Ben Kardin: “Təkcə günahsız insanları həbsdən buraxmaq yox, mətbuat, din, ifadə azadlıqları üçün münasib şərait yaratmaq lazımdır”
ABŞ Senatoru Bencamin Kardin “Amerikanın səsi” radiosuna müsahibədə Xədicə İsmayılın azadlığa buraxılmasından məmnun olduğunu bildirib. Eyni zamanda o, Xədicənin həbs edilməsinin əvvəlcədən düzgün olmadığını vurğulayıb və ona qarşı bütün məhdudiyyətlərin aradan qaldırılımasına çağırıb.
– Xədicə İsmayil həbsdən azad edilib. Ona qarşı bəzi ittihamlar aradan qaldırlıb, lakin hələ də şərti cəza və bəzi məhdudiyyətlər qalır. Baş verənlərə reaksiyanız?
– Öncə üzümü Xədicəyə tutub demək istəyirəm: Sənin ABŞ Senatındakı dostların olaraq ad gününü təbrik edirik! Biz məmnunuq ki, sən artıq həbsdə deyilsən. Eyni zamanda biz vurğulamaq istəyirik ki, bu qondarma ittihamlar altında sən heç vaxt həbsxanada olmamalıydın. Və indi də sənin bütün azadlıqların təmin olunmalıdır. Səfərlərinə heç bir məhdudiyyətlər qoyulmamalıdır.
Biz yenə də vurğulamaq istərdik ki, Xədicənin həbsi düzgün əməl deyildi. Belə ki, o, jurnalist olaraq öz peşə fəaliyyətini yerinə yetirirdi və bunun öhdəsindən də yaxşı gəlirdi. Onu həbs edən repressiv rejim idi. Onu həbsdə saxlamaq düzgün deyildi. Və indinin özündə ona qarşı məhdudiyyətləri saxlamaq düzgün deyil.
– Xədicə və anası Elmira xanım mediaya həbsxana qarşısındakı müsahibələrində beynəlxalq aləmin jurnalistin azadlığa buraxılması üçün göstərdiyi səylərə görə təşəkkür ediblər. Siz beynəlxalq səylərin bu sonucdakı rolunu necə dəyərləndirirsiniz?
– Biz beynəlxalq icitmaiyyətin Xədicə naminə bir araya gəlməsindən məmnunuq. İnsan haqları pozuntularına insan sifəti qoyduqda bu cür fəaliyyətlər baş verir, əməli işlər görülür. Bu, beynəlxalq əməkdaşlığın müsbət nümunəsi idi. İctimaiyyət göstərdi ki, Xədicənin həbsdə saxlanılması düzgün iş deyil. Mən bu işdə bizim, ABŞ Senatının oynadığı rolla fəxr edirəm. Bir çox kənar qruplar da bu istiqamətdə ciddi səylər göstərdilər. Bu, onu göstərir ki, biz bir yerdə işlədikdə, ortaya nəticə qoyulur.
– Siz Konqresdə nəzərdən keçirilən Qlobal Maqnitski Aktının təşəbbüskarısınız. Bu qanun haqda nə məlumat verə bilərsiniz?
– Bu qanun insan haqlarına hörmət barədədir. Bu, öz ölkələrində fundamental insan haqlarını pozan rejimləri cavabdeh tutmaq haqdadır. Və əgər onlar bunu etmirlərsə, onda beynəlxalq ictimaiyyət sanksiyalar tətbiq edəcək. Biz onların ölkəmizə gəlməsinə icazə verməyəcəyik, bank sistemlərimizdən istifadə etmələrinə imkan verməyəcəyik. O adamlar ki, insan haqarlını pozur, onlar cavabdeh tutulmalıdır. Onlar öz ölkələrində cavabdeh tutulmalıdır.
– Xədicə həbsdən buraxıldı. Lakin məhbəsdə çox sayda adamlar qalır ki, beynəlxalq hüquq təşkilatları onların siyasi motivlərlə həbs olunduqlarını bildirir. Siz bu haqda nə demək istərdiniz?
– Təəssüf ki, Xədicə kimi çox adam var ki, onlar hökumətləri tərəfindən yanlış olaraq həbs ediliblər, çünki onlar jurnalist fəaliyyəti ilə məşğul olurlar, öz fikirlərini ifadə etmək istəyirlər, korrupsiyanı aşkar etmək, ölkələrini daha güclü etmək istəyirlər. Bunlar elementar insan haqlarıdır. Təəssüf ki, bir çox adamlar bu hüquqdan yararlandıqlarına görə həbsə salınıblar. Bu, düzgün deyil. Biz bu hallardan hər birinə işıq salacağıq və hökumətləri lazımi addımlar atmağa həvəsləndirəcəyik. Təkcə günahsız insanları həbsdən buraxmaq yox, mətbuat, din, ifadə azadlıqları üçün münasib atmosfer və şərait yaratmaq lazımdır. Bunlar demokratik ölkələrin qəbul etməli olduğu dəyərlərdir.