Turizm məhdudiyyəti aradan qalxır, «Gazprom» əməkdaşlığı bərpa edir
CHP sədri: «Rusiyadan üzr istəyə bilməzsən, buna haqqın yoxdur!»
Ankara və Moskva arasında “buzlar əriməyə” başlayır. Uzun fasilədən sonra bu gün Moskvanın təşəbbüsü ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olacaq.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Bu, həm də Ərdoğanın S-24 təyyarəsi ilə bağlı üzrxahlığından sonra tərəflər arasındakı ilk rəsmi təmasdır. Buna qədər Ərdoğan bir neçə dəfə Putinlə əlaqə qurmağa çalışsa da, Kreml rəhbəri imtina etmişdi.
Ərdoğan: “Münasibətlərin düzəlməsini istəyirik”
Dünən açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya ilə münasibətlərin düzəlməsini istəyir və bu hər iki ölkə üçün çox önəmlidir: “Rusiya ilə aramızda təyyarə böhranı vardı. Bu problemi aradan qaldırmaq üçün lazımi addımlar atdıq. Göndərdiyimiz məktubda həm üzüntümüzü ifadə etdik, həm də regional əməkdaşlıq imkanlarımızı xatırlatdıq”.
Üzr istənilməyib, təzminat vəd edilməyib!
Qeyd edək ki, iyunun 27-də Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə məktub göndərib. Məktubda Türkiyə ilə Rusiya arasında ənənəvi dostluq əlaqələrinin bərpa olunması, regiondakı böhranların həlli ilə bağlı əməkdaşlıq və terrorçuluqla birgə mübarizə aparılmasının vacibliyinə dair məqamlar əks olunub.
Bəzi mənbələr Ərdoğanın Putinə ünvanladığı məktubda Su-24-ün vurulmasına görə üzr istədiyi, pilotların ölümü ilə bağlı başsağlığı verdiyi və təzminat ödəməyə hazır olduqları barədə açıqlama verdiyini iddia edir. Məlumatlarda, həmçinin Putinin Ərdoğana zəng edərək ona təşəkkür edəcəyi də qeyd olunur.
Türkiyə prezidentinə yaxın mənbələr isə Rəcəb Tayyib Ərdoğanın Rusiya liderinə məktubunda üzr istəmə ifadəsinin yer almadığını və sadəcə ölən pilotun ailəsinə xitabən məyusluq və başsağlığının ifadə olunduğunu, həmçinin təzminatla bağlı heç bir söz işlədilmədiyini bildirib. Türkiyə rəsmilərinin sözlərinə görə, Ankaranın Suriya, Ukrayna və Krım məsələsində mövqeyi dəyişməyib.
Türkiyə baş naziri Binali Yıldırım da Rusiyaya təzminat ödəməsi ilə bağlı iddianın gerçəkliyi əks etdirmədiyini bildirib: “Sadəcə təəssüfümüzü ifadə etdik, kədərlərini bölüşdük. Pilotun öldürülməsinə görə səbəbkar hesab edilən şəxs barədə də lazımi hüquqi işlər aparılır”.
Yeri gəlmişkən, Ərdoğanın Putinə məktubundan dərhal sonra rus pilotun ölümündə ittiham olunan Alparslan Çelik haqqında çıxarılan təqib olunmamaq qərarına xitam verilib və işdə ittiham olunan 24 şəxslə bağlı istintaq başlanılıb. Məhkəmə ilk addım kimi Alparslan Çelik və digərlərinin ölkədən çıxmaması haqda qərar qəbul edib.
Pilotun ölümünü Alparslan Çelik öz üzərinə götürmüş və Izmir Məhkəməsinin qərarı ilə həbs edilmişdi. Çelik istintaqa şəxsən pilotu öldürmədiyini, ancaq döyüş qrupunun komandiri olduğu üçün məsuliyyəti üzərinə götürdüyünü bildirmişdi. Izmir şəhər prokuroru yetərli sübut olmadığı üçün onu həbsdən azad etmişdi.
