Vaxtilə on il Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun anadan olmasının 100 illiyidir. Bu illərdə nə baş vermişdi? Ötən əsrin 60-cı illəri insanların və tarixin yaddaşında necə qalıb? Ədəbiyyatda, sənətdə, mədəniyyətdə, sosial və siyasi həyatda nələr olmuşdu? Vəli Axundovun özündən əvvəlki və özündən sonrakı rəhbərlərdən fərqli və oxşar cəhətləri hansılardır? Bütün bu suallara cavab almaq üçün tanınmış tarixçi alim, XX əsr tariximizin ən maraqlı salnaməsini yaradan professor Cəmil Həsənliyə müraciət etdik. Vəli Axundovun həyat hekayəsi və siyasi portret cizgiləri ilə bağlı onun hazırladığı yazıların dərcini davam etdiririk:
(Əvvəli ötən saylarımızda)
Uzun mübahisələrdən sonra 1968-ci il oktyabrın 29-da Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov, Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyan və SSRI Kənd Təsərrüfatı naziri Vladimir Matskeviç arasında 5 bənddən ibarət razılaşma imzalandı. Orada qeyd edilirdi:
- Ermənistanla Azərbaycan SSR arasında Zaqafqaziya Mərkəzi Icraiyyə Komitəsi tərəfindən 1928-ci ildə təsdiq edimiş sərhədlərin dəyişilməzliyi tanınır. Bununla bağlı Gədəbəy və Şəmşəddil rayonlarının başçılarının iştirakı ilə hər iki tərəfin müvafiq təsərrüfatlarının sərhəddi natura (mövcud sənədin orijinalı) üzrə müəyyən edilir və bununla da iki rayonun təsərrüfatları arasında torpaq mübahisəsi tənzim edilir.
- Ermənistan SSR-in Şəmşəddil rayonunun meşə təsərrüfatı ərazisində yerləşən Azərbaycan SSR-in Gədəbəy rayonunun Tağlar kəndinin Azərbaycan SSR-in Qubadlı rayonunun ərazisində yerləşən Ermənistan SSR-in Gorus rayonun Şurnux kəndinin bir hissəsinin gələcək inkişafı üçün perspektivin olmamasını nəzərə alaraq, hər iki məntəqədə yeni tikinti işlərinin aparılması qadağan edilsin. Bu kəndlərin sakinlərinə kənd təsərrüfatı təyinatı məqsədilə ayrılmış zəruri ölçüdə torpaq sahəsi müvəqqəti istifadəsi üçün onların adına sənədləşdirilsin. Azərbaycan SSR Nazirlər Soveti və Ermənistan SSR Nazirlər Sovetinə tapşırılsın ki, bu torpaqların 5 il müddətinə verilməsin rəsmiləşdirsin.
- Torpaq sahəsindən istifadə məsələsində gələcəkdə kolxozlar arasında münaqişəyə yol verilməməsi məqsədilə Azərbaycan SSR-in Gədəbəy rayonu və Ermənistan SSR-in Şəmşəddil rayonunun kolxozçuları arasında zəruri izahat işləri aparılsın.
- Ermənistan və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətlərinə tapşırılsın ki, Ermənistan və Azərbaycan SSR arasında sərhədlərin qrafik cizgilərinin Zaqafqaziya Mərkəzi Icraiyyə Komitəsinin 1927-1929-cu illərin qərarlarına uyğunlaşdırılması haqqında hər iki respublikanın paritet komissiyasının təqdimatlarına baxıb onu təsdiq etsinlər.
- Ermənistan və Azərbaycan kənd təsərrüfatı nazirliklərinə tapşırılsın ki, hər iki respublikanın Ali Soveti Rəyasət Heyətlərinin təsdiqindən sonra sərhəd xətti bütün mübahisəli sahələrdə naturaya keçirilsin və gələcəkdə onun pozulmasına yol verilməsin.
