsi iki aya yaxın fasilədən sonra dünən davam etdirilib. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır.
Abdulla Abdullayev iki aya yaxındır ki, məhkəmənin keçirilməməsinə etirazını bildirib: “Nə baş verir? Iki aydır ki, məhkəmə niyə keçirilmir? Birdəfəlik hökmü oxuyun…”
Məhkəmə iclasında həmçinin Sahibkarlığa Kömək Milli Fondunun əməkdaşı Emin Nəzərov ifadə verib. O, 3 milyon 986 min 863 manat məbləğin “Birlikbank”dan tələb olunduğunu bildirib.
Qeyd edək ki, Abdulla Abdullayev “Birlikbank”ın Müşahidə Şurasının sədri olub. Şahidin ifadəsinə “AMAY Abdulla” etiraz edib: “Bunlara dələduzluqla bağlı ittiham irəli sürülməlidir, vəzifələrindən də sui-istifadə ediblər. Əgər bu ittiham mənə qarşı qaldırılıbsa, onlara qarşı da qaldırılmalıdır. ”Birlikbank" tərəfindən həmin sənədlərə bankın Idarə Heyətinin sədri olmuş Səriyyə Səmədova imza atıb. Orada mənim adım yoxdur. Bu, qərəzdən, qəsdən, yoxsa bilməməzlikdən irəli gəlir?
Bu boyda danışıram, məni eşitmirlər. Eyni məbləğ birinci dəfə girovlarla ödənilib, ikinci dəfə həmin vəsait nəğd pulla mənə ödətdirilib. Amma 16 aydır ki, içəridə otururam. Indi təkrar 520 min manat da əlavə tələb edirlər. O əmlakların hamısı bunların tələbi ilə təhvil alınıb".
Xatırladaq ki, bu iş üzrə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılanlar arasında Abdulla Abdullayevin özü ilə yanaşı, beş nəfər işçisi – Elşən Nəzərov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Nadejda Ilyasova da var. Onlara qarşı dələduzluq, mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Amma Abdulla Abdullayev istisna olmaqla, digərlərinin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Aytən