Gültəkin Hacıbəyli: «Azərbaycanla bağlı gözlənilən müzakirələr insan haqları, demokratiya, iqtisadi islahatlar istiqamətində olacaq»
Xəbər verdiyimiz kimi Azərbaycan-Avropa Ittifaqı çərçivə sazişi Avropa Parlamentinin iclasının gündəliyinə salınıb. Iyulun 4-dən 7-dək Strasburqda Avropa Parlamentinin növbəti plenar sessiyası keçiriləcək. Avropa Ittifaqı-Azərbaycan çərçivə sazişi iyulun 6-da müzakirə olunacaq.
Qeyd edək ki, rumıniyalı parlamentar Nikolai Norikanın müəllifi olduğu “AI-Azərbaycan çərçivə sazişi: Azərbaycanın AI proqramlarında iştirakı ilə bağlı əsas prinsiplər” adlı sənəd iyunun 16-da plenar sessiyada müzakirə olunması üçün Xarici Əlaqələr Komitəsində oxunuşdan keçib.
Bu arada AI-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, Avropa Ittifaqı Azərbaycanla “Şərq Tərəfdaşlığı” siyasəti çərçivəsində əməkdaşlığı davam etdirmək istəyir.
Avropa Komissiyasına Azərbaycanla bağlı yeni mandat veriləcək
Eyni zamanda Avropa Komissiyasına Azərbaycanla bağlı yeni mandatın verilməsi gözlənilir. “Bu ilin oktyabrında Avropa Ittifaqı Şurası tərəfindən Avropa Komissiyasına Azərbaycanla strateji tərəfdaşlığa dair danışıqların başlanması üçün mandat verilməsi gözlənilir”.
Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev “Azərbaycanda mobillik naminə tərəfdaşlıq” adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, ötən il Riqa sammitində Azərbaycan AI-yə strateji tərəfdaşlığa dair saziş layihəsi təqdim edib: “Bu sənədə miqrasiya sahəsində əməkdaşlığın genişlənməsi də daxildir. Sənədin imzalanması əməkdaşlığı yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq və ikitərəfli əməkdaşlığın gələcəyi üçün öz rolunu oynayacaq.
Biz həmçinin siyasi dialoqun bərpası üzərində işləyirik. Cari ilin ikinci yarısında AI-də Azərbaycana dair alt komitələrin iclaslarının keçirilməsi nəzərdə tutulur. Aviasiya sazişinə dair danışıqları davam etdirməyi də planlaşdırırıq”.
Avropa Ittifaqı ilə Azərbaycanın münasibətlərinin kifayət qədər gərgin olduğu bir zamanda çərçivə sazişinin imzalanması nə vəd edir?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Azərbaycanla imzalanması planlaşdırılan çərçivə sazişi qurumun mövqeyini ifadə edən yanaşmadır. Avropa Parlamentinin Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, M.Mard da AI-nin Azərbaycanla “Şərq Tərəfdaşlığı” proqrammı çərçivəsində Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu deyib: “Malena Mard bildirib ki, ”Şərq Tərəfdaşlığı” formatı Azərbaycanla əməkdaşlıqda uğurlu formatdır. Avropa Azərbaycanı özünün bir hissəsi hiss edir. “Şərq Tərəfdaşlığı” ölkələrinin Varşava sammitində Cənubi Qafqaz ölkələri olan Azərbaycan, Gürcüstan və Ermənistanı Cənub-Şərqi Avropa ölkəsi olmasıyla bağlı qərar qəbul etmişdi. Avropa Ittifaqı hər üç ölkənin Avropaya inteqrasiyası baxımından maraqlıdır. Amma bu əməkdaşlıq sahəsində Azərbaycan geri qalır. Çox paradoksal haldır. Çünki Ermənistandan fərqli olaraq Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsinin, nə də Avrasiya Ittifaqının üzvü deyil. Amma Rusiyanın yaxın müttəfiqi olan Ermənistan Avropa Ittifaqı ilə əlaqələrdə bizdən daha öndədir”.
Avropa Ittifaqı iki ildir ki, dondurulmuş münasibətlərin hazırda yenidən aktivləşdiyini deyən G.Hacıbəyli bu əlaqələrin daha da dərinləşəcəyinə ümid edir. “Avropa ilə əməkdaşlığın dərinləşdirilməsi təkcə bizim yox, eyni zamanda babalarımızın seçimidir. Çağdaş Azərbaycan dövləti yaranan gündən seçimini edib. Amma Avropa Ittifaqı ilə Azərbaycanın münasibətlərinin inkişafında çox ciddi maneələr var. Bu maneələr əsasən demokratiya və insan haqları sahəsindədir. Bu maneələrin aradan qaldırılması istiqamətində Azərbaycan tərəfi çox ciddi addımlar atmalıdır. Ilk növbədə siyasi məhbuslar azadlığa buraxılmalıdır, azad media, söz və fikir azadlığı təmin olunmalıdır, azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində iradə ortaya qoyulmalıdır”, deyə G.Hacıbəyli vurğuladı.
G.Hacıbəylinin sözlərinə görə, həyat elə gətirib ki, iqtisadi şərtlər siyasi şərtlərin önünə keçib. Azərbaycanın ciddi böhranla üz-üzə olduğunu deyən G.Hacıbəyli qeyd etdi ki, Avropa ona görə Azərbaycanda təcili iqtisadi islahatların həyata keçirilməsində maraqlıdır: “Avropa korrupsiya ilə mübarizə, azad rəqabət mühitinin yaradılması, inhisarçılığın aradan qaldırılması, vergi və gömrükdə şəffaflığın təmin olunması istiqamətində bütün yardımları göstərməyə hazırdır. Burda çatışmayan bir element yalnız Azərbaycan siyasi hakimiyyətinin siyasi iradəsidir. Iradə olacaqsa, Avropa Ittifaqı bizə hər bir yardımı etməyə hazırdır. Amma biz bu iradəni görmürük. Düzdür siyasi məhbuslarla bağlı müəyyən yumuşalma müşahidə olunur. Lakin hələ də yüzlərlə siyasi məhbus var. Iqtisadi islahatlar həyata keçirilmir. Bu baxımdan Avropa Parlamentində Azərbaycanla bağlı gözlənilən müzakirələr insan haqları, demokratiya, iqtisadi islahatlar istiqamətində olacaq”.
Xəyal