Ilham Əliyevin son iki sərəncamı hələ də müzakirə mövzusudur: Mikayıl Cabbarovun “Içərişəhər” Qoruq Idarəsi rəisliyindən çıxarılıb təhsil naziri, Qüdsi Osmanovun isə Sankt-Peterburq konsulu vəzifəsindən geri çağırılıb, Rusiyadakı səfir Polad Bülbüloğluna müavin göndərilməsi.
Ilk baxışda bir-birinə zidd kimi görünən bu kadrları nə birləşdirir: təkcə əmrlərinin eyni gündə verilməsimi?
Fərhad Əliyevin biznes şəriki
Başlayaq ondan ki, Təhsil nazirinin vəzifədən götürüləcəyi aylardır gözlənilən xəbər idi; ən azı, Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında qalmaqal sona varmalıydı. Əslində, struktur islahatı aparılmalı, elm, təhsil və qəbul məsələləri bir nazirlikdə birləşdirməli və yeni nazirlik bütün məsuliyyəti öz üzərinə götürməliydi. Doğrusu, gözlənilən də budur; necə ki, MTN ilə Sərhəd Qoşunları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dövlət Sosial Müdafiə Fondu birləşdirilməlidir. Eyni təyinatlı qurumları bu şəkildə müxtəlif parçalara ayırmaqla idarəetmə sistemi yalnız Azərbaycan kimi korrupsiya və rüşvət bataqlığında boğulan ölkələrə xasdır: heç bir sivil, normal, demokratik ölkədə bu cür “törəmə qurumlar” görməzsən.
Amma bunlar baş vermədisə də, bu struktura tamamilə yad adamın Təhsil naziri gətiriləcəyi gözlənilməz idi. Tərəfdarlarının dediyi kimi, Mikayıl Cabbarov “ABŞ təhsili görmüş” savadlı insan olsa da, heç vaxt təhsil sistemində çalışmayıb və bu struktura bələd deyil. 19 yaşında bank sektorunda çalışan, 27 yaşında Iqtisadi Inkişaf naziri Fərhad Əliyevə müavin təyin edilən, 33 yaşında “Içərişəhər” Qoruq Idarəsinə rəis göndərilən iqtisadçı-hüquqşünas Mikayıl Cabbarov təhsil sahəsində hansı təcrübəsini həyata keçirəcək?
Ictimai-siyasi imicinə qaldıqda isə… Bu gənc Azərbaycana ötən il Barselonaya ailəvi istirahətə uçarkən Türkiyənin “Hürriyyət” qəzetinin yazdığı və sonradan məhkəmədə təkzib olunan qalmaqalla tanındı. Baş verən hadisə həm də bir sualı aktuallaşdırdı: Barselonaya ailəvi istirahətə getdiyini, heç bir qalmaqal yaratmadığını deyən və dediklərini məhkəmədə təsdiqlədən Mikayıl Cabbarov məzuniyyətini hansı vəsaitlə xaricdə reallaşdırdığını açıqlamamışdı. Və…
Elə bu məqamda maraqlı məlumat yayıldı: Mikayıl Cabbarovun həyat yoldaşı Nigar xanım və baldızı Nailə xanım sabiq nazir Fərhad Əliyevin “Prestij” mağazalar şəbəkəsinin qızıl sektoruna nəzarət ediblər. Sabiq mer Rəfael Allahverdiyevin gəlini ilə şərikli biznes quran Nigar xanımın həmçinin Xalçaçılıq muzeyinin arxasındakı qızıl-brilyant satışı mağazası da varmış (bax: http://aznews.az/print.php”;id=4683). Türkiyənin “Hürriyyət” qəzetində gedən qalmaqaldan fərqli olaraq, təzə nazirin keçmiş biznesi barədə bu xəbər hələ ki, təkzib olunmayıb. Yeri gəlmişkən, Fərhad Əliyevin müavini işləmiş Mikayıl Cabbarov sonradan keçmiş nazirinin qardaşı, “Içərişəhər” Qoruq Idarəsinin rəisi Əlipənah Əliyevin postuna transfer olunmuşdu…
Qalmaqallı konsul
Keçək Qüdsi Osmanova. Zatən, bu şəxsin də vəzifədən götürüləcəyi artıq illərə dayanan problemdir. Müqayisə etdiyimiz Mikayıl Cabbarovdan fərqli olaraq, Qüdsi Osmanov “ABŞ təhsilli” deyil, əksinə, onun Sankt Peterburq Dövlət Universitetində təhsil almasını bu təhsil ocağının professoru Fərzəliyev şübhə altına alır (bax: https://www.azadliq.info/siyast/4755-lham-liyev-peterburqda-24-milyonluq-bina-alnb.html).
