Səriştəsizliyin yükünü niyə xalq çəkməlidir?
Korrupsiya cinayətləri, məmur özbaşınalığı, seçki saxtakarlıqları, qondarma məhkəmə hökmləri və digər neqativ hallar yaşadığımz ölkədə normaya çevrilib. Ən dəhşətlisi isə budur ki, bu qədər açıq ifşadan sonra da hökumət səhvini etiraf etmir, ifşadan nəticə çıxarmır, ayıbına kor olmur, vətəndaşdan üzr istəmir, müsbət jestlər etmir. Bütün hallarda çalışırlar ki, vətəndaşa minnət qoysunlar, vətəndaşı bu zillətli vəziyyətə şükr etdirsinlər və bərbad idarəçiliyi dünyadakı böhranın, qlobal bəlaların üstünə atsınlar.
Məsələn, prezidentin köməkçisi Əli Həsənov deyib ki, dünyanın bütün ölkələrində iqtisadi böhran yaşanarkən, milli valyuta devalvasiyaya məruz qalarkən, ölkənin əsas valyuta mənbələri azalarkən və yaxud onların qiyməti aşağı düşərkən, yükün bir qismi əhalinin üzərinə düşür.
Bəli, Əli Həsənov xalqı inandırmağa çalışır ki, bütün ölkələrdə devalvasiyanın, iqtisadi böhranın yükü vətəndaşın çiyninə düşür. Vətəndaşa “milli valyuta sabit qalacaq” vədi verib, bir gecənin içində qarət ediblər, iri məmurlara məxsus banklar vətəndaşa ən yüksək faizlərlə kredit verirlər, vətəndaşa intihar həddinə çatıb və bütün bunları hökumət normal qiymətləndirir.
Əvvəla, Əli Həsənovun diqqətinə çatdırmaq istəyirik ki, Azərbaycanda devalvasiyanın vurduğu zərərin bir qismini deyil, bütövlükdə yükünü xalq çəkdi. Yəni banklarda pulu batan da, borcunun miqdarı artan da, qiymət artımına tuş gələn də, iş yerlərini itirən də, vətəndaş oldu. Amma iri məmurlara məxsus banklar devalvasiyadan mənfəətlə çıxdı. Əhaliyə müxtəlif güzəşt vədləri verilsə də, heç birinə əməl edilmədi. Yəni dünyadan fərqli olaraq Azərbaycanda xeyiri hökumətin, zərər xalqın belin əyükləndi.
Ikincisi, prezidentin köməkçisinə xatırlatmaq istəyirik ki, Ukraynada, Qırğızıstanda, Qazaxıstanda devalvsiyanın zərərini dövlət öz üzərinə götürdü. Bu hökumətlər zərərin vətəndaşın çiyninə yüklənməsinin yolverilməz olduğunu bildirdilər. Hətta, Avropa ölkələrinin ianəsinə möhtac qalan Yunansıtanda da banka borcu olanlara güzəşt edildi. Hansıki, Azərbaycan hökumətinin güzəşt etmək imkanları daha böyük idi. Məsələn, Vatikanda xarabalıqların abadlaşdırılmasına, Fransada muzeylərin təmirinə, Londondakı ziyafətlərə xərclənən vəsaitlə devalvasiyanın vətəndaşa vurduğu zərəri ödəmək olardı. Avropa oyunlarına, Formula-1 yarışlarına xərclənən pullarla əhalinin yarısının borcunu bağlamaq olardı. Ofşorlara daşınmış pulların 10 faizi ilə də Azərbaycanın xarici borcunu ödəmək olardı. Demək istəyirik ki, hökumət istəsəydi nəinki dollarla krediti olanlara güzəşt edərdi, hətta ölkənin xarici borcunu da silərdi.
Neftin qiymətinin düşməsi neft ölkələrinə mənfi təsir etdi. Amma heç bir neft ölkəsində milli valyuta 100 faiz dəyər itirmədi, heç bir ölkədə 30-40 faiz qiymət artımı olmadı. Yəni ölkəmizin düşdüyü vəziyyət qlobal böhranla bağlı deyil, ümumiyyətlə, dünyada iqtisadi böhran yaşanmır və dünya bu mərhələni keçib. Sadəcə olaraq Azərbaycanda korrupsiya dövlət siyasətinə çevrilib və dövlətin potensialı bir qrup adamın şəxsi maraqlarına xidmət edir.
Niyə Beynəlxalq Bankın sağlamlaşdırılması üçün dövlət büdcəsindən 3 milyard kredit ayrılır, amma dollarla krediti olanlara 249 milyonluq güzəşt edilmir? Çünki, Beynəlxalq Bank özlərinə məxsusdur, xalqı isə özgə hesab edirlər.
Nə qədər ki, xalq öz haqqını tələb etməyəcək, o qədər də hakimiyyət bütün yükü xalqın çiyninə yükləyəcək.
Akif