Əli Kərimli: "Elçibəyin “Azərbaycana müstəqilliyi biz gətirdik, demokratiyanı da biz bərqərar edəcəyik” sözləri üzərimizə qoyulan vəzifədir"
"Millətimizin, gəncliyin verdiyi dəstəklə itkilərimizin yerini doldurmuşuq, yaralarımızı sağaltmışıq, sıralarımızın seyrəlməsinə imkan verməmişik"
Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası AXC-nin yaranmasının 26 illiyini qeyd edir. Bu münasibətlə AXCP rəhbərliyi və partiya üzvləri Azərbaycan Milli-Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı başına toplaşıb. Əbülfəz Elçibəyin məzarı başında çıxış edən AXCP sədri Əli Kərimli hərəkatın yaranma zərurətindən və onun keçdiyi yoldan danışıb:
"Bu gün Azərbaycan Xalq Cəbhəsi təşkilatının qurulmasının 26-cı ildönümüdür. Biz partiyamızın ilk sədri, Milli-Azadlıq Hərəkatının şəriksiz lideri, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin məzarını bu münasibətlə bu gün yad edirik. 26 il bundan öncə başlanmış Xalq Cəbhəsi Hərəkati, ilk gündən xalqın onun düşmənlərinə qarşı açdığı cəbhə oldu.
Buradakı veteranlar xatırlayırlar. İlk günlərdən minlərlə azərbaycanlı, qeyrətli vətən oğulları Xalq Cəbhəsinin sıralarına qoşulub torpaqlarımızı düşməndən azad etmək üçün Qarabağa getdilər. Bu yolda minlərlə cəbhəci şəhid oldu. Minlərlə cəbhəçi qazi oldu. Biz torpaqlarımızı o zaman millətimizin gücü ilə, öz gücümüzlə xeyli dərəcədə müdafiə edə bildik. Bilirsiniz ki, Azərbaycan torpaqlarının daha böyük ölçüdə işğalı, hakimiyyət dəyişikliyindən sonra baş verdi. Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən sonra Azərbaycan Milli Ordusunun 33 batalyonu tərxis olundu və torpaqlarımız müdafiəsiz qaldı.
Azərbaycan Xalq Cəbhəsi Hərəkatı ilk gündən müstəqillik uğrunda, Qarabağ uğrunda, demokratiya və azadlıqlar uğrunda hərəkat kimi meydana gəldi. Amma Azərbaycanda avtoritar sülalə hakimiyyətinin formalaşmasından sonra təşkilatın üzərinə yeni bir missiya düşdü: Azərbaycan xalqının demokratiya və azadlıqlar uğrunda mübarizəsinə öncüllük, bu yolda fədakarlıq etmək missiyası. Böyük şərəflə cəbhədaşlarım bu missiyanı yerinə yetirməkdədilər.
Bu gün də Xalq Cəbhəsinin sıralarında bu ağır məsuliyyəti çiynində daşıyan minlərlə veteran cəbhəçiyə buradan öz təşəkkürümü bildirirəm. Azərbaycan Xalq Cəbhəsi yolu çox çətin bir yoldur, məhrumiyyətlərlə dolu bir yoldur. Bu yolda bizim çoxlu məhrumiyyətlərimiz, itkilərimiz olub. Əgər millətimizin, xüsusilə, onun gənc nəslinin dəstəyi olmasaydı, biz bu yolu bu qədər uzun müddətə gələ bilməzdik.
Məhz millətimizin, gəncliyin verdiyi dəstəklə biz itkilərimizin yerini doldurmuşuq, yaralarımızı sağaltmışıq, sıralarımızın seyrəlməsinə imkan verməmişik. Ona görə ki, millətimiz bağrından çıxardığı bu təşkilata sonuna qədər sahib olub. Bu günləri mən Xalq Cəbhəsi yolunu, Əbülfəz Elçibəy yolunu getməkdə davam edən bütün mübariz gəncliyə də buradan təşəkkürümü bildirirəm. Biz cəbhəçilərin hər zaman sevə-sevə sitat gətirdiyi bir sözü var bəyin: “Azərbaycana müstəqilliyi biz gətirdik, demokratiyanı da biz bərqərar edəcəyik”.
Biz bu ad günümüzdə hamımız bunun məsuliyyətini hiss etməliyik. Əbülfəz Elçibəyin inamla dediyi, bizim ürəyimizdən xəbər verən bu sözlər, yalnız Əbülfəz Elçibəyin millət qarşısında hədəf göstərməsi deyildi, həm də bizlər üçün, bu yolda olduğunu bəyan etmiş bütün insanlar üçün bir vəzifədir. Hamımız bu vəzifənin mütləq yerinə yetirilməsindən ötrü səfərbər olmalıyıq ki, o böyük şəxsiyyətin inamla dediyi sözlər gerçəkləşsin və Azərbaycan xalqı necə ki, ilk gündən bağrından çıxardığı təşkilatına, Xalq Cəbhəsinə sahib olub, Xalq Cəbhəsi də ləyaqətlə bu missiyanı başa çatdırsın.
Biz də hər zaman bura gələndə Azərbaycanın Milli-Azadlıq Hərəkatının liderinin məzarı önündə başımız dik olsun və əminliklə deyək ki, “Böyük lider, dediyini etdik”. İnşallah o gün də gələr. Bayramınız mübarək".