Qüdsü Osmanovun da müsbət imic sahibi olduğunu iddia edə bilmərik: Borc aldığı və qaytarmadığı bir milyon dollara görə Peterburqdakı baş konsulluq idarəsindəki iş otağında gəncəli iş adamı Raqif Məmmədov tərəfindən qolundan güllələnməsi; iş adamı Pərviz Osmanovdan külli miqdarda pulu alıb mənimsəməsi; Sankt-Peterburqda Xocalı faciəsinə həsr olunmuş tədbirdə erməni qətliamlarını əks etdirən filmin göstərilməsinə mane olması (bax: http://youtu.be/olLDS9ghW_c); azərbaycanlıların meyitinin gətirilməsinə görə rüşvət tələbi, Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Tatyana Jarova səviyyəsində “Azərbaycan vətəndaşlarına çoxsaylı saxta sənədlərin verilməsinin” təsdiqlənməsi (“Pravda severa” saytının məlumatı) və s. saymaqla qurtarmayan və mənfi imic formalaşdıran fəaliyyətin üstünə Sankt-Peterburqdakı diaspor rəhbərlərinin Ilham Əliyevə və hüquq-mühafizə orqanlarına ünvanlanan, dəhşətli faktların da əks olunduğu müraciətləri bir zəruri qeydlə əlavə edək: Qüdsi Osmanov 1998-ci ildə səhiyyə naziri Əli Insanovun şəxsi təqdimatı ilə Sankt-Peterburqda keçirdiyi tədbirdə “fəxri konsul” təyin edilib (Əli Insanovla Qüdsi Osmanov hər ikisi Ermənistanın Noyamberyan rayonunun Ləmbəli kəndindəndir).
Faktiki olaraq Rusiyada yaşayan azərbaycanlı iş adamları və diaspor təşkilatları ilə qovğada olan, adı çoxsaylı mənfiliklərdə hallandırılan bir şəxsi – Sankt-Peterburqda üst-üstə 15 il konsul kimi saxlayandan sonra – Azərbaycanın bu ölkədəki səfirinə müavin göndərmək (həm də belə bir ştatı onunçün ayrıca olaraq yaratmaqla) nəyə xidmət edir? Diasporanın inkişafınamı, yoxsa “xarici təbliğatda hücum” taktikasına?
“Offşor qardaşlığı”
Qüdsi Osmanovun Sankt-Peterburqda müxtəlif vasitələrlə 100 milyonluq sərvət topladığı, hətta şəhərin ən gözəl yerində qohumları Xaqani və Mustafa Osmanovların adına “Bakı” restoranını, keçmiş köməkçisi S.Məşədi-Qafarzadənin adına 24 milyonluq arxitektor binanı aldığı bildirilir (bax: https://www.azadliq.info/siyast/4755-lham-liyev-peterburqda-24-milyonluq-bina-alnb.html).
Demək, Mikayıl Cabbarovla Qüdsi Osmanovu təkcə – bir qədər fərqli də olsa – qalmaqallı olaylarda adlarının hallanması, həmçinin hazırda düşmənə çevrilən sabiqlərin (Fərhad Əliyev və Əli Insanov) kadrları olması birləşdirmir. Görünür, onların əmrlərinin eyni gündə verilməsinə səbəb “Ailə bizneslərinin” mövcudluğudur.
Məşhur “Vircin qalmaqalı” ilə “ailə biznesi” barədə müfəssəl məlumat yayılan bir şəxsin “ailə biznesləri” olan qalmaqallı kadrları irəli çəkməsində və onların əmrini eyni gündə verməsində səbəb varmış. Görünür, bundan sonra “Mason qardaşlığı” və s. terminlər kimi, leksikonumuza “Offşor qardaşlığı”nı da daxil etməliyik…
Anar Mahmudoğlu