Əliyevin imzaladığı razılaşma
Bir qayda olaraq Heydər Əliyevin bioqrafiyasından yazan müəlliflər məsələni axıra qədər aydınlaşdırmadan bundan Vəli Axundova qarşı istifadə edir və yazırlar ki, məhz 1969-cu ildə Əliyevin gəlişindən sonra qeyd edilən sərhəd məntəqəsindən ermənilərə torpaq verilməsi məsələsinə son qoyuldu. Əgər Rusiya Federasiyasının Dövlət Arxivində SSRI Nazirlər Sovetinin sənədlərinin saxlandığı fondda bu məsələyə aid olan bir sənədə rast gəlməsəydik, ola bilsin ki, bu iddiaların üzərindən sükutla keçmək olardı. Vəli Axundovun 80 illik yubileyində çıxış edərkən Heydər Əliyev özü də bu məsələyə toxunub dedi: “Ermənistan çalışırdı ki, Azərbaycanın Ermənistanla sərhəd rayonlarında bəzi torpaqlarımızı öz torpaqları kimi ələ keçirsinlər. Onlar köhnə xəritələri – 28-ci ilin, yaxud, 29-cu ilin xəritələrini ortaya çıxarmışdılar. Iki-üç il danışıqlar getdi. Bu danışıqları tək Vəli Axundov deyil, Məmməd Isgəndərov, Ənvər Əlixanov, ikinci katib Yelistratov birlikdə aparırdılar. Təəssüf ki, bu danışıqlar nəticəsində 1969-cu ilin may ayında Azərbaycanın Ali Soveti elə bir qərar qəbul etmişdi ki, həmin sərhədyanı torpaqlar guya Ermənistana mənsubdur və ona verilməlidir. Mən iyul ayında Azərbaycana rəhbər seçilən kimi bu məsələni bir ay müddətində təhlil etdim və həmin qərardan imtina etdim. Çox çalışdılar ki, bu qərar həyata keçirilsin, lakin mən buna imkan vermədim”.
Bununla belə, proseslərin sonrakı gedişlərinin izlənilməsi məsələnin bir sıra yeni məqamlarını ortaya qoyur. Araşdırmalar nəticəsində müəyyən edildi ki, 1969-cu ilin iyulunda hakimiyyətə gəldikdən sonra Sov.IKP MK katibliyinin qərarı ilə Heydər Əliyev də həmin ilin noyabr ayının 17-də Ermənistan rəhbərliyi ilə bu mübahisə ilə bağlı sənəd imzalayıb. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev, Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyan və SSRI Kənd Təsərrüfatı naziri Vladimir Matskeviç arasında 1969-cu ilin noyabr ayının 17-də imzalanmış 3 bənddən ibarət razılaşmada deyilirdi: Azərbaycan KP MK, Ermənistan KP MK və SSRI Kənd Təsərrüfatı Nazirliyi Sov.IKP MK katibliyinin qərarına uyğun meydana çıxmış əlavə halları nəzərə alaraq, Azərbaycan SSR-in Gədəbəy rayonunun və Ermənistan SSR-in Şəmşəddil rayonunun kolxozlarının torpaqdan istifadə haqqında məsələyə baxıb aşağıdakıları qərara alır:
- Azərbaycan SSR Gədəbəy rayonunun Tağlar kəndinin gələcək inkişafının olmadığını nəzərə alaraq, iki il ərzində həmin kəndin sakinlərinin Azərbaycan SSR Gədəbəy rayonun digər yaşayış məntəqəsinə köçürülməsinin məqsədəuyğunluğu qəbul edilsin.
- Zaqafqaziya Mərkəzi Icraiyyə Komitəsinin 1927-1929-cu illərdə müəyyən etdiyi sərhədlərin Azərbaycan SSR-in Gədəbəy rayonun Qaravəllər və Məmmədcəfərli kəndlərinin və Ermənistan SSR-in Şəmşəddil rayonun Ayqedzor kolxozunun istifadə etdiyi torpaqların bilavasitə yaxınlığından keçməsinin gələcəkdə arzuolunmaz insidentə gətirib çıxara biləcəyini nəzərə alaraq, respublika sərhədlərinin Qaravəllər kəndinin şimal-qərb hissəsindən və Məmmədcəfəli kəndinin qərb hissəsindən 46 hektar torpaq sahəsi müvəqqəti olaraq Gədəbəy rayonunun Kalinin adına kolxozuna verilsin. Gədəbəy rayonunun kolxozlarının hazırda istifadə etdiyi Ceyrançöl massivindən 100 hektara qədər qış otlağı müvəqqəti olaraq Şəmşəddil rayonunun Ayqedzor kolxozuna verilsin. Ermənistan SSR və Azərbaycan SSR Nazirlər Sovetlərinə tapşırılsın ki, bir ay ərzində qeyd edilən Gədəbəy rayonunun Kalinin adına kolxozu və Şəmşəddil rayonunun Ayqedzor kolxozu arasında torpaq ayırmalarını rəsmiləşdirsin.
