Prezidentin köməkçisindən ikrah doğuracaq arqument
Vəziyyət o həddə çatıb ki, hökumətin özünə bəraət qazandırmaq üçün səsləndirdiyi arqumentlər ikrah doğurur. Belə ki, aprel döyüşlərində cəmiyyətdə böyük ruh yarandı, ordumuz əzmkarlıq nümayiş etdirdi və müharibə ab-havası cəmiyyətdə həmrəylik yaratdı. 24 ildən sonra torpaqları işğladan azad etmək üçün əlverişli şərait yarandı və hökumət bu fürsəti könüllü olaraq düşmənə bağışladı.
Ölkə başçısı Ilham Əliyev də etiraf etdi ki, ermənilərin xahişi ilə atəşkəsi bərpa ediblər. Deməli, 22 illik mənasız sülh danışıqlarından sonra yenidən müharibə qızışır, 100-dən artıq hərbçimiz şəhid olur, 200-dən artıq ev dağıdılır, mülki əhali həlak olur və hökumət ermənilərin xahişi ilə atəşkəs imzalayır. Nəticə budur ki, hakimiyyət Lələ Təpə ilə kifayətlənir və qalan əraziləri işğaldan azad etməyə ehtiyac duymur. Üstəlik, müharibə tələb edənlərə qarşı hücum təşkil edilir və “sülh danışıqları məntiqi sonluğuna çatır” təbliğatı aparılır. Amma Ermənistan rəhbərliyinin bəyanatları, Rusiya rəhbərliyinin mövqeyi və nəhayət, Vyana görüşü göstərdi ki, sülh danışıqları sonsuzluğa qədər uzanacaq, Ermənistan bir qarış torpağı güzəştə getməyəcək. Əksinə, Ermənistan hökuməti aprel döyüşlərində itirdiyi 800 hektar ərazini israrla geri istəyir.
Və bütün bunlardan sonra hökumət təmsilçiləri ikrah doğuran arqumentlər səsləndirir. Prezidentin köməkçisi Əli Həsənov “Hesabat” proqramına müsahibəsinə deyib ki, aprelin 4-də müharibə dayandırılmasaydı Azərbaycanın işğal edilmiş ərazilərini qısa müddətə -15-20 günə, bəlkə də 1 aya tam azad edə bilərdik. Ardınca qeyd edib ki, beynəlxalq qurumların normalarına görə bu tipli münaqişələr dinc yolla həll edilməlidir, beynəlxalq tələblərə əməl olunmalıdır və s.
24 illik işğal faktından, aprel ayında 100-dən artıq hərbçinin şəhid olmasından sonra “istəsəydik 15-20 günə torpaqlarımızı azad edərdik” bəyanatı vermək, şəhidlərin ruhuna hörmətsilzik, xalqa sayğısızlıqdır. Döyüşlər zamanı “tarixi fürsətdən istifadə etməliyik”, “torpaqlarımızı azad etmək üçün bu fürsəti dəyərləndirməliyik” deyənləri “ermənipərəst” adlandırdılar, AXCP sədri Əli Kərimlinin evinin qarşısında şüvən çıxardılar və xalqı aldatdılar ki, sülh danışıqları uğurla başa çatmaqdadır. Indi də müharibə etməmək öhdəliyi götürəndən sonra “istəsəydik alardıq” bəyanatı verirlər.
Ikrah doğuran məqam təkcə bu bəyanatla da yekunlaşmır. Qətiyyətsizliklərini, Rusiya qorxularını, şəxsi maraqların əsirinə çevrilməklərini, beynəlxalq aləmi hədəf seçməklə sığortlamaq istəyirlər. Beynəlxalq aləm şəffaf seçki, siyasi məhbusların azadlığını, monopoliyanın, korrupsiyanın ləğvini, mətbuat azadlığını tələb edəndə “heç kim bizim işimizə qarışa bilməz” deyirlər. Amma Qarabağ məsələsi gündəmə gələndə, hökumət beynəlxalq öhdəliklərdən, beynəlxalq hüquqdan danışır.
Bir sözlə, 24 illik işğal faktına 20 gündə son qoya bilərik. Sadəcə olaraq bunun üçün milli hökumət, qətiyyət və müstəqil siyasət yürütmək qabiliyyəti olmalıdır. Bütün bu keyfiyyətlər mövcud hakimiyyətdə olmadığı üçün 20 günə həll oluna bilən problem 24 ildir həllini tapmır.
Samir