Bu gün 100 minlərlə həmvətənimiz ölkədəki eybəcərliklərlə, rejimin üzə çıxan cinayətlərilə bağlı həqiqətləri Qənimət Zahiddən öyrənir, onun “Azərbaycan saatı”ndakı çıxışlarını səbirsizliklə gözləyir. Onun çıxışları çoxlarının ürəyindən tikan çıxardır. Çoxları bugünkü ağır həyata dözə bilmək üçün gücü bu çıxışlardan alır. Bəs siz bu çıxışların – həqiqətlərin dilə gətirilməsinin Qənimət bəyə neçəyə başa gəldiyini bilirsinizmi? Hakimiyyət onu susdurmaq üçün bütün vasitələrə baş vurur. Qənimət bəy özü illərlə siyasi məhbus həyatı yaşamalı olub. Dəfələrlə mənəvi terrorun hədəfi olub. Rəhbərlik etdiyi “Azadlıq” qəzetinin kollektivinə olmazın çətinliklərini yaşadırlar. Qəzeti bağlatmaq üçün bütün iyrənc vasitələrə əl atırlar. İndi də Qənimət bəyi yaxın qohumları ilə sınağa çəkirlər. Bir neçə ay öncə girov götürülmüş qohumlarına bu gün hökm oxunub. Rüfət Zahidov və Rövşən Zahidovun hər biri (Qənimət bəyin qardaşı oğlu və əmisi oğlu olduqları üçün) 6 il müddətinə azadlıqdan məhrum edilib. Siyasi rəqibi susdurmaq üçün onun siyasətdən uzaq, günahsız qohumlarını girov götürüb həbs etmək hansı insanlıq ölçüsünə sığır? Biz hansı zamanda yaşayırıq? Bütün bunları edən adamlar necə insanlıqdan, humanizmdən, tolerantlıqdan, kişi kimi mübarizədən danışırlar?