- Gələcək insidentlərin aradan qaldırılması üçün respublika sərhədi yaxınlığında inşa edilmiş Ermənistan SSR Şəmşəddil rayonu Ayqedzor kolxozunun mal-qara ağılı Tağlar kəndi köçürüləndən sonra hazırda onun sakinlərinin istifadə etdiyi meşə sahəsinə köçürülsün.
Tibb Universitetində müəmmalı qətl
Lakin bir sıra müvəqqəti addımların atılmasına baxmayaraq bu məsələlərin müzakirəsi 1983-1984-cü illərə qədər uzandı. 1983-cü ildə Ermənistan SSR Nazirlər Soveti sədrinin müavini Movsesiyanın SSRI Nazirlər Sovetinə və 1984-cü ilin fevralında Ermənistan Kənd Təsərrüfatı nazirinin müavini Sadoyanın SSRI Kənd Təsərrüfatı nazirliyinə şikayətlərindən sonra SSRI Nazirlər Soveti sədrinin müavini Ziya Nuriyevin tapşırığı ilə məsələ yenidən gündəliyə gəldi və bu da respublikanın Ermənisanla sərhəd olan Qazax rayonunda ciddi sərhəd münaqişəsinə, hətta 19830cü ilin yazında Azərbaycan hökumətinin yüksək vəzifəli şəxslərinin yerli əhali tərəfindən döyülməsinə gətirib çıxardı. Bununla bağlı Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Şamil Rəsizadə 1983-cü ilin dekabr ayının 22-də və 1984-cü ilin mart ayının 6-da Azərbaycan KP MK-ya məlumat hazırlamışdı. Hər iki məlumatın üzərində MK-nın birinci katibi Kamran Bağırovun dərkənarı vardır.
1968-ci ilin yayında Azərbaycan komsomolunun keçmiş birinci katibi Məsud Əlizadənin prorektor işlədiyi Nərimanov adına Tibb Institutunda öz iş otağında qətlə yetrilməsi əhali arasında çoxlu söz-söhbətin və şayiələrin yayılmasına səbəb olmuşdu. Məsud Əlizadə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin, 1944-cü ildə Qafqaz Müsəlmanları Ruhani Idarəsi bərpa olunduqdan sonra 1944-1954-cü illərdə Qafqazın VIII Şeyxülislamı olmuş Axund Ağa Əlizadənin nəvəsi idi. 1956-cı ildə Tibb Institutunu bitirdikdən sonra həmin institutda komsomol komitəsinin katibi işləyən Əlizadə 1959-cu ildə Nazirlər Sovetinin sədri işləyən Vəli Axundovun təqdimatı ilə 27 yaşında Nazirlər Sovetinin mədəniyyət şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdi. Vəli Axundov respublika partiya təşkilatının birinci katibi olandan az sonra, 1960-cı ilin fevralında Məsud Əlizadəni Azərbaycan komsomolunun birinci katibi vəzifəsinə irəli çəkdi. 1960-cı ilin fevral ayının 10-da Moskvadan gələn SSRI komsomolunun katibi V.Mironenko və Ümumittifaq gənclər təşkilatının təşkilat işləri üzrə məsul nümayəndəsi V.Mironovun iştirakı, Vəli Axundovun sədrliyi ilə keçirilən Azərbaycan komsomolunun birinci plenumunda Məsud Əlizadə birinci, Viktor Popov ikinci, Sərvər Aslanov üçüncü, Rəhilə Rəhimova isə dördüncü katib seçilmişdilər. Elə həmin iclasda yeni seçilən katiblik daxil olmaqla, Bakı Hava Hücumundan müdafiə dairəsinin siyasi şöbəsinin rəisi Boçenkov, Azərbaycan idman cəmiyyətinin sədri Isgəndərov, “Azərbaycan gəncləri” qəzetinin redaktoru Cəmil Əlibəyov, Bakı şəhər komsomol təşkilatının birinci katibi Şerbakov, Naxçıvan vilayət komsomolunun birinci katibi Şəfiyev, Dağlıq