elnurastanbeyli@gmail.com
Üç gün öncə siyasi məhbus Məmməd Ibrahimin məhkəməsində ona qarşı saxta, əldəqayırma ittihamların yeni şahid ifadələri ilə növbəti dəfə darmadağın olmasından sonra belə bir hadisə baş verib: Məmməd bəyin vəkili Yalçın Imanov məhkəmə və dövlət ittihamçısının vəsatətlərə formal yanaşdığını, məsələnin mahiyyətinə varmadıqlarını söyləyib, hakim də bərk qeyzlənib, Yalçın bəyin iradlarını “məhkəməyə hörmətsizlik” kimi qiymətləndirib, onun “intizam məsuliyyətinə cəlb olunması üçün Vəkillər Kollegiyasına müraciət barədə qərar qəbul edib”.
Bu nə deməkdir? Bu o deməkdir ki, qeyri-adi nəsə yaşanmasa, böyük ehtimalla Yalçın bəyi də siyasi məhbusların müdafiəsində fəal iştirakına görə cəzalandıracaqlar – vəkillikdən uzaqlaşdıracaqlar. Indiyədək bunun xeyli nümunəsi var. Həm adamları haqsız yerə, qondarma suçlamalarla, siyasi sifarişlə həbs edirlər, həm də onların vəkillərini gözümçıxdıya salır, vəkilliklərinə son verirlər. Başa düşüləndir: hazırladıqları ittihamlar o qədər saxta, o qədər gülünc, o qədər qondarmadır ki, elə bir-iki məhkəmə iclası ilə sabun köpüyü kimi dağılır, pis vəziyyətə düşürlər, acıqlarını vəkillərdən çıxırlar.
Indiyədək yaşanan bütün pisliklər, yamanlıqlar bir yana, Əliyev rejiminin yeganə suçu, cinayəti Azərbaycanı azad, çağdaş bir dünya ölkəsi kimi görmək olan, onu zülmün, Şərin caynağından xilas etməyə çalışan vicdanlı insanlara uydurduğu ittihamnamələr, bu cür adamlara qurulan formal, nəticəsi öncədən bəlli məhkəmələrin stenoqramları gələcəkdə misilsiz tarixi qaynaq rolunu oynayacaq, 21-ci əsrdə bu ölkədə hansı komediyaların yaşandığını, onun necə orta çağ bataqlığına sürükləndyini, inkvizasiyalar dövrünə qaytarıldığını aydın şəkildə gözlər önünə sərəcək.
Bütün bunlar öz yerində. Mənə gülməli gələn Məmməd Ibrahimin məhkəməsinin hakiminin vəkili “məhkəməyə hörmətsizlik”də qınaması oldu. Absurdu görürsünüzmü!
Əvvəla, əgər bu ölkədə hüquqa az-maz inam, hörmət qalıbsa, bunun səbəbi məhz Yalçın bəy kimi vicdanlı, ləyaqətli hüquqçulardır. Onlar ola bilsin, sifarişli məhkəmə hökmlərini dəyişdirə bilmirlər, amma rejimin repressiya aparatının düzüb-qoşduqları ittihamnamələri ifşa və darmadağın edərək müdafiə etdikləri adamların toplumun vicdanında və tarixin qarşısında suçsuzluğunu ortaya qoyurlar.
Ikincisi, dəhşətə baxın: hüququ ayaqlar altına alıb saxta, yalançı ədalət mühakiməsi düzəldirlər və istəyirlər hələ bir ona hörmət də edilsin, sayğı da göstərilsin!
Ümumiyyətlə, ölkəmizdə belə üzsüzlüklərlə tez-tez rastlaşırıq. Bir də görürsən hansısa xalqsız xalq şairi, xalqsız xalq yazıçısı Sovet dövründə bütün imtiyazlardan yararlanmasına, hər cür orden-medal almasına indi çıxıb tələb edir ki, camaat onu “dissident” kimi tanısın. Guya nə vaxtsa yazdığı hansısa misrada, yaxud cümlədə Ezop dili ilə, sətiraltı şəkildə imperiyanı qamçılayıbmış! Həyasızlığın dərəcəsinə baxın: həm həyatı boyu Sovet hakimiyyətinin səxavətindən, lütfkarlıqlarından faydalanıb, onun vintciyinə və təkərciyinə çevrilib, həm də istəyir indi hamı onu “qəhrəman” kimi qəbul etsin.
Bu yaxınlarda “cib müxalifəti” funksiyasını yerinə yetirən partiyalardan birinin sədrinin müsahibəsini gördüm, oxumağa həvəs və maraq olmadı, amma bir neçə cümlə gözümə sataşdı, ərinmədim oxudum, sonra da bilmədim, gülüm yoxsa ağlayım. Adam etiraf edirdi ki, hökumət uzun illər israfçılıqla məşğul olub, neft pullarını gərəksiz işlərə xərcləyib, artıq qənaət vaxtı yetişib, falan-filan. Əlbəttə, məntiqlə adamı alqışlamaq olardı ki, gec də olsa, həqiqəti başa düşüb, reallığı görüb. Amma necə alqışlayasan! Axı israfçılığın bir forması da elə onun özü kimilərə partiya düzəldib, maliyyələşdirməkdən, mənasız xərc çəkməkdən ibarət olub. Ancaq indi bu durub israfçılıqdan gileylənir. Hansı üzlə gileylənirsən? Ondansa üzünü hakimiyyətə tutub de ki, “daha bəsdir, mənim də pulumu kəsin, bir az da bu cür qənaət edin”. Yoxsa nə başlamısan, israfçılıq ordan gəldi, qənaət buradan getdi. Belə də üzsüzlük olar?!