Faiq Əmirlinin həbsinə etirazlar davam edir “Azadlıq”ın yayım direktoru, Faiq Əmirlinin şərlənərək həbs olunmasına ictimai etirazlar davam edir. Tanınmış jurnalist Elçin Şıxlı hətta müttəfiq, qardaş ölkədə gedən proseslərin daxilimizdəki işlərə mənfi təsir etməyin tam əleyhinə olduğunu söyləyir. O, “gülənçi” adlı şəbəkənin ölkəmizdə məhkəməylə təsdiq edilmədiyini də deyir: “Təbii ki, qəzet və mətbuat işçisinin belə qondarma ittihamla həbsinin tam əleyhinəyəm. Ümumiyyətlə, ölkədə belə həbslərin olması təcrübəsi düzgün deyil. Insanları öncə həbs edirlər, sonra isə günahkar olduğuna sübut axtarmağa başlayırlar. Öncə sübutlar əldə olunmalıdır. Istintaq da bu dəlilləri təsdiq etməlidir. Xüsusən də, Fətullah Gülənin ideologiyasından uzaq şəxsin həbsinin əleyhinəyəm? Hüquqşünas Əyyub Kərim isə Faiq Əmirlinin həbsini hüquqi müstəvidən daha çox siyasi müstəviylə bağlayır. O hesab edir ki, burda hüquqdan kənar münasibət əsas rol oynayıb: “Ittihamın gülünclüyünü hər kəs bilir. Təəssüf ki, bütün bu həbslərdə hüquq deyil, siyasət özünü göstərir”. Vəkil Əsabəli Mustafayev Cinayət Məcəlləsinin 168.1 maddəsiylə öncələr bir neçə şəxsi müdafiə etdiyini deyir. O, “nurçular”a da bu maddəylə elan olunan ittihamı keçmiş MTN-nin tikdiyi torba adlandırır: “MTN-çilər bununla öz qara əməllərini ört-basdır etmişdilər. Ona görə belə maddələrin qondarma olması hamıya bəllidir. Faiq Əmirlinin də belə maddələrlə ittiham edilməsi gülüncdür. Qadağan olunmamış kitablarla tanışlıq yazan, yaradıcı adamlar üçün adi bir işdir. Ona görə bununla bağlı hansısa şəxsi ittiham etmək düzgün deyil. Burda əsas motiv tamamilə başqadır. Bu, insanların ictimai, siyasi və yaradıcı fəaliyyətiylə əlaqəlidir. Faiqin ictimai-siyasi fəaliyyətinə görə o ittiham elan olunub. Maraqlıdır ki, bu ittihamların əsaslandırırlması üçün hər hansı bir arqument də olmayıb. Istintaq indi o kitabları ekspertizaya göndərir ki, onun məzmunu barədə rəy verilsin. Məsələnin belə gedişi tam absurddur. Əvvəlcə ekspertiza rəyi alınıb sonra hansısa istintaq hərəkətləri aparmaq lazımdır. Indilikdəsə proseslərin əksinə cərəyan etməsi işin qondarma olduğunu göstərir”. Vəkil Fuad Ağayev də Faiq Əmirliyə qarşı irəli sürülən ittihamı güzgün saymır. O deyir ki, hətta zahiri əlamətlərinə görə də burda məqsədin hüquqdan kənar olduğu görünür. Vəkil Fəxrəddin Mehdiyev isə bu həbsin mətbuatla əlaqəsinə cəhdin də səmərəsiz olduğunu düşünür. O, sözügedən ittihamın gülünclüyünü də deyir. “Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev bu işi hesablanmış bir məsələ adlandırır. Onun fikrincə, burda iki amil var – Türkiyədən gələn təpki və hakimiyyətin Gülən hərəkatıyla əlaqələrinin ictimaiyyət qarşısında açıqlamaları: “Bunu gizlətmək, kölgəni başqalarının üstünə salmaq, çaşdırmaq. Məqsəd budur. Bundan başqa, referendum ərəfəsində repressiv yollarla müxalifəti kütləvi aksiyalardan çəkindirmək istəyirlər. Qanunla və mövcud olan şəraitdə onlar bunu qadağan edə bilməzlər. Amma bu tədbirlərdən istifadə etməkdən çəkinmirlər. Əhalinin sosial durumu ağırdır və ölkədə narazıların sayı çoxdur. Hakimiyyət bundan narahatdır və qabağını almaq istəyir. Əsas məqam budur”.