Baş redaktor şər-böhtanla 6 il azadlıqdan məhrum edilən Rüfət və Rövşən Zahidovları «terrorun qurbanı» adlandırdı
“Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” televiziya proqramının müəllifi Qənimət Zahidin tənqidçi fəaliyyətinə görə şərlənərək həbs olunan qohumları – qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun məhkəməsi yekunlaşıb. Dünən Bakı Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Hökmə əsasən, Rüfət və Rövşən Zahidovların hər biri 6 il azadlıqdan məhrum edilib.
Amma hökmdən əvvəl vəkil Tahir Xanəliyev müdafiə nitqilə çıxış edib, Rüfət və Rövşən Zahidovlar məhkəmədə son sözlərini deyiblər.
Zahidovlara qarşı işgəncə…
Məhkəmə prosesinin əvvəlində Rüfət Zahidovun vəkili Bəhruz Bayramov təqsirləndirilən şəxslərin şüşə kabinədə əlləri qandallı vəziyyətdə saxlanılmasına etiraz edib. Vəkil bildirib ki, bu, təqsirləndirilən şəxslərə işgəncə verməkdir.
Müdafiəçinin etirazından sonra nəzarətçilər qandalları açıblar.
Rövşən Zahidovun vəkili Tahir Xanəliyev çıxışında istər müvəkkilinin, istərsə də Rüfət Zahidovun heç bir cinayət törətmədiyini, yalnız Qənimət Zahidin qohumu olduqlarına görə həbs edildiklərini vurğulayıb. Vəkil onların barəsində bəraət hökmü çıxarılmasını istəyib: “Bu işdə müdafiə çıxışı etmək həm asandır, həm də çətin. Ona görə asandır ki, çoxsaylı qanun pozuntularına yol verilib və onları ortaya qoyuruq. Ona görə çətindir ki, bu günahsız insanların həbsdə saxlanmasına adamın ürəyi ağrıyır. Təəssüf ki, məhkəmə də ədalətli keçirilmədi, yalnız ittiham tərəfinin sübutları araşdırıldı. Müdafiə tərəfinin vəsatətləri təmin olunmadı, birbaşa işə aidiyyəti olan sübutlar tədqiq edilmədi. Burada heç cinayət hadisəsinin baş verdiyi sübut olunmadı. Bu adamların həbsinin səbəbi Qənimət Zahidin qohumu olmalarıdır”.
Tahir Xanəliyev məhkəmənin nəzərinə çatdırıb ki, Zahidovların günahsız həbs olunduğu beynəlxalq qurumların sənədlərində də öz əksini tapıb, bugünlərdə “Amnesty International” hüquq-müdafiə təşkilatı onları “vicdan məhbusu” elan edib.
10 dəqiqəyə 18 səhifəlik hökm necə hazır oldu?
Ardınca Rüfət və Rövşən Zahidovlar məhkəmədə son sözlərini deyiblər. Onlar günahsız olduqlarını, Qənimət Zahidin qohumu olduqlarına görə şərlənərək həbs edildiklərini bildiriblər.
“Əmimə görə tutulmuşam. Bunu müstəntiq özü də mənə dedi. Nəinki narkotik satışı, heç istifadəçi də deyiləm. Bu şeylərdən uzaq adamam. Möhtərəm hakim, hamısı şər-böhtandı”, – deyə Rüfət Zahidov bildirib.
Rövşən Zahidov da qeyd edib ki, Şamaxı Rayon Polis Şöbəsinin rəis müavini Polaq Qarayev ona Qənimət Zahidin qohumu olduğuna görə həbs edildiyini açıq şəkildə deyib: “Xahiş edirəm, heç olmasa, siz ədalətli, vicdanlı olun”.