Qarabağ vilayət komsomolunun birinci katibi Xaçaturov və Politexnik institutunun komsomol komitəsinin katibi Əliyevdən ibarət Azərbaycan komsomolu Mərkəzi Komitəsinin Bürosu formalaşdırıldı. Məsud Əlizadə çalışqan adam idi. Qısa müddətdə o, Mərkəzin və respublika rəhbərliyinin etimadını doğrultdu, Sovet kommunist partiyası üçün kadr bazası rolunu oynayan SSRI gənclər təşkilatının rəhbərliyi və aparatı ilə yaxşı əlaqələr yarada bildi. Həmin vaxt Vəli Axundovun dəstəyi ilə Məsud Əlizadə Azərbaycan gənclər təşkilatının mərkəzi aparatında və Bakı komitəsində həlledici postları tutan bir sıra erməniləri tədricən vəzifələrdən uzaqlaşdıra bildi. O, daha çox Azərbaycanın rayonlarından gələn gənclərin komsomolun mərkəzi aparatında yerləşdirməyə üstünlük verirdi. Bununla bağlı işdən uzaqlaşdırılan ermənilər ondan Sovet komsomolunun və dövlətinin rəhbərliyinə şikayət məktubları yazırdılar. 1966-cı ilin martında Məsud Əlizadə Azərbaycan komsomolunun birinci katibi vəzifəsindən azad edilib, Azərbaycan KP MK Bürosunun 2 aprel 1966-cı il qərarı ilə Nəriman Nərimanov adına Tibb Institutuna tədris işləri üzrə prorektor vəzifəsinə təyin edildi. Şübhəsiz ki, 6 il respublika gənclər təşkilatına rəhbərlik etmiş bir adam üçün bu elə də yüksək vəzifə deyildi. Ondan əvvəl Azərbaycan komsomoluna rəhbərlik etmiş Əbdürrəhman Vəzirov 1959-cu ildə SSRI komsomolunun mərkəzi aparatına dəvət edilmiş, 1959-1960-cı illərdə respublikanın birinci komsomolu A.Məmmədov isə Azərbaycan KP MK aparatına rəhbər işə qəbul edilmişdi.
Məsud Əlizadə Tibb Unistitutuna prorektor vəzifəsinə göndərilməsi çoxları üçün gözlənilməz oldu. Çünki 60-cı illərin ortalarında onun haqqında artıq açıq və gizli söz-söhbət yayılırdı və bu söz-söhbətin içərisində Əlizadənin gələcəkdə respublikanın birinci şəxsi ola biləcəyi də istisna edilmirdi. Xüsusilə, vəzifədən getdikdən sonra onun Azərbaycan KP MK üzvlüyünə namizəd kimi saxlanması belə şayiələrin geniş yayılmasına rəvac verirdi. Belə bir şəraitdə Məsud Əlizadə 1968-ci ilin iyul ayının son günlərində günorta vaxtı müəmmalı şəkildə öz iş kabinetində güllələndi.
Maraqlı burasıdır ki, respublika hüquq mühafizə orqanlarının təcili əməliyyat-axtarış işlərinə başlansa da, bir sıra istintaq hərəkətlərinin aparılsa da, qatil tapılmadı və qətlin üstü açılmadı. Iyul ayının 29-da Azərbaycan KP MK Bürosu toplanıb Məsud Əlizadənin dəfni ilə bağlı partiya və hökumətin birgə qərarını qəbul etdi. Azərbaycan KP MK-nın ikinci katibi Sergey Kozlov və Nazirlər Sovetinin sədri Ənvər Əlixanovun hazırladıqları qərada Əlizadənin dəfnini təşkil etmək üçün komissiyanın yaradılması təklif edilirdi. Büronun qərarı ilə K.Hüseynov dəfn komissiyasının sədri, R.Abdullayev, S.Cabbarov, E.Əlizadə, X.Həsənov, F.Vəkilov, S.Mustafayev və A.Məmmədov isə komissiyanın üzvləri təsdiq edildilər. Büro qərar aldı ki, Məsud Əlizadə Fəxri Xiyabanda dəfn edilsin və onun dəfn xərcləri dövlət hesabına ödənilsin.
(Ardı var)