Turizm məhdudiyyəti qalxır
Görünən odur ki, tərəfləri anlaşması ilk növbədə turizm sektorunu canlandıracaq. Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi turizm məhdudiyyətlərini aradan qaldırmağa hazırlaşdığını bildirən mənbələr bunun ardından kənd təsərrüfatı məhsullarına embarqonun da ləğv ediləcəyini deyib.
Rusiyanın turizm şirkətləri açıqlama verərək iki ölkə arasında münasibətlərin müsbət məcraya yönəlməsindən məmnun olduqlarını bildiriblər: “Heç bir ölkə Türkiyəni əvəz edə bilməz. Əgər qadağa qaldırılsa, turizm şirkətləri çox sevinəcək”.
“Gazprom” da yaşıl işıq yandırdı
Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi üzrə Türkiyə tərəfi ilə danışıqların yenidən başlanması üçün dialoqa hazır olduğunu bəyan edib.
“Gazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov deyib ki, şirkət “Türk axını” layihəsi üzrə dialoqa hər zaman açıq olub. Ötən ilin noyabrında Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller “Türk axını” layihəsi ilə bağlı Türkiyə ilə danışıqların dayandırıldığını demişdi. “Gazprom” “Türk axını” kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına da qərar vermişdi.
“Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı. Layihə üzrə iki boru kəmərinin tikilməsi də planlaşdırılırdı.
Peskov: “Bir neçə günə həll ediləcək problem deyil”
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə məktubu ilə ÿmünasibətlərin yaxşılaşması üçün olduqca vacib addım atıb. Lakin bu, bir neçə günə həll ediləcək problem deyil”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ərdoğanın Putinə təyyarə insidentinə görə üzrxahlığını şərh edərkən deyib: “Bilirsiniz ki, Rusiya tərəfi, eləcə də prezident PutinÿTürkiyə və türk xalqı ilə dostluq münasibətlərini dəstəklədiyini dəfələrlə dilə gətirib. Eyni zamanda bu münasibətlərin necə normallaşa biləcəyini də açıqlayıb”.
Rusiya Xarici Işlər Nazirliyinin rəsmisi Mariya Zaxarova isə deyib ki, Türkiyə prezidentinin Vladimir Putinə məktubu ciddi və düzgün addımdır.
Zaxarovanın sözlərinə görə, dünən və bu gün Dmitri Peskov iki ölkə əlaqələrində baş verənlər barədə ətraflı məlumat verib və Ərdoğanın məktubunu qiymətləndirib: “Qalan məsələləri zərurət yaranacağı təqdirdə şərh edəcəyik”.
Poroşenko nə deyir?
Ukrayna prezidenti Petro Poroşenko da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın təyyarə insidentinə görə Rusiya rəhbərliyinə ünvanladığı üzrxahlıq məktubuna münasibət bildirib. Poroşenko Türkiyə tərəfinin addımının başadüşülən olduğunu deyib: “Söhbət, ölən pilotun ailəsinə edilən üzrxahlıqdan gedir. Düşünürəm ki, bu, kifayət qədər başadüşülən bir addımdır”.
“Sən kimsən ki, Türkiyə adından üzr istəyirsən?!”
Türkiyənin ana müxalifət lideri – CHP sədri Kamal Kılıçdaroğlu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib.
Kılıçdaroğlu CHP parlament fraksiyasının dünən keçirilən toplantısında Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə məktub göndərməsinə toxunaraq hazırkı hakimiyyətin xarici siyasəti daxili siyasətə alət etdiyini bildirib: “Bu ölkənin daimi mənafeləri var. Xarici siyasət milli olmalıdır. Amma bunlar xarici siyasət məsələlərindən daxili siyasətdə öz məqsədləri üçün istifadə edirlər. Ərdoğan Putinə məktub göndərib, Türkiyə Cümhuriyyəti adından üzr istəyib. Sən kimsən ki, Türkiyə adından üzr istəyirsən?! Rusiyadan üzr istəyə bilməzsən, buna haqqın yoxdur. Sərhədimizi kim pozdu? Ruslar. Ərdoğan “üzr istəməli olan tərəf Rusiyadır” demişdi. Öncə aslan kimi kükrəyirdilər, indi isə pişik kimi miyoldayırlar”.