«Avropa ilə əməkdaşlıq görüntüsünün yaradılması maliyyə cəlbinə hesablanıb»
Gültəkin Hacıbəyli: «Azərbaycanda olan repressiya, demokratiyadan ciddi geriləmə mühiti Qərbin narazılığına səbəb olur»
Avropa Ittifaqı-Azərbaycan üzrə dörd alt komitənin iclası sentyabrdan dekabra kimi Bakıda keçiriləcək. Bu barədə “Report”a Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.
Onun sözlərinə görə, alt komitələrin görüşünün keçirilməsi ilə bağlı AI ilə razılıq əldə olunub: “Bütün görüşlər Bakıda keçiriləcək. Bizim dörd alt komitəmiz var: ticarətlə bağlı məsələlərlə məşğul olan alt komitə; ədliyyə, azadlıq və təhlükəsizlik, eləcə də insan hüquqları məsələsi üzrə məşğul olan alt komitə; energetika, nəqliyyat və ətraf mühit məsələləri ilə məşğul olan alt komitə və təhsil, tibb və s. əhatə edən sosial-humanitar məsələlərlə məşğul olan alt komitə. Artıq, demək olar, bütün görüşlərin tarixi razılaşdırılıb”.
Azərbaycan və Avropa Ittifaqı arasında strateji tərəfdaşlıq sazişi bağlanması üzrə danışıqların başlanma tarixi məsələsini şərh edən nazir müavini qeyd edib ki, bu məsələyə hazırda AI-də baxılır və bu danışıqlara başlamaq üçün artıq oktyabr ayının ortalarında AI-dən mandat verilməsi də istisna deyil.
Hazırda Azərbaycandakı vəziyyət nəzərə alınarsa, Avropa Ittifaqının ölkəmizlə bağlı mövqeyi necə ola bilər?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, burada qeyd olunmalı iki məqam var. Birinci məqam siyasidir. G.Hacıbəylinin sözlərinə görə, Azərbaycanda siyasi faktor qeyri-pozitivdir, Azərbaycanda repressiya mühiti nəinki aradan qalxmayıb, əksinə, son günlər xüsusilə AXCP üzvlərinə qarşı real basqı var. REAL hərəkatının təmsilçiləri həbs olunub, digər siyasi qruplara qarşı təzyiqlər, təhdidlər davam edir. Siyasi məhbusların sayı bir qayda olaraq 100-dən aşağı düşmür. Son dövrlər istər ABŞ Dövlət Departamentinin, istər Böyük Britaniya Xarici Işlər Nazirliyinin, istərsə də Avropa Ittifaqının Azərbaycanda baş verənlərlə bağlı ciddi narahatlığının şahidi olmuşuq. Ən azı buna reaksiya rəsmi səviyyədə ifadə olunub. Bu siyasi məqama referendumla bağlı narahatlığı da əlavə etmək gərəkdir. Çünki, beynəlxalq partnyorlar, demək olar, açıqlamalarında referenduma çıxarılacaq bütün Konstitusiya dəyişikliklərinin Venesiya Komissiyasından və ATƏT-in Demokratik Təssisatlar və Insan Haqları Komitəsindən rəy almadığını önə çəkir. Azərbaycan tərəfini ekspertiza üçün sənədi həmin qurumlara göndərməyə dəvət edirlər. Bütün bunlar onu göstərir ki, Azərbaycanda olan repressiya, demokratiyadan ciddi geriləmə mühiti Qərbin ciddi narahatlığına və narazılığına səbəb olur. Bu narazılıq vaxtaşırı olaraq dilə gətirilir”.
G.Hacıbəyli vurğuladı ki, amma bu proseslə eyni zamanda başqa bir proses gedir. Həmin prosesin ifadəsi olaraq M.Məmmədquliyevin açıqlamasını göstərmək olar. Oktyabrdan etibarən AI ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi ilə bağlı müzakirlərin başlana biləcəyini deyən G.Hacıbəyli qeyd etdi ki, bunun da səbəbi var: “Baxmayaraq ki, Azərbaycan hakimiyyəti siyasi məsələlərdə çox qərarlı görünür və bu gün Azərbaycanda Rusiya xətti, Rusiyanın güclənməsi bütün çalarlarda özünü göstərir. Bura həbslər, təqiblər, xüsusilə də Milli Şuraya, AXCP-yə qarşı olan təqiblərin Rusiya mətbuatında ciddi dəstəklənməsini, sanki Rusiyadan yönəldilməsini göstərə bilərəm. Bir tərəfdən bu proses gedir, eyni zamanda ölkədə iqtisadi proseslər də gedir. Manat günbəgün dəyər itirir. Hakimiyyət manatın çöküşünün qarşısını almaq iqtidarında deyil. Bu gün Bakıdakı banklar dollar satışını məhdudlaşdırıblar. Əksər banklarda dollar satılmır, bəzilərində isə satış formal xarakter daşıyır. Bütün bunlar üçüncü devalvasiyanın əlamətləridir. Bütün bunlar Azərbaycan iqtisadiyyatının xəstə vəziyyətdə olduğunun əyani göstəriciləridir. Belə olan halda Azərbaycan iqtisadiyyatını, bank sektorunu xilas etmək üçün böyük maliyyə vəsaitlərinə ehtiyac var. Bu maliyyə vəsaitləri isə Rusiyadan gələ bilməz. Çünki Rusiyanın özünün iqtisadiyyatı ağır vəziyyətdədir”.
G.Hacıbəyli vurğuladı ki, bu şəraitdə Azərbaycan Rusiyanın siyasi direktivlərini yerinə yetirməklə paralel olaraq, iqtisadi baxımdan Qərbdən investisiyalar cəlb etmək üçün Avropa Ittifaqı ilə əməkdaşlıq görüntüsü yaradır. G.Hacıbəylinin sözlərinə görə, bugünlərdə Azərbaycanın DTT-dən 2 milyard pul istədiyi ilə bağlı məlumatlar yayımlandı. Azərbaycan bu qurumun üzvü deyil. Dünya tarixində bu təşkilatla ən uzunmüddətli danışıqlar aparan ölkə kimi qaldığını deyə G.Hacıbəyli vurğuladı ki, ancaq, görünür, iqtisadi durum o qədər ağır, maliyyə vəziyyətinə ehtiyac o qədər çoxdur ki, Azərbaycan Rusiyadan siyasi təzyiqlərin artdığı bir şəraitdə Qərblə əməkdaşlıq görüntüsü yaratmaq xətrinə müəyyən addımlar atır. “Istənilən halda Avropa Ittifaqı ilə danışıqların aparılmasını müsbət dəyərləndirirəm. Çünki hətta imitasiya xarakterli olsa belə, Qərblə bağların qırılmaması perspektiv baxımından əhəmiyyətlidir. Bu, ölkəni düşdüyü siyasi durumdan çıxarmaqdan daha çox maliyyə ilə bağlıdır. Qərb də bunu anlayır. Ona görə düşünürəm ki, onlar Azərbaycana maliyyə vəsaitləri ayıran zaman həsas olacaqlar”.
Xəyal