Bundan sonra hakimlər müşavirəyə gedib və təxminən on dəqiqə sonra geri qayıdaraq, 18 səhifəlik hökmü elan edib. Məhkəmə prosesinə sədrlik edən hakim Eldar Mikayılov bildirib ki, hökm çıxarılarkən Rüfət Zahidovun azyaşlı övladının olması, Rövşən Zahidovun ailənin yeganə qazanc gətirəni olması yüngülləşdirici hal kimi nəzərə alınıb.
Sifariş…
Vəkil Bəhruz Bayramov bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.
Rüfət Zahidovun atası Fərasət Zahidov hökmün ədalətsiz olduğunu, oğlunun heç bir cinayət törətmədiyi halda, günahsız cəzalandırıldığını bildirib: “Şikayətlərimizə baxan yoxdur. Hara yazırıq, şablon cavablar verirlər ki, ”məhkəmə araşdırır”. Budur bunların araşdırması. Müstəntiqi sifarişlə işləyir, prokuroru həmçinin, bu da məhkəməsi…”
“Bütün bunları edənlər necə insanlıqdan danışırlar?”
AXCP sədri Əli Kərimli də Qənimət Zahidin qohumu olduqlarına görə günahsız adamların uzunmüddətli həbs cəzasına məhkum edilməsinə münasibət bildirib. Əli Kərimli bu barədə fikirlərini “facebook” səhifəsində paylaşıb:
“Bu gün 100 minlərlə həmvətənimiz ölkədəki eybəcərliklərlə, rejimin üzə çıxan cinayətlərilə bağlı həqiqətləri Qənimət Zahiddən öyrənir, onun ”Azərbaycan saatı”ndakı çıxışlarını səbirsizliklə gözləyir. Onun çıxışları çoxlarının ürəyindən tikan çıxardır. Çoxları bugünkü ağır həyata dözə bilmək üçün gücü bu çıxışlardan alır. Bəs siz bu çıxışların – həqiqətlərin dilə gətirilməsinin Qənimət bəyə neçəyə başa gəldiyini bilirsinizmi? Hakimiyyət onu susdurmaq üçün bütün vasitələrə başÿvurur. Qənimət bəy özü illərlə siyasi məhbus həyatı yaşamalı olub. Dəfələrlə mənəvi terrorun hədəfi olub. Rəhbərlik etdiyi “Azadlıq” qəzetinin kollektivinə olmazın çətinliklərini yaşadırlar. Qəzeti bağlatmaq üçün bütün iyrənc vasitələrə əl atırlar. Indi də Qənimət bəyi yaxın qohumları ilə sınağa çəkirlər. Təxminən bir il öncə girov götürülmüş qohumlarına hökm oxunub. Rüfət Zahidov və Rövşən Zahidovun hər biri (Qənimət bəyin qardaşı oğlu və əmisi oğlu olduqları üçün) 6 il müddətinə azadlıqdan məhrum edilib. Siyasi rəqibi susdurmaq üçün onun siyasətdən uzaq, günahsız qohumlarını girov götürüb həbs etmək hansı insanlıq ölçüsünə sığır? Biz hansı zamanda yaşayırıq? Bütün bunları edən adamlar necə insanlıqdan, humanizmdən, tolerantlıqdan, kişi kimi mübarizədən danışırlar?”
Terror qurbanları
Qənimət Zahid özü qardaşı oğlu və əmisi oğlunu “terrorun qurbanı” adlandırıb. Baş redaktor bu barədə “facebook” səhifəsində yazıb: “Məhkəmə Zahidovların işi üzrə əsrin prosesini başa çatdırdı. Mənimlə qohumluq əlaqələrinə görə inzibati terrorçuların girov götürdüyü iki nəfərə qanunsuz hökm oxundu. Onlar, yəni Rüfət və Rövşən terror qurbanlarıdır. Indi beynəlxalq təşkilatlar onları ”vicdan məhbusu” adlandırır. Amma az sonra Azərbaycanda dövlət terrorizminin girov götürdüyü onlarla terror qurbanının siyahısında yer alacaqlar”.
***
Xatırladaq ki, Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülmüşdü.
Aytən