Hakimiyyətin yürütdüyü siyasət ölkə üçün daha böyük təhdiddir
Uzun illərdi YAP hakimiyyəti saxta təbliğatla, yalançı rəqəmlərlə, boş vədlərlə cəmiyyətin başının altına yastıq qoyub. Ölkə vətəndaşlarına sübut etməyə çalışıblar ki, Azərbaycan sabitlik adasıdır, ölkəmiz sürətlə irəli gedir, dövlət etibarlı əllərdədir və s.
Amma zaman-zaman Azərbaycana xaricdən olan təhdidlərdən, qərəzli münasibətdən, Azərbaycanı silkələyə biləcək təhlükələrdən də söhbət açılıb. Gah Iran təhlükəsindən, gah Rusiya təhlükəsindən danışıblar. Gah erməni lobbisinin, gah Qərbin məkrli niyyətlərindən söhbət salıblar.
Son dövrlər isə Azərbaycana terror təhlükəsinin ola biləcəyi haqqında söhbətlər gəzir. Azərbyacanda vəhhabilərin təşkilatlanması, IŞID-in Azərbaycanı hədəf seçməsi məsələsi müzakirə olunur. Bu da təsdiqini tapıb ki, IŞID-in tərkibində azərbaycanlılar var, Suriyada azərbaycanlılar döyüşür.
Son olaraq isə nurçuların Azərbyacanda böyük şəbəkəsinin olması, yüksək vəzifələrdə olan şəxslərin nurçularla iş birliyi məsələsi gündəmə gəlib.
Göründüyü kimi müxtəlif istiqamətlərdən Azərbaycana təhlükə yarana biləcəyini, müxtəlif qüvvələrin Azərbaycanda təsir imknanlarının olduğunu söyləmək olar.
Amma əsas sual budur: Azərbaycana ən böyük təhlükə haradan gələ bilər?
Ölkədə vəziyyət getdikcə pisləşir, iş yerləri bağlanır, yoxsulluq səviyyəsi artır, vətəndaş borc içindədir. Hökumət isə heç bir adekvat addım atmır, heç bir islahat aparılmır. Ölkənin ən ağır günlərində də hökumət komandası öz maraqlarını güdür, vətəndaşın cibinə göz dikilib, hakimiyyət kürsüsünü qoruyub saxlamaq üçün canfəşanlıq edilir. Yəni, hökumətin anti-milli, anti-xalq siyasəti ölkəni fəlakətə doğru aparır. Bütün parametrlər üzrə geriləmə müşahidə olunur. Faktiki olaraq ölkə sosial partlayışa sürüklənir, döyüş meydanına çevrilir. Bəli, islahatların yubadılması, vəziyyətdən çıxış üçün səy göstərilməməsi ölkə üçün ən böyük təhlükəyə çevrilib. Ölkənin bugünü və sabahı təhdid alıtndadır. Səhiyyənin, təhsilin, hüquq sisteminin iflic vəziyyətdə olması böyük təhlükədir. Korrupsiyanın dövlət siyasətinə çevrilməsi böyük təhlükədir. Məsələ burasındadır ki, xalq və hakimiyyət birliyi yoxdur. Çünki, hakimiyyət xalqın nifrətini qazanmaq üçün əlindən gələni əsirgəməyib. Türkiyə hadisələri də göstərdi ki, xalq həlledici faktordu və xalqın qarşısında heç bir ordu duruş gətirə bilməz. Türkiyə hökumətinin çağırışı ilə xalq meydana çıxdı. Azərbaycan hökuməti bu xalqın 1 faizinin səsini almayıbsa və xalqın bütün təbəqlərinin haqqını oğurlayıbsa, hansı haqla vətəndaşa çağırış edə bilər?
Göründüyü kimi avtoritar idarəçilik, dövlətə şəxsi təsərrüfat kimi yanaşmaq, vətəndaşı gecə-gündüz sıxmaq, nəticə etibarilə hökumətin özünü də təhdid edir.
Amma ölkədə xalqın seçdiyi və sevdiyi hökumət olsa, ölkədə şəffaf idarəçilik olsa, iş başına dövlətini, millətini sevən məmurlar gətirilsə, demokratik ənənələr tətbiq edilə, ölkədə tamam fərqli bir mənzərə yaranar. O zaman heç bir xarici qüvvə ölkəni sıradan çıxara bilməz. Hər hansı cəhdlər olsa da, bu cəhdlər uğur qazana bilməz.
Reallıq budur ki, yürüdülən siyasət vətəndaşı öldürür, xəstə edir, müflisləşdirir, intihara sürükləyir, dövlətin potensialını tükəndirir. Deməli, hər hansı qüvvənin bizə vura biləcəyi zərbəni, hökumət öz siyasəti ilə onsuz da vurur. Azərbaycanın zəifləməsi üçün düşmənin hər hansı planına ehtiyac yoxdur. Çünki, hakimiyyət bütün sahələr üzrə bu planı həyata keçirib.
Deməli, Azərbaycana ən böyük təhlükə hakimiyətin özündən qaynaqlanır. Yürüdülən siyasət, qarşıya qoyulmuş məqsəd ölkəni uçuruma aparır. Islahatların yubadıldığı hər gün ölkəni daha böyük təhlükənin ağuşuna artır.
Akif